Arxiv
29.07.2025 | Konfranslar, iclaslar
Lənkəran Regional Elmi Mərkəzində elmi seminar keçirilib

AMEA Lənkəran Regional Elmi Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş “Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən!” mövzusunda elmi seminar keçirilib.

Tədbirə moderatorluq edən Mərkəzin əməkdaşı İltifat Əhmədov iştirakçıları Lənkəran REM-in direktoru Mehman Əliyevin adından salamladıqdan sonra onları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə tanış edib. Bildirib ki, 2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sadiqlik hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.

Sonra Lənkəran REM-in Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin əməkdaşı Ağamir Cavadov “Bəxtiyar Vahabzadə yaradıcılığında fəlsəfi düşüncə tərzi”, həmin şöbənin müdiri Sərraf Talıbov “Bəxtiyar Vahabzadənin vətəndaşlıq `poeziyası və onun Cənub ardıcılları” və Tarix, arxeologiya və etnologiya şöbəsinin əməkdaşı İltifat Əhmədovun “Professor Şirməmməd Hüseynovun Xalq şairi Bəxtiyar Vahabzadə haqqında xatirələri” mözvusunda məruzələri dinlənilib.

Natiqlər qeyd ediblər ki, XX əsr Azərbaycan poeziyasının ən parlaq ulduzlarından biri, poetik fikrin görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadə çoxşaxəli yaradıcılığında - istər publisistika, istər poeziya, istər dramaturgiya, istərsə də ədəbiyyatşünaslıq sahəsində öz sözünü ustalıqla deməklə geniş oxucu kütləsinin dərin məhəbbətini qazanmışdır. Mütəxəssislər B.Vahabzadə poeziyasını yüksək qiymətləndirmiş, onu “Düşüncə poeziyası”, “Düşündürən poeziya”, “Yaradan filosof şair”, “Narahat şair” adlandırmışlar. Vətəndaşlıq ruhlu əsərləri şairə geniş şöhrət qazandırmışdır. İstər bütöv vətən həsrəti, istər doğma ana dilinin gələcəyi üçün narahatlıq, istərsə də Qanlı Yanvar günlərində igid oğulların qəhrəmanlığına həsr etdiyi “Şəhidlər” kimi möhtəşəm poeması vətənpərvər şairi müasir Azərbaycan ədəbiyyatının öncülləri səviyyəsinə qaldırmışdır. Şairin “Vətənin keşiyində”, “Durnalar”, “Azərbaycan əsgəri”, “Hələ günahkarıq”, “Şəhid anası”, “Vətən” və adını çəkmədiyimiz onlarla şeiri vətəndaşlıq düşüncələrini özündə yaşadan məşhur əsərlərdir.

“Gülüstan” poemasında xalqımızın qarşılaşdığı ən böyük faciəni - Vətənimizin bölünməsini poetik şəkildə qələmə alan şair Azərbaycan xalqının dərd-sərindən, iki yüz ildən bəri davam edən ağrısı-acısından bəhs edir. Vətən və onun gələcəyi mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığında qırmızı xətt kimi keçir.

XX əsr Azərbaycan ədəbiyyatında B.Vahabzadə poeziyası həm öz müasirləri, həm də sonra gələnlər üçün mayak rolunu oynamışdır. Bu mayakdan yayılan işıq seli Cənub bölgəsi yazarlarına da təsirsiz ötüşməmişdir. Biz bunu təkcə formaca deyil, daha çox məzmunca bir çox əsərlərdə müşahidə edirik.

Cənub bölgəsinin tanınmış şairi Tofiq Həsənlinin yaradıcılığında Vətən, yurd sevgisinə, Qarabağa, şəhidlərə həsr olunmuş onlarla əsərinə rast gəlirik. Onun “Polad qalxanlara qələm çırpıram” kitabına daxil edilmiş “20 Yanvar gecəsi”, “Səngərin gülü bitmədi”, “Gedəcəyəm Qarabağa”, “Qurtar torpağını, Vətən əsgəri!”, “Vətən can”, “Vətən anamızdan əziz” və digər bu kimi şeirlərində görkəmli B.Vahabzadənin vətəndaşlıq ətirli şeirlərinin mehi duyulur.

Bölgənin digər tanınmış şairi Mehman Qaraxanoğlunun “Uzat əllərini” kitabına daxil etdiyi bir çox şeirlərində daha çox B.Vahabzadə ilə ruhi bağlılığı görmək mümkündür. M.Qaraxanoğlunun “Qanlı Yanvar” poeması, adından göründüyü kimi, Yanvar hadisələrinə həsr olunmuşdur. Bu əsərdə də B.Vahabzadənin “Şəhidlər” poeması ilə bir-birinə bağlı görünməz tellər vardır.

Şair Ağamir Cavad B.Vahabzadə şeirlərinin, xüsusən də vətənpərvərlik ruhlu, fəlsəfi deyimləri ilə seçilən əsərlərinin onun yaradıcılığına ciddi təsir etdiyini qeyd etmişdir.

Cənub bölgəsindən olan digər şair Xanlar Həmidin “Vətən”, “Ay Vətən oğlu”, “Lerikdən başlanır”, “Lənkəran” və digər şeirlərində Vətən torpağına sonsuz məhəbbət duyğuları ifadə olunur.

Bu siyahını uzatmaq da olar. Bəxtiyar Vahabzadənin vətəndaşlıq ruhlu poeziyasının işartılarını Mirhaşım Talışlı, Aliyə Seyidqızı, Balayar Sadiq, Elşad Səfərli, Ziyafət, Qorxmaz Kadusi, Arif Fərzəli, Şahverən Cavad, İlham İlhami, Əhməd Haqsevər, Ziya Dilsuz və digər şairlərin yaradıcılığında görmək mümkündür.

Məruzələr ətrafında müzakirələrdə şair, Prezident mükafatçısı Əhməd Haqsevər, Lənkəran REM-in əməkdaşlarından Fəranə Mikayılova, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov və başqaları çıxış edərək Bəxtiyar Vahabzadə yaradıcılığı barədə fikirlərini söyləyib, şairin şeirlərindən nümunələr səsləndiriblər.