Dekabrın 26-da AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Müstəqillik dövrü nəsrinin dünya ədəbiyyatı prosesində inteqrasiya problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev mövzu ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin bütün sahələrində olduğu kimi, ədəbi-mədəni sahədə də köklü dəyişikliklər baş verib. Nəsr sahəsində də yeni-yeni əsərlər yaranıb. Lakin bu əsərlərin dünya arenasına çıxması bir sıra problemlərlə qarşılaşır. Bugünkü tədbirimiz də həmin problemlərin araşdırılmasına həsr olunub.
Mərkəzin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov “Müstəqillik dövrü nəsrinin dünya ədəbiyyatı prosesində inteqrasiya problemləri” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə müstəqillik dövrü nəsrinin dünya ədəbiyyatına prosesinə inteqrasiya problemləri ətraflı şərh edilərək indiyədək bu sahədə həyata keçirilən tədbirlər, görüləcək işlər barədə ətraflı məlumat verilib.
Məruzəçi qeyd edib ki, XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ölkənin ictimai-siyasi həyatında olduğu kimi, ədəbi-mədəni proseslərində də köklü dəyişikliklərə səbəb olub. Sovet ideologiyasının təsirindən azad olan milli ədəbiyyat yeni mövzu, janr və poetik axtarışlar mərhələsinə qədəm qoyub. Əsas xüsusiyyətləri Qarabağ müharibəsi, milli kimlik axtarışları, yeni bədii düşüncə, tarixi reallıqların əks olunması və xalqın ağrı-acısının təsviri olub. İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Rüstəmxanlı, Sabir Əhmədov, Fərman Kərimzadə, Yaşar Qarayev, Kamal Abdulla, Vilayət Quliyev, Aqil Abbas və başqaları bu dövrün tanınmış ədəbi simalarıdır. Sərraf Talıbov əlavə edib ki, müstəqillik dövrü nəsrinin dünya ədəbiyyatı prosesinə inteqrasiyası yalnız estetik uyğunluqla məhdudlaşmır. Bu prosesə əsərlərin xarici dillərə tərcüməsi, beynəlxalq ədəbi mühitdə tanıdılması, ədəbi festivallarda və akademik tədqiqatlarda yer alması daxildir. Azərbaycan nəsrinin inteqrasiyası məsələsi də məhz bu çoxşaxəli kontekstdə araşdırılmalıdır.
Mərkəzin əməkdaşlarından Ağamir Cavadov, Fəranə Mikayılova, Elmar Hüseynzadə, Nəzrin Əlizadə, İsaq Məmmədov və başqaları çıxış edərək mövzu ilə bağlı rəy və mülahizələrini söyləyib, fikir mübadiləsi aparıblar.
Mərkəzin direktor vəzifəsini icra edən Cəmil Quliyev maraqlı diskussiya şəraitində keçən dəyirmi masanı yekunlaşdıraraq iştirakçılara təşəkkürünü bildirib.