Arxiv
20.01.2026 | Nəşrlər
Lənkəran Regional Elmi Mərkəzi əməkdaşının yeni kitabı çapdan çıxıb

AMEA Lənkəran Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və etnologiya şöbəsinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İltifat Əhmədovun yeni - “Kəndimizin ilk alimi - Kamal Dadaşov” adlı sənədli povest kitabı işıq üzü görüb.

Müəllifin sayca beşinci kitabında ömrünün 70 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, 1956-cı ildən 2016-cı ilədək Lənkəran rayonunun müxtəlif məktəblərində fransız dili müəllimi, tədris işləri üzrə direktor müavini və direktor, indiki Azərbaycan Dillər Universiteti, Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, baş müəllim, kafedra müdiri vəzifələrində işləmiş, ali məktəblər  üçün bir neçə fransız dili dərsliklərinin müəllifi, filologiya üzrə fəlsəfə doktoru, professor Kamal Dadaşovun mənalı, gənc nəsillərə örnək ömür yolundan, elmi-pedaqoji fəaliyyətindən bəhs olunur.

Sənədli povestdə alimin şəcərəsi, uşaqlıq, yeniyetməlik, gənclik illəri, tələbəlik, aspirantlıq, ümumtəhsil və ali məktəblərdəki laborantlıq, müəllimlik, kafedra müdirliyi, elmi ezamiyyətləri, beynəlxalq konfrans və simpoziumlarda çıxışları, ailə üzvləri haqqında məlumatlar və s. Kamal müəllimin öz dilindən nəql edilir.

152 səhifəlik kitab “Apostrof - A” mətbəəsində yüksək poliqrafik üslubda, nəfis, rəngli tərtibatda nəşr olunub.

Professor Kamal Dadaşov hazırda Lənkərandakı doğma ata ocağında, Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsinə daxil olan Küvənil kəndində ömrünün ahıl çağlarını yaşayır. Yanvarın 10-da 95 yaşını qeyd edib.

İltifat Əhmədovun indiyədək publisistik əsərlərindən ibarət “İllərin söz çələngi” (2019), Aprel döyüşlərinin şəhidi, kəşfiyyatçı Rusif İbrahim oğlu Ağayevdən bəhs edən “Vətən sənə oğul deyir” (2020), I və II Qarabağ müharibələrinin iştirakçıları, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsindən olan 9 nəfər şəhidə və 25 nəfər qaziyə həsr etdiyi “Dastana dönən igidlər” (2021) və “Xeyriyyəçi Hacı Ərşad” (2024) sənədli povest kitabları işıq üzü görüb. Yazıçının 44 günlük Vətən müharibəsində müqəddəs şəhidlik zirvəsinə ucalan, AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı olan Mahsun Zahir oğlu Bağırzadənin şərəfli ömür və döyüş yolunu əks etdirən “Mahsunun Vətən sevgisi” adlı kitabı nəşriyyatda çapa hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.