
AMEA Lənkəran Regional Elmi Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə “Üzeyir Hacıbəyli yaradıcılığında milli kimlik (identiklik) konsepsiyası” mövzusunda elmi seminar keçirilib.
Mərkəzin direktoru Mehman Əliyev tədbiri giriş sözü ilə açdıqdan sonra 27 Sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Direktor tədbir iştirakçılarını dövlət başçısının 3 fevral 2025-ci il tarixli “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə tanış etdikdən sonra bildirib ki, tarix səhnəsində hər bir xalqın varlığı milli kimliyi ilə səciyyələnir. Milli kimlik - identiklik çox dərin mətləbləri ifadə edən geniş bir termindir; o, təkcə ədəbiyyatı deyil, hər bir xalqa xas olan bütün gizli, aşkar, zahiri, batini, mənəvi, mədəni şifrələri özündə ehtiva edir. “Dədə Qorqud” eposu bu istiqamətdə möhtəşəm bir abidədir. Biz nümunə üçün yalnız “Salur Qazanın evinin yağmalanması” boyunu təhlilə cəlb etsək, milli kimliyimizin hansı qədimlikdən gəldiyini əyani şəkildə görə bilərik. Nizami, Xaqani, Nəsimi və Füzuli yaradıcılığı bizə milli kimliyimizin müstəsna kodlarını təqdim edir. XVI əsr Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmmədin Şərq klassik poeziyası nəhənglərinin əsərlərinə çəkdiyi miniatürlər rənglə sözün möhtəşəm vəhdətini göstərir. Biz buraya musiqini də əlavə edə bilərik. Ölkə Prezidentinin məlum sərəncamı ilə 140 illiyini qeyd etdiyimiz Üzeyir Hacıbəyli bu yöndə əvəzsiz örnək ola bilər. Bu dahi bəstəkarın gənclik illəri milli kimliyimizi dünyaya tanıtmaq üçün usanmadan mücadilə aparan qurucu babalarımızın - Cümhuriyyətçilərin dövrünə düşdüyündən və təbii ki, özü də cümhuriyyətçi olduğundan yaratdığı nə varsa, hamısı milli-mədəni kimliyimizi çox parlaq şəkildə göstərir.
Sonra Lənkəran REM-in Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin elmi işçisi Nəzrin Əlizadə “Üzeyir Hacıbəyli yaradıcılığında milli kimlik (identiklik) konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyov özündən sonra böyük və heç vaxt unudulmayacaq bir irs qoyub getmişdir. O, ilk gündən dövrü ilə bir cərgədə addımlamış, zamanın qabaqcıl çağırışları səviyyəsində dayanmağa, xalqının keçmişinə hörmət etməyə, onun milli ləyaqətini qorumağa, indisi və gələcəyi ilə yaşamağa başlamışdır. Üzeyir Hacıbəylinin yaradıcılığında milli kimlikdən danışdıqda, ilk növbədə, xəlqilik, xalq musiqisinin klassik Avropa üslubları ilə sintezi, musiqilərində xalq melodiyalarından istifadə olunması, eləcə də kütləvi mahnılar, xalq çalğı alətləri orkestri üçün əsərlər yaratması ilə özünü göstərir. Dahi bəstəkarın bir çox əsərlərində, xüsusən də məqalə, oçerk, felyeton və satirik miniatürlərində milli kimlik ideyalarının işartılarını daha aydın sezə bilirik. Üzeyir Hacıbəylinin böyüklüyünü, xalqa yaxınlığını isbat edən cəhətlərindən ən başlıcası onun xalq musiqisindən yararlanmağı, nəhəng əsərlərini milli köklər üzərində, xalqın ruhunu özündə daşıyan melodiyalardan istifadə etməklə yaratması olmuşdur.
Daha sonra Mərkəzin Tarix, arxeologiya və etnologiya şöbəsinin əməkdaşı İltifat Əhmədovun “Üzeyir Hacıbəyli diskursu: qaranlıqdan işığa” mövzusunda məruzəsi dinlənilib. Qeyd edib ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli öz millətini bütün qəlbi ilə sevirdi. O, millətinin inkişafı, tərəqqisi üçün əlindən gələni etməyə çalışır, bunu felyetonlarında xüsusi istedadla əks etdirirdi. Cəhalət adamların əl-qolunu bağladıqca, Üzeyir bəyin əsərləri qaranlığa işıq saçır və bu işıq gündən-günə böyüyürdü. Dahi bəstəkarın “Aləm şair oldu”, “Danaları kim otaracaq?”, “Bülbülümüzdə həvəs yoxdu, qarğamızda səs”, “Acından yox, acığından ölənlər...” və s. adlı felyetonlarının mövzuları nə qədər müasir, qaldırdığı problemlərin nə qədər aktual olduğu bir daha gözlərimiz önünə gəlir. Azərbaycanda felyeton janrının təşəkkülündə müstəsna rolu olan Üzeyir Hacıbəyli bu janrı həm forma, həm də məzmun baxımından inkişaf etdirən ədiblərimizdəndir. O bu yazılarında dövrün, cəmiyyətin qüsurlarını böyük ustalıqla oxucuların nəzərinə çatdırırdı.
Elmi seminarda qonaq qismində iştirak edən, Lənkəran Musiqi Texnikumunun sabiq direktoru, musiqişünas Fikrət Kərimli çıxışında vurğulayıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəmizi unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərq və Qərb musiqi nailiyyətlərini sintez edərək, nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır.
Lənkəran Dövlət Dram Teatrının təqaüddə olan sabiq quruluşçu rəssamı, 80 yaşlı Məmmədyar Cəfərov deyib ki, keçən əsrin 90-cı illərinin ortalarında doğma teatrımızın səhnəsində quruluşçu rejissor, mərhum Baba Rzayevin tamaşaya qoyduğu “Olanlardan-keçənlərdən” komediyasının quruluşçu rəssamı olub. Həmin tamaşa televiziyanın “Qızıl fondu”na daxil edilib.
Sonra Məmmədyar Cəfərov Üzeyir Hacıbəylinin “Sənsiz” romansını xüsusi şövqlə canlı ifa edib və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Respublikanın Əməkdar mədəniyyət işçisi, təqaüdçü İbrahim Nəsirli qeyd edib ki, Üzeyir Hacıbəyli milli kimliyimizi dünyada tanıtdıran, sevdirən əsl xalq sənətkarı, dahi şəxsiyyətdir. O, əsərlərində xalq, aşıq musiqisindən ustalıqla istifadə edib. “Arşın mal alan” əsəri dünya opera sənətinin incilərindəndir. 1937-ci ildə yaratdığı “Koroğlu” operası dahi bəstəkarın yaradıcılıq zirvəsidir. Bu opera 1938-ci ildə Moskvada keçirilən Birinci Azərbaycan İncəsənəti ongünlüyündə böyük şöhrət qazanmışdı.
Lənkəran REM-in Tarix, arxeologiya və etnologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov diqqətə çatdırıb ki, Üzeyir bəy daha çox opera, konservatoriya təşkili və notlaşdırma işləri üçün müxtəlif bölgələrə, o cümlədən Lənkərana gəlmişdir. O, Qori Müəllimlər Seminariyasından tanıdığı, dostluq etdiyi Müslüm Maqomayevlə birlikdə əmək nəğmələrini, folklor nümunələrini toplamışdır. Hər iki müəllif birlikdə 300-dən çox xalq melodiyasını nota salıb sənədləşdirmişdir. Bu təşəbbüs milli musiqi irsinin sistematik toplanması və qorunmasında mühüm mərhələ hesab olunur.
Mərkəzin Herontoloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycanın simvollarındandır, müstəqil dövlətimizin, eyni zamanda, Sovet Azərbaycanının himninin bəstəkarıdır. Cümhuriyyətçilər ümmətdən millət yaratdılar. “Koroğlu” operası əsl xalq musiqi nümunəsidir. Bu operada Azərbaycan xalqının zülmə, əsarətə qarşı tarixi mübarizə ənənənləri, hünər və qəhrəmanlığı bütün əzəməti ilə əks olunmuşdur.
Mərkəzin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin əməkdaşı Ağamir Cavadov dahi sənətkarın publisist əsərlərindən, satirik hekayələrindən, dramaturgiyasından bəhs edərək, xalqın ağır mənəvi yükünü öz çiyinlərində ləyaqətlə daşıdığını bildirib, cəmiyyətdəki çatışmazlıqları, dövlət idarələrindəki özbaşınalıqları kəskin şəkildə tənqid etdiyini söyləyib, ölkədə kapitalist münasibətlərinin inkişafının milli-mənəvi dəyərlərə mənfi təsirini göstərmişdir.
Mərkəzin baş kitabxanaçısı Fəranə Mikayılova Üzeyir Hacıbəylinin ümumbəşəri bir sənətkar, milli kimlik örnəyi olmasından söz açaraq əsərlərinin qüdrətli təsir gücünü vurğulayıb.
Lənkəran ziyalısı, Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayının nümayəndəsi olmuş Miriqbal Kazımov Üzeyir Hacıbəylinin, eyni zamanda, parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr verdiyini, onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyətinin əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.
Mərkəzin əməkdaşı Kamil Cabbarov Avstriyanın paytaxtı Vyana şəhərindəki “Dünay Parki”nda dünyanın tanınmış musiqiçilərinin abidələri sırasında Üzeyir bəyin də abidəsinin olmasını qürurverici hadisə kimi diqqətə çatdırıb.
Elmi seminarı yekunlaşdıran Mehman Əliyev qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.