AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi

 

Azərbaycan Milli Elmlər Akademiyasının öndə gedən qurumlarından biri də Lənkəran Regional Elmi Mərkəzi AMEA Rəyasət Heyətinin 21 sentyabr 2005-ci il tarixli qərarı ilə yaradılmışdır.

Azərbaycan MEA Rəyasət Heyətinin qərarı ilə Lənkəran REM-nin yaradılmasında məqsəd Cənub-şərq bölgəsinin elmi-texniki potensialını daha da inkişaf etdirmək, nailiyyətlərini təbliğ etmək, sosial-iqtisadi inkişafa xidmət edən yeni biliklərin əldə olunmasına yönəlmiş fundamental və innovasiya xarakterli elmi-tədqiqat işlərinin təşkili və aparılması, regionun tarixini, mədəniyyətini, adət və ənənələrini öyrənmək, onun iqtisadiyyatı ilə bağlı problemlərin həlli ilə məşğul olmaq, elmi kadrlar hazırlamaq və s. işlərdən ibarətdir.

2015-ci ildən kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev Lənkəran REM-nə rəhbərlik edir.

2015-ci il 6 fevral tarixindən hal-hazıradək Lənkəran Regional Elmi Mərkəzinin normal fəaliyyət göstərməsi üçün ilk növbədə inzibati binanın müəyyənləşməsi məsələsi diqqət mərkəzində saxlanılmış və nəticəsi olaraq ancaq 01.07.2016-cı il tarixində bu məsələ müsbət həllini tapmış və inzibati bina hazırda Lənkəran şəhəri Ş.Axundov küçəsi 18 ünvanda yerləşir.

2016-cı il ərzində təşkilatda kadrların seçilməsi və yerləşdirilməsi məsələsinə ciddi baxılmış və bir neçə mütəxəssis işə qəbul edilmiş, yalnız bir şöbə “Çay və subtropik bitkilər şöbəsi” fəaliyyətə başlamışdır.

Bölgədə bitki örtüyünün zəngin olması, xüsusilə relikt və endemik bitki növlərinin, yabanı, xalq seleksiyasının əldə etdiyi sortların və habelə mədəni subtropik meyvə və texniki bitkilərin sort, forma, növ müxtəlifliklərinin vahid mərkəzdə toplanılması, onların qonşu xarici subtropik məntəqələrdən intraduksiya olunması, öyrənilməsi, seçilməsi, tətbiqi, başqa sözlə, bu bitkilərin genetik bankının yaradılması prioritet istiqamətlərdən sayılır.

         AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin gələcək fəaliyyət proqramında aqrar və digər sahələrindən olan Lənkəran-Astara bölgəsində çayçılığın dirçəldilməsi və inkişafını təmin etmək üçün bütün potensial imkanların araşdırılması, geniş fəaliyyət proqramının hazırlanması və həyata keçirilməsi məsələsi diqqət mərkəzindədir.

         24 may 2017-ci ildə Cənub-şərq bölgəsində arxeoloji tədqiqatların daha geniş miqyasda aparılması, region abidələrinin müasir elmi üsullarla fiksasiya, pasportlaşdırma və xəritələşdirilməsinin, həmçinin region abidələrinin monitorinqinin həyata keçirilməsi məqsədi ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində "Arxeologiya şöbəsi"  yaradılmışdır.

         Gələcəkdə Lənkəran Regional Elmi Mərkəzinin nəzdində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə arxeoloji, numizmatik fondun və açıq səma altında Arxeo-etnoqrafik muzeyin yaradılması istiqamətində işlərin aparılması nəzərdə tutulmuşdur.

    AMEA  Lənkəran REM elmi-tədqiqat işlərini müasir tələblər səviyyəsində qurmağa çalışır. Prof.F.Quliyevin rəhbərliyi altında elmi-tədqiqat işləri davam edir və bölgədə fermer təsərrüfatlarını maraqlandıran məsələlərə aydınlıq gətirilir və lazımi tövsiyələr verilir.

    AMEA Lənkəran REM 12 fevral 2018-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na  əsasən çay və sitrus bitkiçiliyi sahəsində elmi tədqiqatlarını daha geniş məcrada, müasir tələblər səviyəsində və başlıcası bu və digər subtropik meyvə, texniki bitkilərin genefondunu toplamaq, öyrənmək, qorumaq və zənginləşdirmək kimi mühüm məsələni qarşısına məqsəd qoymuşdur. Qısa müddətdə AMEA Lənkəran REM-i Azərbaycan ET Meyvəçilik və Çayçılıq institutunun Lənkəran filialı ilə birgə 4 yeni çay sortu əldə etmiş və cari ildə həmin sortlar dövlət reyestrində qeydə alınmışdır.

Yenicə rayonlaşdırılmış  “Fərmançay”,  “Lənkəran”,  “Fərmançay çəhrayı” və “Xəzər” sortlarının yaşıl yarpaq məhsuldarlığına görə müqayisəli öyrənilməsi göstərir ki,  nəzarət (“Azərbaycan-2 ”)  variantında  orta məhsuldarlıq  34,8  sen/ha  təşkil etdiyi  halda, yenicə rayonlaşdırılmış çay sortlarında  bu rəqəm cox, nəzarətə nisbətən  78,5-57,2 sen/ha və ya 70%-dən  yüksək olmuşdur. Sözsüz ki, bu göstərici  aqrotexniki qulluq işlərinin yaxşılaşması nəticəsində daha da yüksək  olacaqdır.
                Yaşıl yarpaq  və ondan hazırlanmış  quru çay məhsulunun da keyfiyyət göstəriciləri (tanin, ekstraktiv maddələrin miqdarı) ana kimi rayonlaşmış  “Azərbaycan-2”  (nəzarət) sortu ilə müqayisədə yeni yaradılmış və rayonlaşdırılmış “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay çəhrayı” sortlarında bu göstəricilər  böyük üstünlük təşkil edir.

Beləliklə, Lənkəran çay-sitrus bitkiləri filialında çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif forma və klonları üzərində aparılan elmi-tədqiqat işlərinin nəticəsində 2015-ci ildə üç forma və klon, 2016-cı ildə isə bir forma və klon Dövlət Sort Sınağına qəbul olunmuşdur. Hərtərəfli öyrənilmiş bu perspektiv klon və formalar təsərrüfat göstəricilərinə görə rayonlaşdırılmış çay seleksiya sortundan – nəzarət variantından (“Azərbaycan-2”) çox yüksək göstəricilərə malikdir. Gələcəkdə bu sortların artırılıb təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişafına imkan verəcəkdir.