Noyabrın 21-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda AMEA Lənkəran Regional Elmi Mərkəzin baş kitabxanaçısı Fəranə Mikayılova iştirak etmişdir. Fəranə Mikayılova "AMEA Lənkəran Regional Elmi Mərkəzində kitabxana quruculuğu müasir mərhələdə" mövzusunda məqaləsi ilə çıxış etmişdir. Əməkdaşımızın məqaləsi konfrans materiallarında çap edilmişdir.
Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans 7 ölkənin - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyanın 38 təşkilatının iştirakı ilə gerçəkləşdirilib.
Tədbirin plenar iclasında, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Rami Kitabxanasının direktoru Əli Çelik, Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Milli Məclisin deputatı Fazil Mustafa, Daşkənd Dövlət Hüquq Universitetinin İnformasiya-Resurs Mərkəzinin direktoru Pirmedova Xaytqul Muhammedovna, İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru dosent Xumar Məmmədova çıxış ediblər.
Konfransın ikinci hissəsi “Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər”, “Akademik kitabxanalar rəqəmsal informasiya mühitində”, “Kitabxana fəaliyyətinin müasir vəziyyəti: Beynəlxalq və yerli təcrübə”, “Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu” mövzulu bölmə iclasları ilə davam edib.
Mədəni irsin qorunmasında rəqəmsallaşma, kitabxanaların missiyası, türk dövlətlərində mədəni irsin qorunması, kitabxanaların ictimai və elmi funksiyaları, müasir akademik kitabxana proseslərinin rəqəmsallaşdırma və avtomatlaşdırma istiqamətləri, kitabxana fəaliyyətində süni intellekt, müasir çağırışlar və inkişaf perspektivləri kimi və digər məsələlər geniş şəkildə müzakirə olunub.