Arxiv
05.12.2025 | Konfranslar, iclaslar
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib

Dekabrın 5-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin birgə təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Regionun yaradıcı adamları: Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin 100 illik yubileyi” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Qaraxan oğlu Əliyev açaraq qonaqları və iştirakçıları salamladıqdan sonra bildirib ki, bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycanın görkəmli yazıçısı, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin Cənub regionunda ədəbi mühitin inkişaf etdirilməsində mühüm xidmətləri olub. O, yaradıcılığa şeirlə başlasa da, sonralar nəsrə keçmiş, “Dağlar oğlu”, “Dağda bahar”, “Torpağın ətri”, “Döyüşən illər” romanları, bir çox povest və hekayələri ilə geniş oxucu rəğbəti qazanmışdır. Ədibin “Prokuror”, “Ana fəryadı”, “Kölgəli üz” pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

Direktor Məmmədhüseyn müəllimin keçən əsrin 50-ci illərinin sonlarından etibarən ömrünün sonunadək - 6 iyul 1994-cü il tarixədək Lənkəranda müxtəlif məktəblərdə və texnikumlarda müəllim, direktor və direktor müavini, Lənkəran rayon yerli radio verilişləri redaksiyasının məsul redaktoru, indiki Azərbaycan Yazıçılar Birliyi Lənkəran Zona Şöbəsinin məsul katibi vəzifələrində işlədiyini və onun regionumuzda romançılıq məktəbinin əsasını qoyanlardan birincisi olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli çıxışında Məmmədhüseyn müəllimlə bağlı xatirələrini bölüşüb, bu il ədibin 100 illik yubileyinin təntənə ilə qeyd edildiyini söyləyib. Tədbirlərə ilk dəfə Lerik rayonunda start verildiyini deyən Bölmə sədri qeyd edib ki,  Lənkəran Dövlət Dram Teatrında yazıçının “Kölgəli üz” pyesinin premyerası anşlaqla keçdi. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda əlamətdar yubiley münasibətilə maraqlı tədbirin düzənləndiyini bildirən Q.Cəfərov  bu gün Lənkəran Regional Elmi Mərkəzi ilə birgə keçirilən elmi seminarın da yüksək səviyyədə təşkil edildiyini, Masallı şəhərində isə yekun tədbirinin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra məruzələr dinlənilib.

 Lənkəran REM-in Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbov “Məmmədhüseyn Əliyevin həyat və yaradıcılığı; çap olunmamış əsərləri haqqında bir neçə söz” mövzusunda məruzəsində yazıçı-dramaturqun həyat və fəaliyyəti, əsas yaradıcılıq istiqamətləri, yaradıcılığının spesifik xüsusiyyətləri haqqında məlumat verdikdən sonra onun nəşr olunmamış əsərləri barədə geniş bəhs edib.  Deyib ki, Məmmədhüseyn müəllimin arxivində saxlanılan bir çox əsərlər hələ də çapını gözləyir. Yazıçının arxiv materialları nəsr, dramaturgiya, şeir, elmi və etnoqrafik məqalələr, publisistik yazılardan ibarətdir. Şöbə müdiri əlavə edib ki, M.Əliyevin arxivində “Lənkəran iztirabları” və “Qovuşmaz yollar” romanları, “Etibarın sındırılması”, “Qarağac”, tarixi mövzuda yazdığı “Dəmir ağac” və əfsanəvi mövzuda qələmə aldığı “Cin dərəsi” hekayələri, “Həyata sualım”, “İntizarın sonu” və “Bəyaz qadın” pyesləri, yeni formatda, yeni yanaşma ilə yazdığı “Kərbəla faciəsi” əsəri, “İran və İraqda gördüklərim” səyahət qeydləri və s. dərc olunmayıb. Əməkdar jurnalist  Həmzə Vəliməmmədov “Şərəfli, mənalı ədib ömrü” məqaləsində yazmışdır: “Məmmədhüseyn müəllim 20-yə yaxın əsərini sağlığında çap etdirə bilmədi. Bu əsərlər latın qrafikası ilə nəşr olunmasını gözləyir. Bölgənin ziyalıları, iş adamları xeyirxah işə təşəbbüs göstərsələr, geniş oxucu auditoriyasına dəyərli hədiyyə olar”.

Mərkəzin Tarix, arxeologiya və etnologiya şöbəsinin əməkdaşı İltifat Əhmədov “Məmmədhüseyn Əliyevin ”Şəfəq”i - ətrafa işıq səpələyən yeni bir çıraq” adlı məruzəsində bildirib ki, adı çəkilən toplunun ilk sayı 1991-ci ilin may ayında Lənkəran mətbəəsində çapdan çıxmışdır. Məcmuədə Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran rayonlarında işləyən və yaşayan müəlliflərin ədəbi-bədii əsərlərinin nəşr edildiyini söyləyən natiq jurnalın ətrafa işıq səpələyən yeni bir çıraq kimi Cənub bölgəsi yazarlarının qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında mayak rolunu oynadığını deyib: “Manşetdə “Zonamızın ədəbi istedadları, birləşin!” çağırışı həqiqətən şair və yazıçıları bir araya topladı, onların ədəbi-bədii nümunələrinin işıq üzü görməsinə əlverişli şərait yaratdı. Dərgidə, eyni zamanda, “Cənubdan səslər” rubrikası altında Güney Azərbaycanda yaşayıb-yaradan soydaşlarımız Əlirza Bəndəlizadə, Mənuçehr Cavanşir, Nemət Həqiqi, Mənsur Bəniməcidi, Yusif Memar və Behruz Nemətullahinin də şeirlərinə rast gəlirik”.

Yazıçı-dramaturq Qafar Cəfərlinin AYB Lənkəran Bölməsinə sədr təyin edildikdən sonra “Şəfəq” jurnalının uzun illik fasilədən sonra fəaliyyətinin yenidən bərpa olunduğunu  diqqətə çatdıran  İ.Əhmədov hazırda məcmuənin ildə dörd dəfə, rəngli və nəfis tərtibatda, yüksək poliqrafik üsulla, daxili imkanlar hesabına işıq üzü gördüyündən, bu toplunun Azərbaycan Yazıçılar Birliyinin 22 bölməsi arasında yeganə mətbu orqanı kimi Cənub bölgəsinin ədəbi-mədəni həyatında oynadığı mühüm roldan danışıb.

Mərkəzin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin əməkdaşı Ağamir Cavadov “Məmmədhüseyn Əliyevin yaradıcılığında folklor motivləri” mövzusunda məruzə edərək zəngin yaradıcılıq yolu keçən ədibin hələ gənclik illərində çap olunan “Dağlar oğlu” romanında çoxsaylı folklor nümunələrindən istifadə etdiyini, ümumilikdə 60 fəsildən ibarət olan bu əsərin hər fəslinin bir atalar sözü, aforizmlə adlandırıldığını vurğulayıb. Natiq qeyd edib ki, xalq müdrikliyindən bəhrələnən yazıçı ikinci kitabı olan “Dağda bahar” romanında da bu ənənəyə sadiq qalır: ”Yazıçının gücü ondadır ki, fəsillərin adları əsərdəki hadisələrin fonunda öz fəlsəfi, psixoloji və bədii həllini tapır. Hər fəslin adı kimi, yaxud mətn daxilində işlənən bu müdrik fikirlərin bir çoxu müəllifin özünün yaratdığı aforizmlərdir. Ötən əsrin 60-cı illərinə qədər çap olunmuş “Atalar sözü” kitabına baxdıqda, bu atalar sözlərinin bir çoxunun o kitablarda olmadığını görürük”.

Sonra yazıçı-publisistlərdən Hacı Etibar Əhədov, Siyavuş Süleymanlı, Hacı Hafiz Mirzə, ədibin qızı, fəlsəfə elmləri doktoru Sədaqət Əliyeva, ağsaqqal ziyalı Hacı Fəxrəddin Canıyev çıxış edərək rəy və mülahizələrini söyləyib, xatirələrini bölüşüblər. Fəxrəddin müəllim atası Şalı Canıyevin yubilyarla 45 il bundan əvvəl çəkdirdiyi, özünün böyüdüb çərçivəyə saldırdığı şəklini Məmmədhüseyn Əliyevin böyük oğlu Ənvər Rüstəmova hədiyyə edib.

Elmi seminarda iştirak edən Lənkəran Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının 3-cü kurs tələbələri Zəhra Həşimova və Esmira Rüstəmovanın suallarını filosof-alim Sədaqət Əliyeva cavablandırıb.

Axırda Məmmədhüseyn Əliyevin oğlu, həkim Ənvər Rüstəmov atasının xatirəsini əziz tutduqlarına və tədbirin yüksək səviyyədə təşkilinə görə Lənkəran REM-in və AYB Lənkəran Bölməsinin rəhbərlərinə, o cümlədən bütün iştirakçılara ailə üzvləri adından minnətdarlığını bildirib.

Sonda xatirə şəkilləri çəkilib.