
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində milli mətbuatımızın 150 illiyi münasibətilə dəyirmi masa keçirilib.
Əvvəlcə bu yaxınlarda dünyasını dəyişən jurnalist, yazıçı-dramaturq Ağaddin Babayevin, I və II Qarabağ müharibələrində şəhid olan jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran REM-in direktoru Mehman Qaraxan oğlu Əliyev “Azəbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamı ilə iştirakçıları tanış edib.
Direktor bildirib ki, Milli Mətbuat Günü kimi qeyd etdiyimiz 22 iyul müstəqil Azərbaycan dövlətinin yaranması üçün ziyalıların xalqa gələcəklə bağlı fikirlərini çatdıran tribuna və ideoloji mərkəzinin yarandığı gün oldu. Şərqin ilk demokratik respublikasının ideoloji liderlərinin məhz mətbuatda yetişməsi bu baxımdan təsadüfi deyildi. Poetik şəkildə ifadə etsək, “Əkinçi” maarifləndirici nəşr olsa da, Azərbaycan xalqının şüuruna və ruhuna müstəqillik, demokratiya toxumu əkdi. Bu da gələcək milli intibahın əsasını yaratdı. Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncamında “Əkinçi”nin yaradıcısı, böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin adının öndə çəkilməsi məhz bu tarixi reallıqdan irəli gəlirdi. “Əkinçi”nin milli düşüncəmizə təsiri bugünümüzə qədər davam etməkdədir.
Azərbaycan Jurnalistlər Birliyi Lənkəran təşkilatının sədri Şəfahət Şəfi (Həsənov) qeyd edib ki, vətənpərvər, milli maraqlarımızı müdafiə edən mətbuatımız etibarlı informasiya mənbəyi kimi auditoriyanın istinad nöqtəsinə çevrilməyi bacardı. Eləcə də 44 günlük Vətən savaşında və antiterror əməliyyatında mediamız mühüm rol oynayaraq, həm ölkə daxilində xalqın ruh yüksəkliyini qorudu, həm də beynəlxalq aləmə haqq səsimizi çatdırmaqla informasiya müharibəsindən qalib ayrıldı. Hərbçilərimiz səngərdə ölüm-dirim müharibəsində torpaqlarımızı azad edərkən, ideoloji cəbhənin əsgərləri olan jurnalistlərimiz informasiya cəbhəsində düşmənə ağır zərbə vuraraq, haqlı olduğumuzu dünyaya çatdırdılar. Sübut etdilər ki, mətbuat təkcə xəbərin ünvanı və maarifçilik missiyasını üzərinə götürən tribuna deyil, eyni zamanda, haqqın və ədalətin carçısıdır.
Lənkəran REM-in Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin əməkdaşı Ağamir Cavadov deyib ki, böyük Zərdabi ilə başlanan və şərəfli bir inkişaf yolu keçən mətbuatımız 150 ildir Azərbaycanın səsinə, xalqın sözünə və milli kimliyimizin daşıyıcısına çevrilib. Mətbuatımız hər zaman bizi düşünüb, bizim üçün çalışıb və nəhayət, bizə arxalanıb. Necə ki, ötən əsrin əvvəllərində Mirzə Cəlil “Molla Nəsrəddin”lə xalqın dərd-sərini, acı gülüşündə gizlənən həqiqətləri qeyd etməklə bizi deyib gəlmişdi, Mirzə Ələkbər Sabir millətin maariflənməsi naminə qələmini, varlığını ortaya qoymuşdu. “Ömür vəfa etsəydi, sümüklərimi belə bu yolda çürüdərdim” deyən Sabir qələmi ilə yaşadı, xalq üçün yazdı, xalqa xidmət etdi.
Mərkəzin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov diqqətə çatdırıb ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk milli Konstitusiyada mətbuata xüsusi yer ayrıldı. Konstitusiyada qeyd olunub: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. Azad mətbuatın inkişafını demokratik cəmiyyətin əsası kimi görən dahi öndər 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə hesab olunur. Həmin Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi. Üstəlik, “Hərbi senzura yaradılması haqqında” 1992-ci il tarixli Fərman və “İnformasiya yayımı üzərində nəzarət haqqında” 1993-cü il 15 aprel tarixli Sərəncam ləğv edildi.
Mərkəzin Tarix, etnologiya və arxeologiya şöbəsinin əməkdaşı İltifat Əhmədov bu günlərdə yazıçı-publisist Hacı Etibar Əhədovun çapdan çıxan “Lənkəranın mətbuat salnaməsi” kitabı haqqında məlumat verərək vurğulayıb ki, Lənkəranda inqilaba qədər “Rəhbər”, “Rıbnoye delo”, “İzvestiya Muqanskoqo İspolnitelnoqo Komiteta”, “Hürriyyət” qəzetləri çap olunmuş və bunlar Lənkəran qəzasında ictimai-siyasi şüurun formalaşmasında əhəmiyyətli rol oynamışlar. Lənkəranda Azərbaycan dilində ilk çap edilən qəzet “Lətaif” olmuşdur. 1917-ci ildə nəşrə başlayan bu qəzet həftəlik vərəqə olmuş, “Məharət” qiraətxanasında buraxılmışdır. “Lətaif” 200 tirajla çap edilmiş, cəmi 6 nömrəsi çıxmışdır.
Müzakirələrdə əməkdaşlardan Cəmil Quliyev, Validə Seyfullayeva, Fəranə Mikayılova, İsaq Məmmədov, İdris Hüccətov, Aytac Baxşıyeva, Qüdrət Hüseynzadə və Kamil Cabbarov söyləyiblər ki, bu gün Azərbaycanın milli mətbuatı 150 illik yubileyini dövlət və xalqın birgə bayramına çevirməklə həm tarixi mirasına sahib çıxır, həm də gələcək nəsillərə örnək olacaq bir jurnalistika mədəniyyətini yaradır. Qarşıda duran vəzifə isə bu ənənəni qorumaq, inkişaf etdirmək və müasir dünyanın çağırışlarına uyğun şəkildə daha da gücləndirməkdir.
Mərkəzin direktoru yekun nitqində baş kitabxanaçı Fəranə Mikayılovanın sosial platformalarda aktivliyini, paylaşımlarının aktuallığını, kitaba olan sevgini ən ucqar dağ kəndlərinə qədər fədakarlıqla daşımasını nəzərə alıb onun Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunması məsələsinin müzakirə edilməsini bölmə sədri Şəfi Şəfaətdən xahiş edib.
Tədbirdə region mətbuatının inkişafındakı xidmətlərinə görə Şəfi Şəfaət, Sərraf Talıbov, Ağamir Cavadov və İltifat Əhmədov Lənkəran REM-in Fəxri fərmanı ilə təltif ediliblər.
Mehman Əliyev iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir