Arxiv
25.06.2025 | Konfranslar, iclaslar
AMEA Lənkəran Regional Elmi Mərkəzində “Qərbi Azərbaycan – əzəli yurdumuz” mövzusunda elmi seminar keçirilib
İyunun 25-də AMEA Lənkəran Regional Elmi Mərkəzi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran-Astara nümayəndəliyi ilə birgə “Qərbi Azərbaycan - əzəli yurdumuz” mövzusunda elmi seminar keçirilib. Əvvəlcə qonaqlar və tədbir iştirakçıları Mərkəzin foyesində şəhid Mahsun Bağırzadənin xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Seminarı giriş sözü ilə açan Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Qaraxan oğlu Əliyev qonaqları salamladıqdan, gündəlikdə duran məsələlərlə iştirakçıları tanış etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Direktor 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra qeyd edib ki, Qərbi Zəngəzur Azərbaycan xalqının tarixi yaddaşı və milli kimliyinin ayrılmaz hissəsidir. Bu ərazi minilliklər boyu Azərbaycanın tərkibində olub və zəngin mədəni irsə, tarixi abidələrə və çoxəsrlik yaşayış məskənlərinə malikdir. Qərbi Zəngəzur məsələsi ədalət və fundamental insan hüquqları məsələsidir. Azərbaycan xalqının bu tarixi torpaqlara qayıtmaq hüququ həm beynəlxalq hüquq normaları, həm də tarixi faktlarla təsdiqlənir. Ermənistanın tarixi saxtalaşdırmaq və reallıqları təhrif etmək cəhdlərinə qarşı mübarizə aparmaq üçün Azərbaycanın elmi, siyasi və ictimai qüvvələri birgə və ardıcıl fəaliyyət göstərir. Tarixi ədalət gec-tez öz yerini tapacaq - Qərbi Zəngəzur Azərbaycanın əzəli torpağı kimi tanınacaq və onun sakinləri öz dədə-baba yurdlarına qayıdacaqlar! Məruzələrdən əvvəl Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə 8 noyabr 2022-ci il tarixdə Şuşada hərbçilərlə birlikdə keçirilən tədbirdə söylədiyi nitqi səslənib.
Sonra “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu “Qərbi Azərbaycan: Unudulmayan yurdun tarixi”, Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran-Astara nümayəndəliyinin rəhbəri Famil Məmmədov “Qərbi Azərbaycana qayıdış hərəkatında gənclərin rolu”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin əməkdaşı Emin Həmidlinin “Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət” mövzularında məruzələri dinlənilib. Natiqlər vurğulayıblar ki, Qərbi Zəngəzurun Azərbaycan torpağı olduğunu sübut edən çoxsaylı tarixi, arxeoloji və siyasi faktlar mövcuddur. Arxeoloji qazıntılar zamanı aşkarlanan qədim kurqanlar, daş kitabələr, məbədlər və yaşayış yerləri bu torpaqların Azərbaycan xalqına aid olduğunu göstərir. İslamdan əvvəlki dövrlərdə bu ərazilərdə türk tayfalarının yaşadıqları məlumdur. Orta əsrlərdə isə Qərbi Zəngəzur Naxçıvan, Qarabağ və İrəvan xanlıqlarının mühüm hissəsi olmuşdur.
Elmi seminarın işində fəal iştirak etdiklərinə görə Hacı Nərimanoğlu və Famil Məmmədov Lənkəran REM-in Fəxri Fərmanı ilə təltif olunublar. Tədbiri yekunlaşdıran Mehman Əliyev qonaqlara, könüllülərə - gənclərə və iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.