
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə “Bəxtiyar Vahabzadənin vətəndaşlıq poeziyasının region yazarları yaradıcılığına təsiri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Qaraxan oğlu Əliyev əvvəlcə dövlət başçısının “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamı ilə iştirakçıları tanış edib.
“Biz o fikirdə deyilik ki, Bəxtiyar Vahabzadənin vətənpərvərlik mövzusunda yazdığı şeirlər regionda yaşayan yazarların yaradıcılığına birbaşa təsir edir. Açığı, bu fikirdə olanlar da vardır. Bu, yanlış yanaşmadır. İlk növbədə, hər bir fərdin içərisində böyüdüyü ailə, təhsil aldığı məktəb və başlıcası mühiti onun gələcək taleyində mühüm rol oynayır. 30 ildən sonra Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi heç də təsadüfi deyildir. Əsas həqiqət odur ki, bu, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi və yumruğu, Ordu və Xalq birliyi sayəsində oldu. Bir həqiqət də ondan ibarətdir ki, torpaqlarımız düşmən tapdağı altında olarkən ailələrdə böyüyən uşaqlar o doğma yerləri unutmadılar, daha doğrusu, imkan verilmədi ki, onlar bunu unutsunlar. Nə ailə, nə məktəb, nə də içərisində olduqları mühit buna izn vermədi. Cənab Prezident İlham Əliyev çıxışlarının birində haqlı olaraq qeyd etdi ki, məhz mənim dövrümün uşaqları Qarabağı azad etdilər. Çünki bu uşaqlarda vətənpərvərlik hissləri pik nöqtəsində idi”, - deyə direktor bildirib.
Mehman Əliyev əlavə edib ki, Azərbaycanın böyük aydınlarından biri olan Bəxtiyar Vahabzadənin yaradıcılığında da Vətən mövzusu qırmızı xətt kimi keçir. Mirzə Fətəli Axundzadədən başlayıb Cümhuriyyətçi babalarımızda və Mirzə Cəlildə bütövləşib konkretləşən Dil-Millət-Vətən triadası yeni dövrdə yeni status qazandı. “Gülüstan” poeması da bu dövrdə yazıldı. Amma sovet rejimi fərqinə varmadı ki, həmin dalğa gec-tez hər bir azərbaycanlının şüuruna daxil olub mənəvi dünyasında zəlzələ effekti yaradacaq.
Mərkəzin əməkdaşlarından Sevinc Hüseynova, Sərraf Talıbov, Ağamir Cavadov, Nəzrin Əlizadə, İltifat Əhmədov, Cahani Nüsrətzadə, Cəmil Quliyev, Kamil Cabbarov, filoloq-şair Ziya Dilsuz, Lənkəran Dövlət Universiteti magistraturasının məzunu Peyman Caniyev, birinci kurs tələbəsi Elvin Qədirov çıxış edərək Bəxtiyar Vahabzadə yaradıcılığının müxtəlif sahələrinə dair rəy və mülahizələrini söyləyib, fikir mübadiləsi aparıblar.
Qeyd edilib ki, XX əsr Azərbaycan poeziyasının ən parlaq ulduzlarından biri, poetik fikrin görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadə çoxşaxəli yaradıcılığında - istər poeziya, istər publisistika, istər dramaturgiya, istərsə də ədəbiyyatşünaslıq sahəsində öz sözünü ustalıqla deməklə, geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Çağdaş ədəbiyyatımızda B.Vahabzadə poeziyası həm öz müasirləri, həm də sonra gələnlər üçün mayak rolunu oynamışdır. Bu mayakdan yayılan işıq seli Cənub bölgəsi yazarlarına da təsirsiz ötüşməmişdir. Biz bunu təkcə formaca deyil, daha çox məzmunca bir çox əsərlərdə müşahidə edirik. Regionun tanınmış şairlərindən Tofiq Həsənlinin “Polad qalxanlara qələm çırpıram” kitabına daxil edilmiş “20 Yanvar gecəsi”, “Səngərin gülü bitmədi”, “Gedəcəyəm Qarabağa”, “Qurtar torpağını, Vətən əsgəri!”, Mehman Qaraxanoğlunun “Uzat əllərini” kitabına daxil edilmiş “Ağrı”, “Qanlı Yanvar” poemalarında, Ağamir Cavadın “Durnalar” şeirində, Baloğlan Cəlil, Tərlan Əbilov, Sərraf Talıb və digər bölgə yazarlarının şeirlərində B.Vahabzadənin vətəndaşlıq ətirli şeirlərinin mehi duyulur. Bu siyahını uzatmaq da olar. Bəxtiyar Vahabzadənin vətənpərvərlik ruhlu poeziyasının işartılarını Mirhaşım Talışlı, İltifat Saleh, Aqil Yaqub, Aliyə Seyidqızı, Elşad Səfərli, Ziyafət Yəhya, Balayar Sadiq, Qorxmaz Kadusi, Arif Fərzəli, Şahverən Cavad, İlham İlhami, Ziya Dilsuz və digər şairlərin yaradıcılığında görmək mümkündür.
Mərkəzin direktoru Mehman Əliyev maraqlı diskussiya şəraitində keçən dəyirmi masanı yekunlaşdıraraq iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.