Arxiv
30.01.2026 | Konfranslar, iclaslar
Lənkəran Regional Elmi Mərkəzində “Birinci Türkoloji Qurultayın ideyaları müasir şəraitdə uğurla gerçəkləşdirilir” mövzusunda elmi seminar keçirilib

Yanvarın 30-da AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Birinci Türkoloji Qurultayın ideyaları müasir şəraitdə uğurla gerçəkləşdirilir” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev iştirakçıları salamladıqdan sonra onları “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə tanış edib. Sərəncamda deyilir ki, 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.

Cəmil Quliyev sözünə davam edərək bildirib ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur.  Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.

Natiq Sərəncama istinadən qeyd edib ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Sonra Lənkəran rayonu Göyşaban kənd tam orta məktəbinin direktoru Münasib Nuriyevin “Qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunması” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, ana dilimizin tədqiqi xüsusilə ötən əsrin ilk onilliklərindən başlayaraq bilavasitə diqqət mərkəzində olub. Həmin dövrdə Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Cavad Axundzadə, Xalid Səid Xocayev və digərlərinin dilimizin qrammatikasına dair bir çox tədqiqatları işıq üzü görüb. 1926-cı ildə Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi ölkəmizdə dilçilik sahəsində əldə olunan nailiyyətlərin məntiqi davamı kimi yeni-yeni tədqiqatların meydana çıxmasına təkan verib.

Xalqımızın və dövlətçiliyimizin tarixində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dönəmlərdə ana dilinə böyük qayğı və diqqət göstərdiyini xüsusi vurğulayan natiq onun hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının ən ümdə tərkib hissəsinin dil siyasəti olduğunu söyləyib: “Məhz bu siyasətin nəticəsi idi ki, 1970-ci illərdə Azərbaycan dilinin tarixi intensiv şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz Ulu Öndərin təşəbbüsü ilə milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirilərək respublikanın Dövlət mükafatına layiq görülmüşdür”.

Münasib Nuriyev Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan dilinin həm ictimai-siyasi, həm də elmi-mədəni həyatımızda rəsmi dil kimi oynadığı müstəsna rolundan, müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasından, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli Fərmanla ədəbi dilimizin fəaliyyət meydanının daha da genişləndirilməsindən, ümumilikdə dil mədəniyyətimizin qarşısında yeni imkanların açılmasından və s. məsələlərdən ətraflı söz açıb.

Məruzəçi əlavə edib ki, müstəqilliyin bərpasından sonra yenidən latın qrafikalı əlifbaya keçilsə də, bu prosesin tam şəkildə həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Məhz onun 2001-ci ildə imzaladağı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilması haqqında” fərmanlarla latın qrafikalı əlifbaya keçid tam başa çatdı. Ulu Öndər tərəfindən dövlət dilimizə göstərilən diqqət və qayğıdan danışan məruzəçi hazırda bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncama əsasən, latın qrafikalı yeni əlifba ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin kütləvi çap olunaraq istifadəyə verilməsinin milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olduğunu bildirib.

Daha sonra Lənkəran REM-in Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri  Sərraf Talıbov “Birinci Türkoloji Qurultayı: türk mədəni birliyinin təsisi və müasir inteqrasiya yolu” mövzusunda məruzə edib. Qeyd olunub ki, qurultayın keçirilməsindən 100  il  ötməsinə baxmayaraq,  bugünkü türkologiya sahəsi məhz həmin qurultayın başlatdığı irsi davam etdirir. Çağdaş türkoloji elmin əsasını qoyan Birinci Türkoloji Qurultayının türk ədəbi dili, əlifba, terminologiya, tarix və ədəbiyyat istiqamətlərində çoxşaxəli və nümunəvi bir başlanğıc kimi qiymətləndirildiyini söyləyən natiq  100-dən artıq iştirakçı, seçilmiş alim və mütəfəkkirin  gərgin zəhməti ilə keçirilmiş bu qurultayın XIX əsrdən etibarən ziyalılar tərəfindən həyata keçirilməsi planlaşdırılan maarifçilik hərəkatının zirvə nöqtəsini təşkil etdiyini diqqətə çatdırıb.

Məruşəçi 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində keçirilən Birinci Türkoloji Qurultayda  Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Başqırdıstan, Sibir, Çin, Almaniya, İran, Polşadan 130-dan çox alimin iştirak etdiyini, Qurultayın əsas məqsədlərinin türk dillərinin və ədəbiyyatlarının müqayisəli tədqiqi, ortaq əlifba - latın qrafikalı vahid türk əlifbasına keçid, terminologiya və tərcümə məsələlərinin müzakirəsi, türk xalqlarının mədəni irsinin qorunması və öyrənilməsi, türklər arasında elmi əməkdaşlığın gücləndirilməsi olduğunu bildirib.

Qurultayda ən böyük əhəmiyyət daşıyan məsələnin yeni əlifbaya keçid olduğunu deyən şöbə müdiri həmin dövrdə bir çox türk xalqının ərəb qrafikasından istifadə etdiyini, latın əlifbasının isə daha praktiki, elmi və müasir biliklərə çıxışı asanlaşdıran vasitə kimi qiymətləndirildiyini önə çəkib.

Sərraf  Talıbov  beynəlxalq elmi qurumlardan 20-dən çox rəsmi qonağın qatıldığı 17 iclasda türklərin, bütövlükdə türk dünyasının dilinə və tarixinə, etnogenezisinə və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzənin dinlənildiyini, səkkizgünlük tədbir çərçivəsində qaldırılan elmi problemlər barədə səsləndirilən məruzələrdə türk xalqlarının etnomədəni və elmi fəaliyyətlərinə nə qədər önəm verildiyinə diqqət yönəldib. 

Natiq əlavə edib ki, Qurultayın mədəni irsi müasir dövrdə aşağıdakı təşkilatlarda canlanır: Türk Dili Assosiasiyası (TDK), Türk Dövlətləri Mədəniyyət və İncəsənət Təşkilatı (TÜRKSOY), Türk Dövlətləri Universitetləri Birliyi, Türk Dili və Mədəniyyətini Tədqiqat Mərkəzi (TURKAM). Mədəni sahədə əsas nəticə ondan ibarətdir ki, TÜRKSOY, TDK və digər təşkilatlar vasitəsilə 200-dən çox mədəni layihə, 50-dən çox ortaq kitab və dərsliklər hazırlanıb, 1000-dən çox tələbə mübadiləsi həyata keçirilib.

Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni və elmi birliyinin ilk institusional ifadəsinə çevrildiyini bildirən məruzəçi 100 il sonra bu ideyanın “Türk Dövlətləri Təşkilatı” formasında real siyasi, mədəni və elmi institut halına gəldiyini, Qurultayın əlifba, terminologiya və əməkdaşlıq ideyalarının müasir dövrdə qanunla təsdiq olunduğunu, bunun XX əsrin ən uğurlu inteqrasiya prosesi olmaqla Azərbaycanın dünya türkoloji liderliyinin əsasını təşkil etdiyini vurğulayıb.

Lənkəran REM-in Qadınlar şurasının sədri Fəranə Mikayılova, Herontoloji tədqiqatlar şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova, Lənkəran Dövlət Universiteti Tarix və onun tədrisi metodikası kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Kamal Mahmudov və Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin ədəbi məsləhətçisi, pedaqoq-şair Ağamir Cavad çıxış edərək mövzu ilə bağlı fikirlərini söyləyib, rəy və mülahizələrini bölüşüblər.

Elmi seminarın işində iştirak edən Lənkəran Tibb Kollecinin bir qrup tələbəsinin sualları cavablandırılıb.

Kamal Mahmudov və Münasib Nuriyevə tədbirdə fəal iştirak etdiklərinə görə Lənkəran Regional Elmi Mərkəzinin Fəxri fərmanları təqdim olunub.

Tədbiri yekunlaşdıran Cəmil Quliyev Lənkəran Dövlət Universiteti, Lənkəran Tibb Kolleci və Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyinə, iştirakçılara və qonaqlara minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.