AMEA prezidenti Lənkəran Regional Elmi Mərkəzinin hesabat iclasında iştirak edib

 

Lənkəran Regional Elmi Mərkəzində keçirilmiş illik hesabat iclasında

Akademik İsa Həbibbəylinin giriş nitqi         

 

İclasa başlamazdan əvvəl Fərman müəllimin ruhunu bir dəqiqəlik sükutla yad edək.

Hörmətli Mehman müəllim,

Hörmətli Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları,

Sizləri salamlayırıq, sabahınız xeyir olsun, deyirik, işləriniz uğurlu olsun!

Biz Lənkərana 2023-cü ilin fevral ayında gəlmişdik. Burada ilk dəfə həm hesabatı dinlədik, həm də Fərman müəllimin 85 illik yubileyini qeyd etdik. Bu gün də Fərman müəllimin xatirəsi bizim üçün əzizdir. Bu Mərkəzin yaranmasında onun böyük xidməti, rolu və əməyi var. Onu ehtiramla yad etməyi özümüzə borc bildik.

Artıq burada dəyişikliyin bir ili tamam oldu. Mən o vaxt çalışdım ki, dəyişiklik edərkən direktor sizin öz içərinizdən olsun, kənardan olmasın.

Dövlət başçımızın 2022-ci il 28 iyul tarixli sərəncamı ilə Akademiyanın fəaliyyət istiqaməti daha çox humanitar tərəfə yönəldildi. Bölmələrimizdə - Naxçıvan və Gəncə bölmələrində humanitar olmayan institutlar Akademiyadan alınıb Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Elmi Mərkəzlərlə bağlı isə əvvəl belə bir təşəbbüs var idi ki, bunları da alıb o institutlara versinlər, amma biz bunun marağında olmadıq, onda Mərkəzlərin fəaliyyəti zəifləyərdi. Çünki Mərkəzlər regionun hər sahəsini əhatə edə bilməz, burada başqa qurum da yoxdur. Ona görə də minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, fikirlərimiz nəzərə alındı və Regional Elmi Mərkəzləri əvvəlki statuslarında qaldı. Amma olduğu statusda qalmaqla bərabər, bizim borcumuz onu mümkün qədər müasir dövrün tələblərinə uyğun yenidən qurmaqdan ibarətdir. Fəaliyyətimizdə Akademiyanın humanitar və ictimai bölmələri xüsusi yer tutur. Mərkəzlərdə də əvvəlki uyğun olan şöbələri saxlamaq şərtilə  humanitar tərəfi Akademiyaya  uyğunlaşdırmaq bizim borcumuzdur. Proses budur.

Biz sizin Mərkəzdə köklü islahat apararkən keçmişdə olanların, demək olar ki, heç birinə dəyməmişik, humanitar tərəfi getdikcə inkişaf etdiririk. Biz eyni işi Şəkidə də görmüşük. Bundan sonra da əmin ola bilərsiniz ki, şöbələrə də dəyməyəcəyik. Heç kəs özünü müvəqqəti saymasın, rahat işləsin. Hətta herontologiyanı inkişaf etdirəcəyik. Artıq bilirsiniz, Rəyasət Heyətinin qərarı ilə Herontologiya şöbəsi yenidən təsdiq olundu. İndiyədək Direktorlar şurasının qərarı ilə fəaliyyət göstərirdi. Artıq Rəyasət Heyətinin qərarı ilə Akademiyanın strukturlarından biri kimi fəaliyyət  göstərir. Bakıdakı institutlarda olduğu kimi, eyni statusa malikdir. Ümumiyyətlə, Mərkəzinizin rəhbərliyi ilə birlikdə herontologiyanı inkişaf etdirmək barədə fikirləşməliyik. Bizim başqa cür dəstək göstərmək imkanımız var. Amma kadr məsələsi burada yetişməlidir. Məsələn, herontologiya üzrə bura kim gəlmək istəsə, həmin sahə üzrə müdafiə eləsə, biz sizə əlavə stat verərik ki, bu sahə inkişaf etsin.

Bu region üçün kənardan baxanda vacib olan bir neçə məsələ görünür. Onlardan biri, hesab edirəm ki, azsaylı xalqların folkloru, mədəniyyəti ilə bağlıdır. Region üçün xarakterikdir. Bu gün bu barədə müəyyən qərar qəbul edəcəyik. Biri herontologiyadır, bura uzunömürlülərin vətənidir, dünya bunu qəbul edib. Bu, elmi istiqamətdə geniş öyrənilməyib, bir Fiziologiya İnstitutunda, bir də burada. Düşünürəm ki, bu məsələyə Naxçıvanda da baxmalıyıq, orada da uzunömürlülər var. Bəlkə Şəkidə, ucqar yerlərdə də var, ümumiyyətlə  dünyada artıq bu, qəbul olunub. Cənub bölgəsi bir nümunədir, ona görə də Mehman Əliyevə və şöbə müdirinə tapşırıram. Bu barədə danışarıq, ayrıca müzakirə aparmaq istəmirəm. Mənim məqsədim burada bu sahəni inkişaf etdirməkdən ibarətdir. Sizin təkliflərinizi gözləyirəm.

Biz o zaman burada gördük ki, Mərkəzin kitabxanası yoxdur. Təəccüb edirəm ki, elmi qurum var, amma kitabxanası yoxdur. Sonra baxdım ki, Bakıda da eyni institutlarda adı var, özü yoxdur. Şəkidə də kitabxana ayrıca bir qurum deyil, məsələn ümumi şöbənin tərkibində bir kitabxanaçı ştatı da var. Müstəqil eləmək lazımdır. Biz kitabxana islahatına buradan başladıq. Bunlar yəqin ki, həmin kitablardır. Biz bu gün 100 adda kitab gətirmişik, sizə təqdim edəcəyik. Mərkəzin kitabxanasının olması vacib məsələdir. Həmin binadır, həmin şəraitdir, imkan varmı düzəltməyə, olarmı? Təşəbbüs lazım idi, arada Mehman Əliyevdən Bakıya gələndə  soruşmuşam, bu gün də onu əyani şəkildə görürəm və buna çox şadam. Kitabxana mütləq olmalıdır. Yəqin bu stullardan yeri gələndə oxu zalı üçün istifadə edirsiniz?

Mehman Əliyev: Oxu zalımız içəridə var, yaratmışıq.

İsa Həbibbəyli: Baxacağam. Çox vacibdir, Elmi Mərkəz kitabxanasız olmaz. Gəlib-gedənlərdən sizə kitablar göndərmişik. Bu gün isə özümüzlə 100 adda kitab hədiyyə gətirmişik.

Məqsədimiz burada, eyni zamanda, humanitar və ictimai elmləri bir qədər də genişləndirməkdir. Çünki bu regionun özünün də qədim tarixi var. Folklor ənənələri, arxeologiyası, etnoqrafiyası var. Biz zaman-zaman bu potensialı görmüşük, mütəxəssislər də yetişir. Burada humanitar və ictimai elmləri genişləndirməyi özümüzə borc bilirik. Addım-addım bu istiqamətdə gedəcəyik. Onlardan biri də, yəqin ki, direktorunuz bu gün deyəcək, iki şöbə yaratmağı nəzərdə tuturuq. Onlardan biri Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsi, digəri isə Tarix, arxeologiya və etnologiya şöbəsi olacaq. Bu regionu tam əhatə edəcək şöbələr yaratmaq istəyirik. Biz bu gün sizinlə birlikdə təklifləri səsləndirəcəyik. Regional Elmi Mərkəzin direktoru bizə məktub yazıb göndərəcək. Yeni şöbənin yaradılması Rəyasət Heyətinin səlahiyyətindədir. Növbəti RH-in iclasında baxılandan sonra bu şöbələr də tam təsdiq olunmuş şöbələr kimi fəaliyyətə başlayacaq. Sizin ştat cədvəlinizə baxdıq, şöbə müdiri ştatı birdir. Amma biz iki şöbə yaradırıq. Bu gün elan edirəm, Mehman Əliyevə də demişəm, sizə bir əlavə şöbə müdiri ştatı da veririk. Şöbə tərəfimizdən əlavə ştat vahidi ilə təmin olunacaq.

Regional elmi mərkəzlərimizdə gedən proseslərdən biri də elektron hərəkatla bağlıdır. Əgər elektron hərəkat, elektron istiqamət inkişaf eləmirsə, şöbə öz içində qalır. Onun fəaliyyətini nə beynəlxalq təşkilatlar, nə də biz görürük və s. Ona görə də biz bütün bölmələrdə, elmi mərkəzlərdə, institutların hamısında elektron  xidmətlər şöbəsi yaratmışıq. Məncə sizdə də belə bir şöbə yaranıb.

Mehman Əliyev: Bəli, yaranıb.

İsa Həbibbəyli: Sizdə elektron xidmətlər şöbəsinin müdiri kimdir?

Elnur Həsənzadə: Mən.

İsa Həbibbəyli: İclasımız qurtarandan sonra sizin fəaliyyətinizlə tanış olmaq, praktiki işləri, real prosesi görmək istəyirəm. Hara qədər gəlmisiniz, nə işlər görmüsünüz və biz sizə nə kömək edə bilərik?

Biz Akademiyada, bəlkə MDB ölkələrinin akademiyaları arasında heç alternativ də görmürəm, ilk dəfə elektron akademiya   şöbəsi yaratmışıq. Heç Rusiyada, Çində də görməmişəm. Bu o zərurətdən yarandı ki, Akademiyamız bölündü. Bizdə elektron xidmətləri həyata keçirən iki institut var idi – İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu, onlar bizdən getdi. Demək, biz özümüz üçün bir iş görməli idik. Onlar bəlkə də bizdə qalsaydı, bu ideya da yaranmazdı. Ona görə də Elektron xidmətlər şöbəsi yaratdıq. İndi bu şöbə yaxşı işləyir. Artıq keçən il onlar yeni loqonu yaratdılar. İndiki sosial şəbəkələr yeniliyin yox, ucuz sensasiyanın tərəfdarıdır. Bu mənada Akademiyada ilk dəfə danışan robot düzəldə bildik. Bu, Akademiyamızın tarixində bir hadisədir. Biz elektron jurnallarımızın hamısının elektron bazasını yaratdıq. Üç jurnalımız  Dərgipark, TUBİTAK-ın - beynəlxalq türk dünyasının jurnallar şəbəkəsinə daxil olub. 17 jurnalımızın elektron bazasını yaratmışıq, 30-a qədər davam eləməlidir.

Bilmək istəyirəm ki, Lənkəran Regional Elmi Mərkəzinin elmi jurnalı varmı, çıxırmı?

Mehman Əliyev: Xeyr, yoxdur.

İsa Həbibbəyli: Biz bu gün Lənkəran REM-in elmi jurnalını təsis edərik. Bu il maliyyə vəsaiti ayrılanda ona da  vəsait ayıracağıq. Mərkəzin mütləq elmi jurnalı olmalıdır, əks təqdirdə biz inkişaf edə bilmərik. Beləliklə, Lənkəran REM-in elmi  jurnalını bu gün burada təsis etdik. Əgər Şəki Regional Elmi Mərkəzinin də elmi jurnalı yoxdursa, onlar üçün də bu gün burada jurnal təsis etmək barədə qərar qəbul edərik. Rəyasət Heyətinin üzvlərinin çoxu burdadır, həm Lənkəran REM-də, həm də Şəki REM-də elmi  jurnalların təsis edilməsi haqqında qərar qəbul edir və çapına da kömək göstərəcəyik.

İstəyirəm ki, hər gəlişimiz sizi qabağa aparsın. Bu regionda elmin siması sizsiniz. Sizə diqqət və qayğı lazımdır ki, bura inkişaf edə bilsin.

Beləliklə, 1. Biz bu gün iki yeni şöbə - Ədəbiyyat və azsaylı xalqların folkloru, Tarix, arxeologiya və etnologiya şöbələrini yaratdıq. 2. Herontologiya şöbəsini möhkəmləndirmək üçün tədbirlər fikirləşməliyik. 3. Elmi əsərlər jurnalını təsis etdik. Vacibdir. Keçən dəfə kitabxana yaratmaq haqqında qərar qəbul elədik, sizə maşın verdik. Bu dəfə də bu işləri görürük ki, Mərkəziniz inkişaf etsin.

Mən il ərzində mətbuatda oxuyuram, keçirdiyiniz elmi konfranslar, seminarlar barədə bizə məlumatlar verirsiniz. Mehman Əliyev ayrıca olaraq İradə Hüseynova, mənimlə və Rəyasət Heyətinin digər üzvləri ilə əlaqə yaradır. Sizin bir illik fəaliyyətinizin irəlidə olduğunu, inkişaf etdiyini görür və yüksək qiymətləndirirəm. Həmin prosesi bir az da gücləndirməyinizi istəyirik. Hər inkişafdan da bir inkişaf doğur. Hər elmi jurnal üçün doye almaq lazımdır. Doye almayan məqalə kağız kimi bir şeydir. İndi burada qərar qəbul edək ki, Lənkəran Regional Elmi Mərkəzinin elmi  jurnalında çap ediləcək bütün məqalələrin doyesi  Akademiyanın hesabına olsun. Akademiyanın digər institutlarında da bunu tətbiq eləmişik. Heç birini qoymamışıq özləri vəsait ödəsin. Akademiyanın adına yaraşmaz. Birdəfəlik öz üzərimə götürmüşəm, vəsait tapmışam. Akademiyanın bütün elmi jurnallarının hamısının doyesini biz veririk, sizinkini də biz ödəyəcəyik. Onsuz da sizin maaşınız o qədər də yüksək deyil, buna görə sizdən vəsait tutmasınlar, lazım da deyil, öz üzərimizə götürürük.

Düşünürəm ki, bütün bunlar, dediklərimiz vacibdir. Elektron xidmətlə tanış olacağıq. Bu sahəni inkişaf etdirmək vacibdir. Elmi jurnalınızın elektron variantı olmalıdır. Onun bazasını yaratmaq lazımdır ki,  görək jurnalda nə çıxır, proses necə gedir və s. Bu, yavaş-yavaş sürətləndirilməlidir, biz buna kömək edəcəyik.

Burada bir ixtisas üzrə elmlər doktorları çox olsaydı, düşünürəm ki, məsələ qaldıraq, ancaq irəli baxmaq, böyük işlər görmək lazımdır.  Amma görsək ki, bir ixtisas üzrə 4-5 nəfər gəlib, onda həll etmək imkanımız olacaq.

Hələlik iki yeni şöbə, elmi əsərlər jurnalını yaratdıq, herontologiyanı möhkəmləndirməyi qərara aldıq.

Xeyli iş gördük. İki şöbə, elmi əsərlər jurnalı yaratdıq, bir şöbənin də möhkəmlənməsi üçün addımlar atdıq, direktor müavini təyin etdik və 100 ədəd də kitab gətirmişik. Kitabxanaçınız bura gəlsin. Bir neçəsini təqdim edirik. Bu, Ulu Öndərin 100 illiyinə həsr etdiyimiz kitablardan biridir. Fundamental əsərdir. Gətirdiyimiz kitabların arasında Ulu Öndərimizlə, dövlətçiliyimizlə bağlı,  botanika, zoologiya, təbiət, landşaft və hər mövzu barədə kitablar var. Bu kitabları Mehman Əliyevə, sizə təqdim edirəm.

UNESCO bu il dekabrın 13-də, 5 gündən sonra Parisdə Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyini qeyd edəcək. M.Kaşğarinin min illiyi qeyd edilib. Türk dünyası ilə Avropa türkoloqlarının birgə  qatılacağı tədbirdə 100-dən çox adam çıxış edəcək. Birinci iclas  Mahmud Kaşğariyə və onun “Divanü lüğat-it-türk” əsərinə, ikinci iclas Mahmud Kaşğari türk dünyasında mövzusuna, üçüncü iclas onun əlyazmalarına və nəhayət, dördüncü iclas bizim çap etdiyimiz bu kitaba həsr ediləcək.

Mən üç cilddən ibarət olan bu kitaba müqəddimə yazmışam. Onu 1935-1937-ci illərdə Xalid Səid Xocayev tərcümə edib. Xalid Səid Xocayev özbəkdir, o, İstanbul Universitetində hərbi fakültəni bitirdikdən sonra gəlib Azərbaycanda dərs deyib. Burada Akademiyada çalışıb və “Divanü lüğat-it-türk” əsərini birinci türkoloju qurultayda qəbul edilən ilk latın qrafikalı əlifba ilə dilimizə tərcümə edib. Türk dünyasında ilk tərcümə kitabıdır. Xalid Səid Xocayev 1937-ci ildə türkoloq kimi repressiya qurbanı olub və həbs edilərək güllələnib. Ona görə də hamı elə hesab edib ki, kitabın əlyazması yandırılıb. Heç kəs onu axtarmaq barədə fikirləşməyib. Şübhə yaranmışdı ki, bizdədir. Dedilər bizim Ədəbiyyat İnstitutundadır (əvvəllər Dil və Ədəbiyyat İnstitutu olub), müxtəlif yollarla  arxivimizdə axtarışlar apardıq, dedilər yoxdur. Sonralar həmin institut iki yerə bölündü, Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutuna direktor təyin edildi. Ehtimal etdim ki, onlarda ola bilər. Ona dedim ki, kitabın əlyazması olsa sizdə olar. O da bir ildən sonra cavab verdi ki, yoxdur. Sonra təsadüfən  kitabxana və arxiv artıq köhnə kağızları ixtisara salıb atmaq, yandırmaq istəyirdi. Təzə inventarizasiya aparılmışdı, həmin o ixtisara düşən kağızların içərisində bu kitabın əlyazması da çıxdı. Nə qədər sevindik. 1937-ci ildə tərcümə olunan əsərin 86 ildən sonra əlyazması tapıldı. 14 qovluqdur, öz xətti ilə yazılıb, üstündə xətlər, düzəlişlər aparılıb, çox qiymətli əlyazmadır. Biz onun üzərində bir ilə yaxın işlədik, 3 cilddə, Akademiyanın hesabına “Elm” nəşriyyatında çap olundu. UNESCO-da  keçiriləcək  4-cü iclas  Azərbaycan Milli Elmlər Akademiyasının çap elədiyi “Divanü lüğat-it-türk” kitabının təqdimatına həsr ediləcək. UNESCO-nun tarixində heç bir akademiyanın kitabının təqdimatı olmayıb. İlk dəfə keçirilir, bu, böyük nailiyyətdir, mən də orada iştirak edəcəyəm.

Türklərin, müsəlmanların 3 müqəddəs kitabı var: birincisi, “Qurani-Kərim”dir, hamımızın müqəddəs kitabıdır. İkincisi, oğuz türklərinin müqəddəs kitabı “Dədə Qorqud”dur. Üçüncüsü, bütün dünya türklərinin müqəddəs kitabı “Divanü lüğat-it-türk” kitabıdır. Bu kitab da müqəddəs kitablar sırasındadır. Ona görə istədim ki, bu kitab Lənkəran Regional Elmi Mərkəzində də olsun. Çünki bunun içində tarix, coğrafiya, folklor, etnoqrafiya, bir sözlə, nə desəniz var.

Bu adam (müəllif) İrana gəlib, Təbrizdə olub, ilk dəfə türk dünyasının xəritəsini çəkib. Xəritədə Azərbaycan sözü də var. Ehtimal etmək olar ki, ya Cənubi İran Azərbaycanına, ya da bizim Azərbaycana gəlib, yazılarında yoxdur, amma xəritəsində var. Gəlibsə, yəqin ki, Lənkərandan da keçib, gələcək axtarışlarımızda bu barədə düşünək, araşdırmalar aparaq. Ona görə də “Divanü lüğat-it-türk” kitabını sizə bağışlayırıq. Bu, müqəddəs kitabdır, onu yaxşı qoruyun və həm də yaxşı öyrənin. Etnoqraflar, folklorşünaslar, dilçilər, ədəbiyyatçılar, tarixçilər, coğrafiyaçılar üçün zəngin ensiklopediyadır, kifayət qədər geniş məlumatlar var. Dünyaya çıxara biləcəyimiz kitabdır. Məhz buna görədir ki, UNESCO bu kitabın 950 illiyini qeyd edir. Hər kitabın təqdimatını keçirmirlər. Homeri, Şekspiri, 5-6 kitabı qeyd edə bilərlər. Bu səviyyədə dünyada kitab yoxdur. “Divanü lüğat-it-türk” dünya kitablarının şahı ola biləcək kitablardan biridir.

İradə Hüseynova: İsa müəllim bu kitabı hələ bizə, heç bölmələrimizə də verməyib. Lənkəranı nə qədər çox sevir ki, birinci sizə hədiyyə verir.

İsa Həbibbəyli: Lənkərandan sonra, inşallah, sizə də verərəm.

Beləliklə, Akademiyada islahatlar gedir, görürsünüz, Akademiya yeniləşir. İki il ərzində müxtəlif institutlarda daxili imkanlar hesabına 38 yeni şöbə yaratmışıq. Sizin kimi dövlətdən nə ştat, nə də vəsait istəmişik. Akademiyada bir şöbədə 30 adam, bir şöbədə 20 adam, artıq işlər o qədər yığılıb ki, onları daxili imkanlar hesabına eləməklə 38 yeni şöbə yaratmışıq. Sizin 2 şöbəni də əlavə etsək, artıq onların sayı 40-a çatır. Dörd yeni kitabxana yaratmışıq, oldu 44. Ehtiyac olmadığı üçün 7 şöbəni bağlamışıq, lazımsız şöbə idi. Funksiyaları eyni olan, iki uyğun 6 şöbəni birləşdirmişik. Beləliklə, 2 institut yaratmışıq.Tarix, etnoqrafiya və antropologiya  şöbəsinin bazasında Arxeologiya və Antropologiya İnstitutu, bir də Tarix və Etnologiya İnstitutu. İkisində isə Nazirlər Kabinetinin qərarı ilə adını dəyişmişik. Şöbələri isə yeniləşdirdik, adını, funksiyasını dəyişdik, yeni şöbələr yaratdıq. Məsələn, Akademiyanın tarixində ilk dəfə olaraq  Arxeologiya İnstitutunun tərkibində Məhkəmə arxeologiya şöbəsi yaratdıq. Heç bir ölkənin Akademiya sistemində belə şöbə yoxdur. Çünki, Qarabağda ermənilər vəhşicəsinə soydaşlarımızı güllələyib basdırıblar. Onları tapmaq üçün mütəxəssis, karbohidrogen analiz, DNT analizi aparmaq, şəxsiyyətini müəyyənləşdirmək  lazımdır. Tapılan meyidlərin qalıqlarının ailələrinə təhvil verilməsi prosesində Akademiya Dövlət Təhlükəsizlik Xidməti, Eksperimental Məhkəmə İnstitutu və Qızıl Aypara Cəmiyyəti ilə birlikdə yaxından iştirak edir. Ölkəmizin bu reallığını nəzərə alıb Məhkəmə arxeologiya şöbəsini yaratmışıq.

Daha sonra Xəzər dənizinin problemlərini öyrənmək və tədqiq eləmək məqsədilə Xəzər dənizinin arxeologiya şöbəsini yaratmışıq. Siz də Xəzərin problemlərini yaxşı öyrənin, tədqiqatlar aparın. Bununla əlaqədar Xəzəri öyrənən, təbiətlə bağlı şöbəniz varmı?

Mehman Əliyev: Xeyr, belə bir şöbəmiz yoxdur.

İsa Həbibbəyli: Bu məsələyə sonra baxarıq, bir şey fikirləşərik. Bunun üçün, ilk növbədə, ad, kadr, ştat tapmalıyıq.

Xəzərin dibini öyrənmək üçün bu yayda ilk ekspedisiyamızı aparmışıq. Onlar bizə dalğıc da, gəmi də verir. Xəzərin ətrafını, ekologiyasını siz də burada  öyrənməlisiniz.

Beləliklə, yeni şöbələr – Məhkəmə arxeologiya  şöbəsini, Xəzərin arxeologiya şöbəsini, Monitorinq şöbəsini yaratmış, ikisinin də adını dəyişmişik. Tarix İnstitutunda üç etnoqrafiya şöbəsi etnologiya şöbəsinə keçib. Türk xalqlarının tarixi və etnologiyası şöbəsi, Müasir etnologiya şöbəsi yaratmışıq. Eyni zamanda,  sovet hökuməti vaxtı Tarix İnstitutunda Böyük Vətən müharibəsinin tarixini öyrənən şöbə var idi. Sovet İttifaqı dönəmində biz Böyük Vətən müharibəsinin tarixini öyrənirdik. Biri o şöbədə, biri bu şöbədə, dağınıq idi. Bəs niyə öz ölkəmizdə Qarabağ müharibəsinin tarixini öyrənməyək? Ona görə də Tarix İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış Hərəkatı adlı şöbə, Müstəqillik və Azərbaycan tarixi şöbəsini yaratdıq. Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi yaratdıq, Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsini yaratdıq. Hamısında da, demək olar ki, məzmunca və formaca dəyişikliklər apardıq.

Ana xəttimiz dövlətçilik, Heydər Əliyevçilik, Azərbaycançılıqdır! Heydər Əliyev elə Azərbaycançılıq deməkdir. Azərbaycançılıq bizi birləşdirən dəyərdir. O bizim bütövlüyümüzü göstərən dəyərdir. O bizim elmimizin fəlsəfəsidir, ana istiqamətidir. Sizin də, bizim də istiqamətimiz  bundan ibarətdir.

İndi Akademiyanın yeni inkişaf konsepsiyasını və yol xəritəsini hazırlayırıq. Buna hamı öz təkliflərini verir. Siz necə, təkliflərinizi vermisinizmi?

Mehman Əliyev: Bəli, vermişik.

İsa Həbibbəyli: Bu gün burada dediklərimizi də oraya daxil eləmək lazımdır. Çünki bunlar da  Akademiyanın yeni inkişaf konsepsiyası və yol xəritəsinə aiddir. Burada səsləndirdiklərimiz onun tərkib hissəsidir. Biz istəyirik ki, bunları proqram şəklində inkişaf etdirək. İki il ərzində 44 şöbə, iki institut yaratmışıq. Azərbaycançılıqla, ədəbi tarixi şəxsiyyətlərlə, milli fəlsəfə ilə bağlı, idealist fəlsəfə ilə, xeyli məzmunca dəyişikliklər üçün sənədlər qəbul eləmiş, müzakirələr aparmışıq və s. Akademiya yeniləşmə yolundadır. Biz fundamental ənənələri, məktəbləri qoruyuruq, lazımdır. Dövrün xüsusiyyətlərinə uyğun olaraq, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin təsdiq elədiyi inkişaf strategiyasına, müəyyən elədiyi milli prioritetlərə uyğun olaraq öz ölkəmizi, müstəqil dövlətimizi, dövlət siyasətimizi, Prezidentimizin siyasətini və bəşəri dəyərləri öyrənməliyik. Bunlar  bizim ana xəttimizdir. Sovet dövründə qurulan Akademiya modeli ona cavab vermirdi. Orada Məhkəmə arxeologiyasını, Xəzərin arxeologiyasını,  Qarabağ müharibəsinin tarixini  öyrənən şöbələr yox idi. Bunları biz qurmalıyıq, ölkəmizi reallıqlar istiqamətində inkişaf etdirməliyik. Azsaylı xalqların folkloru ölkəmizin reallığıdır, bunlar olmalıdır, zənginliyimizdir. Bu, elmi şəkildə öyrənilməlidir, unudulmamalıdır. Toplular hazırlayın, ildə birini çap eləyək, kömək edək, bu, sərvətdir, onu qorumalıyıq.

Güman edirəm ki, bu gün də Akademiyanı yeniləşdirmək, islahatlar istiqamətində   addımlar atdıq. Biz o fikirdəyik ki, Akademiyada davamlı ənənələri, inkişafı, fundamental elmi qorumaq lazımdır. Amma Akademiya müasir dövrün dünyada gedən çağırışlarına və ölkədə gedən proseslərə uyğun dəyişməlidir, dəyişir və dəyişib artıq. Proses davam edir, dəyişmə kursunu, yeniləşmə kursunu sizinlə birlikdə bu gün burada xeyli qabağa, addım-addım qabağa apardıq. Sizə uğurlar, hamınıza cansağlığı  arzulayıram.

İndi isə (biz proseslə əslində tanışıq), eyni zamanda, hesabatı dinləməyə gəlmişik. Sözü Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevə veririk. Bizi yığcam şəkildə Mərkəzin bir illik fəaliyyəti ilə tanış eləsin.

***    

Mehman Əliyevin “Lənkəran REM-in 2024-cü ildəki elmi

və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabat”ı dinlənildi

 

Elmi qurum tərəfindən il ərzində müxtəlif elm sahələri üzrə aparılmış tədqiqatlar, əldə edilmiş elmi nəticələr, çap olunmuş əsərlər, elmi məqalələr barədə geniş söz açan Mərkəzin direktoru Mehman Əliyev hesabat məruzəsində rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin təşkilatçılığı ilə keçirilmiş elmi konfrans və seminarlar, sessiyalar, sərgilər, kitab təqdimatları, əlamətdar günlər və yubileylərlə bağlı təşkil olunmuş tədbirlər barədə də ətraflı məlumat verdi.   

***

  Məruzə ətrafında Mərkəzin əməkdaşlarından – Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov, baş kitabxanaçı Fəranə Mikayılova, Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Həsənzadə, Herontoloji  tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, eləcə də yazıçı-publisist Etibar Əhədov çıxış edərək rəy və mülahizələrini bölüşdülər.

***

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın çıxışı

 

Hörmətli Mehman müəllim,

Hörmətli Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları,

Mən də sizin hamınızı salamlayıram. Bu gün düşünürəm ki, Fərman müəllimin ruhu da şaddır. Keçən il hesabatı o verirdi. Bu il isə Mehman müəllim çox yüksək səviyyədə hesabatını verdi. Bu Mərkəzin yaxşı işləməsi, öz fəaliyyətini uğurla davam etdirməsi Fərman müəllimin də ruhunu şad edir.

Hesabatla ətraflı tanış olduq, bəzi məqamları sonralar Mehman müəllimlə birlikdə müzakirə edəcəyik. Çünki yekunda Rəyasət Heyətinin qarşısında Lənkəran Regional Elmi Mərkəzi ayrıca hesabatını verir.

Bəzi məqamları demək istəyirəm. İsa müəllim bir neçə dəfə dedi, Lənkəran REM Cənub bölgəsinin həm tarixini,  ədəbiyyatını, həm də arxeologiyasını, ekologiyasını, müxtəlif bitki aləmini, adaptasiya məsələlərini öyrənməlidir. Burada əsas məsələ budur. Qeyd olunan, təqdim edilən nəticələrin içində numizmatika ilə bağlı çap edilən dərsliyi xüsusi qeyd etmək istəyirəm. Xatırlayıram, iki il bundan öncə mən burada hesabat götürəndə siz danışmışdınız və dəfələrlə eşitmişəm ki, numizmatika sahəsində Azərbaycanda mütəxəssis, demək olar ki, yoxdur, bəlkə də barmaqla sayılasıdır. Mütəxəssislərin sayının daha da artırılması bu sahənin inkişaf etdirilməsinə gətirib çıxaracaq. Bu istiqamətdə hazırlanan mütəxəssislərə bəlkə də gələcəkdə hətta bizim Bakıda da ehtiyac olacaq və bu, çox vacib məsələdir. Belə bir dərsliyin yazılması təqdirəlayiqdir, maraqlı nəticələr var. Bu istiqamətdə tədqiqatlar aparılıb, monoqrafiyanın və yaxud silsilə məqalələrin yazılması,  sizin dediyiniz kimi, ermənilərlə bağlı problemlərin, məsələlərin qarşısının alınmasına kömək edəcək.

Burada uzunömürlülərlə bağlı məsələlər qeyd olundu. Bu, çox vacib məsələdir.

Bir məsələni qeyd etmək istəyərdim ki, bunu həm Mehman müəllimin hesabatında, həm də Sevinc xanımdan eşidərdim. Azərbaycan böyük bir tədbirə ev sahibliyi elədi. Azərbaycanın tarixində bu qədər yüksək səviyyəli tədbir yəqin ki, birinci dəfə olurdu. Bu, beynəlxalq tədbir idi. Noyabr ayının 11-dən 24-dək COP29 Azərbaycanda çox yüksək səviyyədə keçirildi. Azərbaycan özünün parlaq bir tarixini,  səhifəsini yazdı. Bu tədbirlərdə müzakirə olunan məsələlərdən biri də, biz bu tədbirlərdə yaxından iştirak eləmişik, iqlim dəyişiklikləri ilə bağlı idi. İqlim dəyişikliklərinin  insan sağlamlığına, insan uzunömürlülüyünə təsiri böyükdür. Bu gün qlobal iqlim dəyişikliyi ilə bağlı baş verən səbəbləri araşdırıb üzə çıxarmaq, tədbirlər görmək olduqca vacibdir.

 Azərbaycan uzunömürlülər ölkəsi olub. Ancaq bu gün çox da onunla öyünə bilmərik. İnsanların ömür səviyyəsi azalır. Bunu həm ekoloji amillərdə, həm də qida məsələlərində və s. axtarmaq lazımdır. Bu gün tədqiqatlar  bunun  müəyyənləşməsindən getməlidir. Bölgələrimiz üzrə Azərbaycanın zəngin genefonu, insanı çox istedadlı, uzunömürlü, sağlam, istedadlı, gözəl olub. Bütün bunların əsasını axtarmaq lazımdır ki, bu gün sağlamlıq haqqında da müəyyən problemlərimiz var. Xəstəliklər çoxalıb, cavanlaşıb. Bu, artıq ciddi elmi tədqiqatlar tələb edir.

Sevinc Hüseynova: Mən artıq iki tezis çap etdirmişəm.

İradə Hüseynova: Baxmışam. Mən diqqətlə bunların hamısına baxdım.  Qlobal iqlim dəyişiklikləri, COP29-dan irəli gələn, Azərbaycanın elmi qarşısında duran vəzifələrlə bağlı hörmətli İsa müəllim geniş məruzə elədi, onun  rəhbərliyi ilə Rəyasət Heyətinin iclasında  bu məsələlər ayrıca müzakirə olundu. COP29 Azərbaycan elmi qarşısında  yeni vəzifələr qoydu. Biz də yeni çağırışlara cavab verməli, daha ciddi işlər görməliyik.

Kadr hazırlığı ilə bağlı tədqiqatların getməsi üçün, düşünürəm ki, şöbələr də yaradılmalıdır. Ancaq, eyni zamanda, paralel olaraq kadr hazırlığı da olmalıdır. Çünki bütün məsələləri həll edən kadrlardır, bunun üçün yaxşı kadrlar olmalıdır ki, işlər yaxşı getsin.

Mehman Əliyev: Mən yalansız bir Mərkəz yaratmaq istəyirəm. Korporativ təfəkkürdən uzaq bir Mərkəzhttps://lrem.az.

İsa Həbibbəyli: Sən çətin adamsan.

Mehman Əliyev: Bəli, mən çətin adamamhttps://lrem.az.

İradə Hüseynova: Mehman müəllim qeyd elədi, Mirməhəmməd Babayev gənclərimizdəndir, doktorantura təhsilini davam etdirməsi çox yaxşıdır. Mövzusuna baxdım: “Neftlə çirklənmiş Suraxanı ərazisində yayılmış olan bəzi geofit bitki növlərinin bioekoloji xüsusiyyətlərinin araşdırılması” əvəzinə daha yaxşı olardı ki, bu bölgə ilə əlaqədar mövzuya müraciət edəydi. Çünki Cənub bölgəsinin flora və faunası çox zəngindir, çox faktlar, bitkilərin tarixi haqqında məlumatlar məhz buradan götürülüb. Daha maraqlı mövzu götürmək olardı. Bu barədə fikirləşmək lazımdır.

İsa Həbibbəyli: Tamamilə doğrudur.

İradə Hüseynova: Qlobal iqlim dəyişikliklərinin məhz bitki aləminə təsiri, burada nə baş verir, ciddi monitorinqlərin aparılması gündəmdə olmalıdır.

İsa Həbibbəyli Mirməhəmməd Babayevə müraciət edir: Neçənci ilinizdir?

Mirməhəmməd Babayev: Bu il daxil olmuşam.

İsa Həbibbəyli: Təzə mövzu götürün, hələ koordinasiya getməyib, bəlkə danışasınız? Cənub bölgəsi ilə, Lənkəranla bağlı olsun.

İradə Hüseynova: İsa müəllim, danışmaq olar. Mirməhəmməd Aerokosmik Agentliyinin doktorantıdır, onlarla  danışmaq olar,  mövzunu Cənubla  əvəzləsin. İsa müəllim çox dəqiq izah elədi, Xəzər dənizinin ekoloji problemləri kifayət qədərdir. Bu gün COP29 Azərbaycan üçün  geniş imkanlar yaradıb. Bizim diqqətimiz hara cəlb olunmalıdır, onları düşünməliyik. Məsələn, Xəzər dənizinin sizin bölgə üzrə problemləri araşdırılmalıdır. COP29-un bir neçə panel sessiyası məhz Xəzər dənizinin canlı aləminə,  problemlərinə həsr olunmuşdu.

İsa Həbibbəyli M.Babayevə müraciət edir: Sizin ixtisasınız nədir?

Mirməhəmməd Babayev: Ekoloq.

İsa Həbibbəyli: Hansı  universiteti bitirmisiniz?

Mirməhəmməd Babayev: Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsini ekologiya ixtisası üzrə bitirmişəm.

İsa Həbibbəyli: Ekologiya bəlkə Lənkəranda, Cənub bölgəsində yoxdur? İşin içindəsiniz. Çalışın mövzunu dəyişin.

İradə Hüseynova: Bir də, mənə şərabçılığın tarixini əks etdirən mənbələr maraqlı oldu. Belə bir  kitab çap olunub, maraqlıdır. Lənkəranda bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar vardır.

İsa Həbibbəyli: Bu bölgənun şərabçılığı yaxşı olar.

İradə Hüseynova: Bu bölgənin geniş imkanları var, çox maraqlı mövzular qoymaq olar. Mehman müəllimi də tam dəstəkləyirəm. Biz də həmişə belə olmuşuq. Mən bu gün akademik Cəlal Əliyevin yaratdığı institutda çalışıram. Orda da əsas kadrları işə götürəndə ciddi seçim edilirdi. Əgər kadr yaxşıdırsa, onun gələcəkdə gördüyü, apardığı tədqiqatlar, aldığı nəticələr ciddi olacaqdır. Düşünürəm ki, elə bu yolla getmək lazımdır.

Bu gün hətta bir qədər də paxıllıq hissi keçirdim ki, İsa müəllim görün sizi nə qədər çox istəyir, bizə kitabı verməmiş ilk olaraq sizə təqdim etdi.

Mən sizin hamınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.            

***

AMEA-nın akademik-katibi, akademik Arif Həşimov çıxış edərək təqdim olunmuş hesabat barədə fikirlərini bildirdi, Elmi Mərkəzdə il ərzində aparılan işləri yüksək qiymətləndirdi.

***

Akademik İsa Həbibbəylinin  yekun nitqi

 

Mehman Əliyev də bu gün çıxışında dedi, mən Lənkəran Şəhər İcra Hakimiyyətinə minnətdarlığımı bildirirəm. Torpaq məsələsi ilə bağlı Mehman Əliyev bir neçə dəfə şəhər İcra hakimiyyətində olub, bu barədə mənə məlumat verib, onlarla apardığı söhbətləri, dialoqları, qarşılıqlı əlaqələri deyib. Mütləq sizin fəaliyyətinizdə ŞİH-lə əlaqəli işləməyiniz çox vacibdir. Biz dövlətçiliyə xidmət edirik. Qiymətləndirirəm ki, burada Yeni Azərbaycan Partiyasının özəyini, ilk təşkilatını yaratmısınız. Mən Milli Elmlər Akademiyasına vitse-prezident gələndə 41  institutun cəmi 4-də YAP-ın özəyi var idi. İki il ərzində hamısında yaratdıq. Burada da yox idi, yaratdınız, bu, dövlətçilik deməkdir, əhəmiyyətlidir. Eyni zamanda, işinizi, fəaliyyətinizi ŞİH-lə daim əlaqələndirməlisiniz. Fərman müəllimin dövründə İcra hakimiyyətinin nümayəndəsi  burada iclasımızda iştirak edirdi.

Mərkəzin inzibati binası üçün torpaq sahəsinin ayrılmasında göstərdiyi dəstəyə görə İcra hakimiyyətinə mənim adımdan minnətdarlığımı çatdırasınız. Torpağın alınıb-verilməsində onlar qayğıkeş münasibət göstəriblər. Sizin qaldırdığınız məsələlərdə, görürəm ki, dialoq yaxşıdır, daha da yaxşı olmasını istəyirəm. Çünki bizim işimiz dövlətçilikdir. Mənim salamlarımı çatdırın, bundan sonra da ŞİH-lə fəaliyyətinizi əlaqəli şəkildə qurun.

 Xüsusi təşəkkürlərimi Milli Məclisin deputatı, tanınmış kardio-cərrah Rəşad Mahmudova bildirirəm. O özünə məxsus  fərdi torpaq sahəsini Lənkəran Regional Elmi Mərkəzinə hədiyyə etdi. Bu xeyirxah, təmənnasız əməlinə görə Milli Məclisin sədri Sahibə xanım Qafarovanın ünvanına minnətdarlıq məktubu göndərəcəyik.

Düşünürəm ki, Lənkəran Dövlət Universiteti ilə də əlaqələrinizi daim genişləndirməlisiniz. Çünki elmlə təhsilin inteqrasiyası vacib məsələlərdən biridir. Gələn dəfə bura gələndə istəyirəm ki, LDU-nun elmi işlər üzrə prorektoru və ya başqa nümayəndəsi tədbirimizdə iştirak etsin, qarşılıqlı inteqrasiya olsun, tək əldən səs çıxmaz. Burada aparılan elmi işləri onlarla əlaqələndirmək lazımdır. Bu məsələlərə diqqəti artırın. Yaxşı cəhətdir ki, rayonda çıxan “Aşkarlıq” qəzetinin  baş redaktoru burdadır. Rayon ziyalıları ilə əlaqələriniz yaxşıdır, axtarıb tapırsınız, keçirdiyiniz elmi seminarlara, konfranslara, tədbirlərə onları dəvət edirsiniz. Bura regionun elmi mərkəzidir. Kimin elmlə bağlı sualı varsa, bura gəlməlidir. Düzgün edirsiniz, həm istedadlar üzə çıxır, həm elmi mərkəzin nüfuzu artır, həm də yeni ideyalar meydana gəlir. Bu işlərinizi davam etdirməyi vacib sayıram.

Bu gün bizim gəlişimizlə Lənkəran Regional Elmi Mərkəzi bir az da yeniləşdi. Yeni elmi jurnal, yeni şöbələr, doktorantura, herontologiya https://lrem.az. Biz  buranı bir qədər də əhatəli görə bildik. Sizə həmişə kömək edəcəyik.

Burdan çıxıb yeni torpaq sahəsinə və təcrübə bazasına baxmaq istəyirik.

Sizə uğurlar, cansağlığı arzulayıram. Qarşıdan yeni il gəlir, bayramınız mübarək olsun!

İndi isə gedək Mərkəzin binasının qarşısında hamılıqla xatirə şəkli çəkdirək.

 

                                    Lənkəran Regional Elmi Mərkəzi,  07 dekabr 2024.