Arxiv
31.10.2025 | Konfranslar, iclaslar
Cümhuriyyət qurucularından biri: Fətəli xan Xoyskinin həyat və fəaliyyəti” mövzusunda elmi seminar

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Cümhuriyyət qurucularından biri: Fətəli xan Xoyskinin həyat və fəaliyyəti” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Əliyev əvvəlcə iştirakçıları “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə tanış edib. Bildirib ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur. Fətəli xan Xoyskinin XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsi olduğunu söyləyən natiq geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi onun daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutduğunu, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olduğunu vurğulayıb.

Mərkəzin direktoru Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetlərinin Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini, istiqlaliyyət, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazandığını, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr verdiyini diqqətə çatdırıb.

Sonra Mərkəzin Tarix, arxeologiya və etnologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərovun “Fətəli xan Xoyskinin Azərbaycanın müstəqillik mübarizəsində yeri və rolu” mövzusunda məruzəsi  dinlənilib. Qeyd edib ki, Fətəli xan Xoyski XX əsrin əvvəllərində Azərbaycan xalqının milli dövlətçilik arzusunu reallığa çevirən nadir tarixi şəxsiyyətlərdəndir. O, həm hüquqşünas, həm siyasi lider, həm də milli ideoloq kimi çıxış edərək, müstəqillik mübarizəsinin nəzəri və praktik istiqamətlərinə rəhbərlik etmişdir. Onun fəaliyyəti göstərir ki, müstəqillik yalnız silahlı mübarizə ilə deyil, hüquqi və diplomatik zəkayla da qoruna bilər. Xoyski Azərbaycan Xalq Cümhuriyyətini yalnız siyasi təşkilat kimi deyil, həm də hüquqi dövlət kimi qurdu - bu, onun Qərb təfəkkürünə və müasir idarəçilik prinsiplərinə nə qədər yaxın olduğunu sübut edir.

Mayis Cəfərov Fətəli xan Xoyskinin ideyalarının bu gün də aktual olduğunu qeyd edərək söyləyib ki, dövlət idarəetməsində qanunun aliliyi, vətəndaş bərabərliyi və milli həmrəylik prinsipləri müasir Azərbaycan Respublikasının təməlini təşkil edir: “Fətəli xan Xoyskinin qısa, lakin mənalı həyatı göstərdi ki, dövlətçilik yalnız siyasi bir proses deyil - o, milli iradə, hüquqi mədəniyyət və mənəvi məsuliyyət birliyidir”.

Fətəli xan Xoyskinin öz xalqına azadlıq və müstəqillik yolunu açdığını və bu yolda şəhid olduğunu deyən alim onun ideyalarının - Azərbaycan xalqının azadlıq ruhunda, dövlətin hüquqi əsaslarında və milli dövlətçilik yaddaşında yaşadığını bildirərək, bu görkəmli şəxsiyyətin Azərbaycanın müstəqillik mübarizəsində təkcə bir lider deyil, həm də dövlət ideyasının simvolu kimi tarixə düşdüyünü önə çəkib. 

Mərkəzin Herontoloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova “Fətəli xan Xoyski - ədalətin, ləyaqətin, istiqlalın və vətənpərvərliyin təcəssümü” mövzusunda məruzəsində qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev Fətəli xan Xoyskinin Azərbaycan dövlətçiliyi tarixindəki fəaliyyətini yüksək qiymətləndirmişdir. Ulu Öndərin 1995-ci il tarixli sərəncamı ilə Fətəli xan Xoyskinin anadan olmasının 120 illiyinin təntənəli şəkildə qeyd olunması üçün geniş heyətdə təşkilat komitəsi yaradılmışdı. Onun diqqət və qayğısı sayəsində Tiflisdə Fətəli xan Xoyskinin məzarı üzərində xatirə abidəsi ucaldılmışdır.

Sevinc Hüseynova  cümhuriyyətimizi quran insanların hərəsinin bir ləyaqət mücəssəməsi olduğunu söyləyib: “Başda M.Ə.Rəsulzadə olmaqla, hər birinin həyatı öyrəniləsi bir məktəbdir. Dünyaya baxışlarına görə, insana, azadlıqlara münasibətlərinə görə hər biri yüksək səviyyədə böyük nümunədir. Bu insanların həyatı, fəaliyyəti ali məktəblərdə tədris olunmalı, gənclərin ədalətli, vicdanlı, ləyaqətli, vətənpərvər kimi formalaşmasında mühüm rol oynamalıdır”.

Mərkəzin Tarix, arxeologiya və etnologiya şöbəsinin elmi işçisi Gözəl Əlizadə “Fətəli xan Xoyskinin tarixi missiyası” mövzusunda çıxış edərək bildirib ki, bu gün biz azad və müstəqil dövlətdə yaşayırıqsa, bu, məhz o dövrdə atılmış cəsarətli addımların nəticəsidir. Fətəli xan Xoyskinin gördüyü işlər müstəqil Azərbaycanın əsas bünövrəsini təşkil etdi. O, xalqımızın yaddaşında qurucu lider, dövlətçilik simvolu və milli fədakar kimi qalacaq. Fətəli xan Xoyskinin tarixi missiyası təkcə bir dövlətin qurulmasında deyil, həm də millətin özünüdərkinin formalaşmasında idi. O, xalqına azad düşüncəni, milli birliyi və dövlətçilik şüurunu aşıladı. Bu gün biz onun qoyduğu idealları yaşadır, müstəqil Azərbaycan dövlətini daha da gücləndiririk. Fətəli xan Xoyski kimi şəxsiyyətlərin xatirəsini yad etmək, onların xidmətlərini qiymətləndirmək bizim vətəndaşlıq borcumuzdur.

Elmi seminarda qonaq qismində iştirak edən təqaüddə olan müəllim Allahverən Qənbərli, Mərkəzin əməkdaşlarından Sərraf Talıbov, Ağamir Cavadov və Fəranə Mikayılova mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.

Tədbiri yekunlaşdıran Mehman Əliyev qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.