Arxiv
19.11.2019 | MARAQLI MƏLUMATLAR
AMEA Lənkəran REM-də yeni sortlardan ibarət anaclıq çay plantasiyası salınıb

Çayçılıq üzrə Dövlət Proqramının Tədbirlər Planında göstərilir ki, yeni çay sortlarının yaradılması, mövcud sortların anaclıq sahələrinin genişləndirilməsi və vegetativ üsulla əkin materialının yetişdirilməsi ön plana çəkilməlidir

“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda yeni çay bitkisi sortlarının yaradılması, əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması nəzərdə tutulur. AMEA Lənkəran Regional Elmi Mərkəzi (LREM) də elmi-tədqiqat işlərini bu tələblərə uyğun qurmağa, əldə edilən uğurlu nəticələri daha da genişləndirməyə çalışır. Mərkəzin direktoru, respublikanın Əməkdar aqronomu, professor Fərman Quliyev söhbət zamanı bildirib ki, Azərbaycanda çay  plantasiyalarının məhsuldarlığının  və məhsulun  keyfiyyətinin yaxşılaşdırılmasında çayın yeni sort və klonlarının yaradılması, onların  kəndli fermer təsərrüfatlarında tətbiq edilməsini bu sahənin inkişafında ən mühum şərtlərdən biri sayır. Bu məqsədlə AMEA Lənkəran REM Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Lənkəran çay filialı bazasında elmi əməkdaşlıq əsasında işlərin müştərək aparılması üçün müvafiq razılıq əldə olunub. Müqaviləyə əsasən “Çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə tədqiqat işləri aparılır. Tədqiqatlar zamanı çay bitkisinin 50-dən çox sort və forması bölgənin mövcud çay plantasiyalarından seçilərək,vegetativ yolla çoxaldılıb və Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilməklə bir sıra uğurlar əldə edilib. Çoxillik tədqiqatlar nəticəsində 4 yeni məhsuldar çay sortu -  “Fərmançay”,  “Lənkəran”,  “Xəzər”,  “Fərmançay çəhrayı” cari ildə Kənd Təsərrüfatı Nazirliyi yanında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti”nin Qərarı ilə reyestrə daxil edilərək rayonlaşdırılıb.

 Professor qeyd edib ki, cari ildə  yeni rayonlaşdırılmış sortların artırılıb çoxaldılması üçün Lənkəran REM-də əməli işlərə başlanıb. Belə ki, Mərkəzin tədbirlər planına uyğun olaraq təcrübə sahəsində yeni alınan çay sortlarından ilkin olaraq məhdud ərazidə anaclıq çay plantasiyası salınıb.

Çayçılıq üzrə Dövlət Proqramında göstərildiyi kimi anaclıq plantasiyaların daha da genişləndirilməsi, çayın vegetativ üsulla artırılması məqsədilə ilk dəfə dumanyaradıcı qurğu da istifadəyə verilib və burada yaşıl çiliklərdən əkin materialı əldə etmək üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, gələcəkdə fermer təsərrüfatlarını daha məhsuldar elit çay sortları ilə təmin etmək üçün bu üsuldan yararlanmaqla əkin materialları yetişdirmək mümkün olacaqdır.

 

Sərraf Talıbov,

Lənkəran REM-nin əməkdaşı