Arxiv
24.12.2025 | Konfranslar, iclaslar
AMEA Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şura iclası keçirilib

Dekabrın 24-də AMEA Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şura iclası keçirilib. Şuranın sədr əvəzi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev iclası giriş sözü ilə açaraq Elmi şura üzvlərindən 16 nəfərdən 12 nəfərin iclasda iştirak etdiyini və yetərsayın olduğunu bildirib. İclas iştirakçılarını gündəliklə tanış etdikdən sonra məsələlərin müzakirəsinə başlanılıb.

Şura iclasında Zoom platforması üzərindən AMEA Rəyasət Heyətinin Elm və təhsil şöbəsinin məsul əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova da iştirak edib.

İclasda aşağıdakı məsələlər müzakirə olunub:

“AMEA Lənkəran Regional Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatın müzakirəsi” (tar.ü.f.d. C.Quliyev); “Azərbaycan Respublikası Prezidentinin “I Türkoloji Qurultayının 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının AMEA-da icrasından irəli gələn vəzifələr haqqında AMEA Rəyasət Heyətinin 31 oktyabr 2025-ci il tarixli 19/1 saylı və tədbirlər planının təsdiq edilməsi haqqında” (b.ü.f.d. dos. S.Hüseynova); “AMEA Rəyasət Heyətinin 12 noyabr 2025-ci il tarixli AMEA-nın elmi müəssisə və təşkilatlarının Elektron xidmətlər şöbələrinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi haqqında 20/2 saylı qərarı"nın müzakirəsi” (E.Həsənzadə); Cari məsələlər.

                Lənkəran REM-in elmi katibi, direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, Elmi şuranın sədr əvəzi Cəmil Quliyev əvvəlcə  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin doğum günü münasibətilə təbriklərini çatdırıb. Sonra  iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edərək bildirib ki, Lənkəran REM-də  2025-ci ilin tədbirlər planına uyğun olaraq on iki ayda müxtəlif elmi seminarlar, konfranslar və görüşlər keçirilib. Bu il ərzində 1 monoqrafiya, 14 tezis (2-si xaricdə, 12-si respublikada), 26 məqalə (15 məqalə xaricdə, 11 məqalə respublikada) elmi jurnallarda çap olunub, 20 tədbir keçirilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirildiyini vurğulayan  C.Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən və ölkənin hərtərəfli inkişafına yönəldilmiş dövlət siyasətinin mühüm istiqamətlərindən biri gənclər siyasətidir. Azərbaycan gəncliyinin ən fəal və çevik hissəsini intellektual gənclik təşkil edir. Dövlət başçısı intellektual gənclərə xüsusi önəm verir. Elmi mərkəzimizdə də gənclər siyasəti ardıcıl həyata keçirilir. Elmi işçi Mirməhəmməd Babayev ilin gənc alimi diplomuna layiq görülüb. Mərkəzin baş elmi işçisi Çinarə Rzayeva AzTv-nin “Telesəhər” və İTV-nin “Barlı bağ” verilişində çayçılıq və yeni növ çay sortları haqqında məlumat verib. Elmi mərkəzə kadr seçimində də gənclərə ilk gündən üstünlük verilib. 2025-ci ildə də mərkəzin İnsan resursları şöbəsinə gənc Validə Seyfullayeva, baş mühasib vəzifəsinə isə Jalə Şəfizadə qəbul edilib.

              Məruzə ətrafında çıxış edən biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova  diqqətə çatdırıb ki,  22 oktyabr 2025-ci ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olub. 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 illiyi münasibətilə tədbirin keçirilməsi nəzərdə tutulub.

Birinci Türkoloji Qurultayın ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdən biri olduğunu söyləyən alim  beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələlərinin geniş və sistemli müzakirə obyektinə çevrildiyini, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarların qəbul edildiyini, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsinin xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib: “Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi”.

S.Hüseynova əlavə edib ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınıb, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalıb, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulub. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.

Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyaların müasir şəraitdə uğurla gerçəkləşdirildiyini deyən şöbə müdiri türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanıldığını, türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımların artıq davamlı xarakter daşıdığını, 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapmasını bunun daha bir təzahürü olduğunu bildirib, bu məqsədlə yanvarın 30-da Lənkəran REM-də “Birinci Türkoloji Qurultayın ideyaları müasir şəraitdə uğurla gerçəkləşdirilir” mövzusunda elmi seminarın keçiriləcəyini diqqətə çatdırıb.

Gündəlikdə duran 3-cü məsələ ilə bağlı Elektron xidmətlər və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Həsənzadə qeyd edib ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 12 noyabr 2025-ci il tarixli 20/2 saylı qərarına əsasən AMEA-nın elmi müəssisə və təşkilatlarının Elektron xidmətlər şöbələrinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi qeyd olunub. 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağı keçirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yığıncaqda iştirak edərək dərin məzmunlu nitq söyləyib. Ölkə başçısı tarixi çıxışında elmin ölkəmizin inkişafındakı strateji rolunu bəyan edib və elmin bir sıra mühüm prioritet istiqamətlərini müəyyənləşdirib. Prezident çıxışında texnoloji inkişaf, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik kimi sahələri də müasir dövrün əsas prioritetlərindən hesab edib və bu istiqamətlərdə elmi potensialın səfərbər edilməsinin vacibliyini vurğulayıb. 2 dekabr 2025-ci il tarixində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində növbəti iclası keçirilib. “AMEA Rəyasət Heyətinin 12 noyabr 2025-ci il tarixli AMEA-nın elmi müəssisə və təşkilatlarının Elektron xidmətlər şöbələrinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi haqqında 20/2 saylı qərar”ı müzakirə olunub. Qərarın icrasından irəli gələn tələblər nəzərə alınaraq Lənkəran Regional Elmi Mərkəzi müvafiq struktur dəyişikliyinin aparılması barədə qərar qəbul edib. Belə ki, mövcud Elektron xidmətlər və İctimaiyyətlə əlaqələr şöbəsinin adının müasir rəqəmsal inkişaf tendensiyalarına uyğunlaşdırılması məqsədilə “Rəqəmsallaşma, süni intellekt, elektron xidmətlər və ictimaiyyətlə əlaqələr” şöbəsi adı ilə əvəz edilməsi və onun əsas şöbə kimi fəaliyyət göstərməsi qərara alınıb. Bu məqsədlə yeni şöbənin yaradılması müzakirə olunması üçün akademiyaya təqdimatla ünvanlanıb.

Cari məsələlərlə ilə bağlı çıxış edən direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Cəmil Quliyev bildirib ki, mütəmadi monitorinqlər aparılır. Müəssisədə 2025-ci ildə inventarizasiyanın aparılması üçün  Daimi İnventarizasiya Komissiyası (DİK) yaradılıb. Komissiya üzvləri 30 dekabra qədər tərtib etdikləri aktları yekunlaşdırıb təhvil verməlidir. 

Elmi Şuranın sədr əvəzi Cəmil Quliyev qarşıya qoyulan vəzifələrin ilin sonunadək layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan daha səmərəli istifadə olunacağına, AMEA Rəyasət  Heyətinin qərar və sərəncamlarının bundan sonra da yeni reallıqlar və çağırışlar kontekstində həyata keçiriləcəyinə əminlik ifadə edib, məsul şəxslərə tapşırıqlar verərək iclası yekunlaşdırıb.

Sonda AMEA Rəyasət Heyətinin Elm və təhsil şöbəsinin məsul əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova Zoom platforması çərçivəsində çıxış edərək illik hesabatı qənaətbəxş qiymətləndirib, yeni ildə qarşıda duran vəzifələrin icrası istiqamətində kollektivə uğurlar arzulayıb.

Elmi Şurada müzakirə olunan məsələlərlə bağlı qərar qəbul edilib.