
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin mühüm qanunvericilik bazasıdır” mövzusunda elmi seminar keçirilib.
Əvvəlcə qonaqlar Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə qərənfillər düzüblər.
Sonra qonaqlar Lənkəran REM-in foyesində şəhid Mahsun Bağırzadənin xatirə guşəsi önünə gül dəstələri qoyublar.
Elmi seminarı giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev qonaqları tədbir iştirakçılarına təqdim etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Direktor çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycana tarixi qələbələr qazandırıb. Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü ilin 15 iyunundan bizi 32 illik zaman ayırır. Bu Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafının təməlləri qoyuldu. Artıq xalqımız 5 ildir ki, Milli Qurtuluş Gününü qalib xalq kimi qürur hissi ilə qeyd edir. Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə suverenliyimiz tam bərpa olunub.
Sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri Elxan Süleymanov “Konstitusiya və Suverenlik İli: hüquqi perspektivlər” mövzusunda məruzə edib. Vurğulayıb ki, öncə bu ilin nə üçün “Konstitusiya və Suverenlik İli” elan olunmasına nəzər salsaq, görərik ki, sözügedən Sərəncamın mətnində də deyildiyi kimi, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideyalarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Azərbaycanda Konstitusiyanın inkişafı tarixinə nəzər salsaq, Azərbaycan Demokratik Cümhuriyyəti 28 may 1918-ci ildə Tiflisdə özünün “İstiqlaliyyət Bəyannaməsi”ni qəbul etmiş, lakin həmin dövrdə Konstitusiya qəbul olunmamışdır. ADR-in süqutundan sonra 28 aprel 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmuş və 18 oktyabr 1991-ci ilə kimi SSRİ-nin tərkibində olmaqla müxtəlif vaxtlarda özünün konstitusiyalarını qəbul etmişdir. Beləliklə, Azərbaycan SSR-in ilk konstitusiyası 1921-ci ildə, bundan sonra 14 mart 1925-ci ildə, 14 mart 1937, 21 aprel 1978-ci illərdə qəbul olunmuşdur. 18 oktyabr 1918-ci il tarixdə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuş, həmin konstitusiya aktına görə Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi elan edilmişdir. Həmin Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, bu və ya digər səbəblərdən mümkün olmamış, yalnız 1993-cü ildə Ulu Öndərin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranmışdır.
Beləliklə, Ümummilli Liderin bilavasitə sədrliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmış və hazırlanmış konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş, noyabrın 27-də qüvvəyə minmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Elxan Süleymanov əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir. Beləliklə, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Məhz Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Məruzəçi sonda elmi seminarın iştirakçılarının suallarını cavablandırıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Esmira Məmmədova “İnsan hüquq və azadlıqları, vəzifələri, ədalət mühakiməsinin həyata keçirilməsi prosesi” mövzusunda məruzəsində bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycanı Qurtuluşdan Zəfərə aparan möhtəşəm dövr kimi tarixə əbədi həkk olundu.
Dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərdən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yerdədir, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan artıq öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır. Ümummilli Liderin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası günüdür” və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin əməkdaşı Emin Həmidlinin “Milli Qurtuluş Günü müasir gəncliyin milli-mənəvi inkişafının başlanğıc tarixidir” mövzularında məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.
Sonra Mərkəzin 3 əməkdaşına – Aqil Həsənova, Çinarə Rzayeva və Elnarə Şahmarovaya Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük bileti təqdim edilib.
Sonda xatirə şəkilləri çəkilib.