AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” adlı kitabına həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdən əvvəl qonaqlar Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Elmi seminarı giriş sözü ilə Lənkəran REM-in direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Əliyev açaraq qonaqları təqdim edib.
Mərkəzin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev iştirakçıları kitabın müəllifi Vəfaddin İbayevin tərcümeyi-halı ilə tanış edib. Bildirib ki, Vəfaddin Ələm oğlu İbayev 1956-cı ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müxtəlif rayon polis şöbələrində müstəntiq və baş müstəntiq vəzifələrində işləyib. 1998-2000-ci illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində “Beynəlxalq hüquq məsələləri” şöbəsinin müdiri, 2022-ci ilin yanvar ayına kimi Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimi vəzifələrində çalışıb. 2003-cü ildə “Ermənistan-Azərbaycan münaqişəsi və insan hüquqları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Vəfaddin İbayev “Beynəlxalq humanitar hüquq”, “Beynəlxalq mülki proses”, “İşgəncələr qadağandır” kimi kitablar da daxil olmaqla, beynəlxalq hüquq və insan hüquqlarına dair 2 dərslik, 30 kitab və 100-dən artıq elmi məqalənin müəllifidir.
Hazırda Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavinidir.
Mərkəzin direktoru Mehman Əliyev çıxışında diqqətə çatdırıb ki, şanlı Zəfərimizin 5 illiyinə həsr edilmiş “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının müəllifi Vəfaddin İbayevin qələmə aldığı kitabı oxuduqca bir çox həqiqətləri görmək mümkündür. Qələbə bütün sahələrdə düzgün, düşünülmüş siyasətlə qazanılır. Kitabda qələbənin diplomatik, hüquqi, siyasi və mənəvi aspektlərinə diqqət çəkilmişdir. Bundan başqa, hər kəsi tarixdən ibrət götürməyə çağıran müəllif müxtəlif tarixi təcrübələri oxucuları ilə bölüşür, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ordumuzun qazandığı qələbəni bu baxımdan şərh edir.
Sonra Azərbaycanın Əməkdar müəllimi, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Esmira Məmmədova və Ənnağı Məmmədli, tarix üzrə fəlsəfə doktoru Teyyub Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran Regional Bölməsinin əməkdaşı Emin Həmidli, Lənkəran-Astara Regional Təhsil İdarəsi İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi Elnur Fətullayev, “Aşkarlıq” qəzetinin baş redaktoru Hacı Etibar Əhədov və “Xalq qəzeti”nin bölgə müxbiri Əlisəfa Həsənov çıxış edərək kitab haqqında mülahizələrini bölüşüblər.
Bildirilib ki, Prezident İlham Əliyevin xalqa müraciətlərin, dünyanın müxtəlif televiziya kanallarına verdiyi müsahibələrin təhlilini aparan hüquqşünas-alim Vəfaddin İbayev dövlət başçısının çıxışlarında milli maraqları və xalqın maraqlarını hər şeydən üstün tutan liderin obrazını canlandırmışdır. Müəllif kitabda Ulu Öndər Heydər Əliyevin münaqişənin həll edilməsi üçün ədalətli sülhə çalışdığını, eləcə də cənab Prezident tərəfindən 2020-ci ilə qədər bu istiqamətdə addımlar atıldığını, lakin sonda savaşın qaçılmazlığını vurğulayır. Erməni təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması güc tətbiq etməklə onları azad etmək üçün bizə hüquqi cəhətdən əsas verdiyi kimi (BMT Nizamnaməsinin 51-ci maddəsi), düşmən vətəndaşlarımızı ictimai və siyasi azadlıqdan məhrum etdiyinə və onlara öz etiqadlarının prinsiplərinə uyğun yaşamağa imkan vermədiyinə görə milli-mənəvi dəyərimiz olan Qurani-Kərimin müddəalarına əsasən də biz torpaqlarımızın azad olunması üçün vuruşmağa, düşməni məhv edib torpaqlarımızı azad etməyə haqlı və borcluyuq.
Çıxışlarda kitabdan möhtərəm İlham Əliyevin sitatı diqqətə çatdırılaraq deyilib: “Bizim uğurlu əks-hücum əməliyyatlarımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır... Bizim mübarizəmiz haqq mübarizəsidir... Biz haqq yolundayıq... Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”. Prezidentin çıxışında səsləndirdiyi növbəti həqiqətlərdən biri də bu idi ki, “bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik”. Müzəffər Ali Baş Komandan yurdun, xalqın gur səsi, Azərbaycanın bütün ərazisində azadlığın təşnəsi olduğunu bəyan etdi. Haqqı tanımayanlar, daxilində Allah nuru sönmüş insanlar Azərbaycanın haqq işi barədə çox vaxt ədalətsiz danışır və ictimaiyyət arasında dezinformasiya yayırdılar. Həqiqəti dananlar arasında onu axtarmaq, üzə çıxarmaq hər kəsin deyil, əsl siyasətçinin işi idi.
Kitabın müəllifi Vəfaddin İbayev hamını salamladıqdan sonra, ilk növbədə, elmi seminarın yüksək səviyyədə təşkilinə görə Lənkəran REM-in rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Otuz kitabın müəllifi olmasına baxmayaraq, doğma Lənkəranda ilk kitabının təqdimatının keçirildiyini söyləyən alim bu əsər üzərində hələ Böyük Vətən müharibəsinin getdiyi günlərdə işlədiyini diqqətə çatdırıb: “Cənab Prezident Hadrut uğrunda gedən döyüşlər zamanı belə bir fikir söylədi ki, bizim apardığımız haqq işi, ədalətli mübarizə barədə yeni kitablar, əsərlər yazılmalıdır. Bizim də məqsədimiz odur ki, deyilən fikirlərin təsdiqini real faktlar əsasında işıqlandıraq. 44 günlük müharibədə biz öz gücümüzlə ermənilərə qalib gəldik, 30 illik işğal altında olan torpaqlarımızı təcavüzkarlardan təmizlədik və suverenliyimizi bərpa etdik. Bu qələbəni bizə bəxş edən bütün şəhidlərimizin ruhu və sinəsini sipər edən hər bir Vətən oğlunun qarşısında baş əyirik”.
V.İbayev daha sonra kitabın yazılması prosesindən, apardığı siyasi paralellərdən, Şuşa döyüşlərinin əhəmiyyətindən, onun özəlliyindən və üstünlüklərindən, hərbçilərimizin igidlik və şücaətindən söz açıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Elmi seminarı yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.
Sonda xatirə şəkilləri çəkilib.