
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat iclası keçirilib.
İclasa sədrlik edən Mərkəzin direktoru Mehman Əliyev giriş nitqində bildirib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi mərkəzlərinin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlarının müzakirəsini təmin etmək məqsədilə sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərlə bağlı dövlət başçısının 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi, AMEA-nın 80 illiyinin, Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin, eləcə də Seyid Əzim Şirvaninin 190 illik yubileyinin keçirilməsi haqqında sərəncamlarına əsasən Mərkəzdə 15-ə yaxın elmi konfrans və seminar təşkil edilib.
Belə ki, yanvarın 17-də AMEA-nın Naxçıvan və Gəncə Bölməsi, Gəncə Dövlət Universiteti, Şəki REM-i, Şərqşünaslıq İnstitutu, DQİDK-nin Lənkəran Regional Bölməsi əməkdaşlarının iştirakı ilə Zoom platforması üzərindən “Milli birlik və vətənpərvərlik simvoluna çevrilmiş 20 Yanvar” mövzusunda elmi konfrans keçirilib.
Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirdə akademiyanın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən gənc alimlər arasında elmi fəaliyyət sahəsində fərqləndiyinə görə Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Mirməhəmməd Babayev “İlin gənc alimi” fəxri diplomu ilə təltif edilib.
Martın 31-də Lənkəran REM-in əməkdaşı Cəmil Quliyev Baku TV-nin Mart soyqırımının 107-ci ildönümünə həsr olunmuş “Mart soyqırımına beynəlxalq hüquqi qiymət verilməyib” mövzusunda keçirilən verilişdə 1918-ci ildə Lənkəranda baş verən soyqırımla bağlı çıxış edib.
Aprelin 11-də AMEA-nın 80 illiyinə həsr olunmuş silsilə tədbirlərdən: “Regionun görkəmli alimləri: akademik Mirməmməd Cavadzadənin həyatı və elmi fəaliyyəti”nə həsr olunmuş elmi seminar, aprelin 18-də “Şeyx Zahid irsi: tarixdən gələn multikultural dəyərlər” adlı elmi konfrans, aprelin 25-də “Regionun görkəmli alimləri: Mirzə Rəhimov, Südeyf İmamverdiyev, İbrahim Quliyev və Rəşad Mahmudovun həyatı və elmi fəaliyyəti kontekstində” mövzusunda elmi seminar keçirilib.
Aprelin 29-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev və müstəqil Azərbaycan”, iyunun 13-də 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin mühüm qanunvericilik bazasıdır” mövzusunda elmi seminarlar keçirilib.
Mərkəzin elmi işçisi Qüdrət Hüseynzadə Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnsitutunun “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə fəlsəfə doktorluğu proqramına qəbul üçün sənədlərini təqdim edib və nəticələrini gözləyir. Elmi rəhbəri həmin institutun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Fayizi qızı Həşimova razılıq məktubunu göndərib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə Mərkəzin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev mayın 8-də Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual məsələləri: Yeni dövrün Azərbaycanı” mövzusunda keçirilən XVI beynəlxalq elmi konfransda “Dövlət müstəqilliyinin qorunmasında Heydər Əliyev siyasəti”, mayın 10-da Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən N saylı hərbi hissəsində “Heydər Əliyev siyasətində milli-mənəvi dəyərlər” və Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Azərbaycançılıq və suverenlik: Heydər Əliyev paradiqması” mövzusunda məruzə ilə çıxışlar edib.
Mayın 23-də Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Seyid Əzim Şirvaninin 190 illiyinə həsr olunmuş “Aləmdə səsim var mənim...” respublika elmi konfransında “Mirhaşım Müsafirin yaradıcılığında təxmis, təsdis və təcribənd” mövzusunda çıxış edib.
Herontoloji tədqiqatlar şöbəsinin əməkdaşları plan işlərinə uyğun olaraq Astara və Lənkəran şəhərlərində uzunömürlüləri tədqiq etmiş anket sorğusu aparmış və çəkilişləri yerinə yetirmişlər. Həmin çəkilişlər sosial şəbəkələrdə yayımlanmışdır.
Elmi Mərkəzin baş kitabxanaçısı Fəranə Mikayılova mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunan “Kitabxana-informasiya texnologiyaların inkişafında müasir tendensiyalar” mövzusunda IV Respublika elmi konfransında “Heydər Əliyev və kitab mədəniyyəti” mövzusunda məruzə edib.
Ümummilli Liderin 100 illiyi adına kitabxananın kitab fondunda hazırda 2911 (ötən il 1096) ədəd kitab vardır. Altı ay ərzində Akademiyanın müxtəlif müəssisələrindən 281 (ötən il 532) ədəd kitab hədiyyə edilib. Elektron formada 130 (ötən il 90) kitab qeydiyyata alınıb.
Mayın 27-də Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional İdarəsinin Lənkəran Dövlət Universitetində keçirdiyi əmək yarmarkasında Lənkəran Regional Elmi Mərkəzi də təmsil olunub.
İyunun 10-da Mərkəzin elmi işçisi Çinarə Rzayeva İctimai televiziyanın “Barlı bağ” verilişində çayçılıq haqqında müsahibə vermişdir.
Mehman Əliyev sonda diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura böyük qayıdışın təmin olunmasıdır. Öz tarixi dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın əzəli torpaqlarına, məcburi köçkünlərimizin öz doğma evlərinə qayıtması prosesi uğurla həyata keçirilir. Bu istiqamətdə görülən tədbirlər elmi fəaliyyət sahəsində də ciddi addımların atılmasını qarşıya vəzifə kimi qoyur. Son dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə aparılan islahatların mühüm istiqamətlərindən birini AMEA-da elmi prioritetlərin dövlətimizin milli maraqlarına uyğunlaşdırılaraq həyata keçirilməsi təşkil edir. Bu məqsədlə iyunun 25-də Mərkəzdə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi ilə birgə “Qərbi Azərbaycan - əzəli yurdumuz” mövzusunda elmi seminar keçirilib.
Sonra Mərkəzin elmi katibi Cəmil Quliyev 6 aylıq hesabat məruzəsi ilə çıxış edib. O, iclas iştirakçılarının nəzərinə çatdırıb ki, hazırda Mərkəzdə 2 istiqamət, 3 problem, 9 mövzu, 10 iş, 10 mərhələ üzrə elmi-tədqiqat işi aparılır.
Cari ildə Mərkəz əməkdaşlarının kütləvi informasiya vasitələrində (KİV) mütəmadi elmi çıxışları təşkil edilir.
Herontoloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova 1 tezis təqdim edib.
Çay və subtropik bitkilər şöbəsi üzrə Aqil Həsənovun 2 məqaləsi, İsaq Məmmədovun 1 məqaləsi, Çinarə Rzayevanın 2 məqaləsi, Mərdan Şirəliyevin 2 məqaləsi, İdris Hüccətovun 1 məqaləsi, Xalıqverdi Babayevin 6 tezis, 1 məqaləsi (1-i xaricdə), elmi işçi Mirməhəmməd Babayevin 2 tezisi (1-i xaricdə) çap olunub.
Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsi üzrə Sərraf Talıbovun 2 məqaləsi (xaricdə), Mehman Qaraxan oğlu Əliyevin 1 məqaləsi, laborant Fuad Hüseynovun 1 məqalə və 2 tezisi, baş kitabxanaçı Fəranə Mikayılovanın 1 tezisi çap olunub.
Tarix, arxeologiya və etnologiya şöbəsi üzrə Cəmil Quliyevin 1 monoqrafiya, 1 məqaləsi, Gözəl Əlizadənin 1 tezisi (xaricdə) dərc olunub.
Ümumilikdə 1 monoqrafiya, 22 tezis və məqalə (bunlardan 12 tezis respublika, 2 tezis xaricdə, 4 məqalə respublika, 4 məqalə xaricdə) nəşr edilib.
Cəmil Quliyev sonda vurğulayıb ki, Mərkəzin əməkdaşlarının ümumi fəaliyyətinə nəzər salıb, növbəti 6 ay ərzində elmi tədqiqatların əhatə dairəsinin daha da genişlənəcəyinə, yeni nailiyyətlərin əldə olunacağına ümid edirik.
Məruzə ətrafında müzakirələrdə Mərkəzin əməkdaşlarından Sevinc Hüseynova, Sərraf Talıbov, Mayis Cəfərov, Aqil Həsənov, İsaq Məmmədov və Kamil Cabbarov çıxış edərək görülən işlər barədə məlumat verib, mülahizələrini bölüşüb, təkliflər irəli sürüblər.
Direktor Mehman Əliyev Lənkəran Regional Elmi Mərkəzinin 6 ay ərzində gördüyü işləri yüksək dəyərləndirərək qənaətbəxş hesab edib, gələcək fəaliyyətində kollektivə uğurlar arzulayıb.
Sonda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.