Arxiv
19.10.2019 | MARAQLI MƏLUMATLAR
AMEA Lənkəran REM-də Quayava bitkisinin yetişdirilməsində uğurlu nəticələr əldə edilib

“Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək sitrus meyvələri istehsalı həcminin 100 min tona çatdırılması nəzərdə tutulur.” (Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün DÖVLƏT PROQRAMI)

Quayava bitkisinin vətəni tropik Amerikadır. Asiya və Afrikada mədəni halda becərilir. Son illərdə AMEA Lənkəran Regonal Elmi Mərkəzdə (REM) bu qiymətli bitkinin rayonlaşdırılması istiqamətində prof.Fərman Quliyevin elmi rəhbərliyi altında ciddi işlər aparılır. Belə ki, ilk dəfə F.Quliyev İran İslam Respublikasından gətirdiyi tropik-subtropik quayava (Psidium quayava) meyvə   bitkisinin becərilməsi imkanları araşdırılıb.

Bu barədə daha geniş məlumat almaq üçün professor  Fərman Quliyevlə görüşüb söhbət etdik. Prof.F.Quliyev bildirdi ki, quayava  mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki növüdür. 20 ilə yaxındır ki, quayavanın rayonlaşdırılması istiqamətində elmi-tədqiqat işləri aparırıq. Vətəni Cənubi Amerika olan quayavanın bölgəmiz şəraitində açıq havada, sintetik örtük və otaq şəraitində becərilməsinə  dair bir sıra uğurlu nəticələr əldə etmişik. Qeyd etməliyəm ki, quayava yerindən asılı olaraq kol formasında və ya çox da böyük olmayan hündürlüyü 3-4 metr, bəzi hallarda isə 8-10 metrə çatan həmişəyaşıl ağacdır. Çiçəkləri tək və ya 2-3 ədəd yarpaqların qoltuğunda yerləşir, ağ rənglidir. İldə 1-2 dəfə çiçəkləyir. Bitkinin vacib bir üstünlüyü, özü-özünü tozlandırmasıdır. Bəzi növləri çarpaz tozlanır. Çiçəklərdə özü-özünü tozlanma ilə yanaşı, bal arıları vasitəsilə də baş verir. Müхtəlif üsullarla - zoğ, calaq, toхum və qələmlərlə çoхaldılır. Günəşli və çoх isti yerləri sevir. Quraqlığa dözümlüdür. İldə 1-2 dəfə məhsul verir. Meyvəsi yaşıl, qırmızı, sarı lətli, armudşəkilli və ya yumru, uzunluğu 4-6 sm-ə qədər, çəhrayı, ağ və ya sarı rənglidir.  Yaşından asılı olaraq birinci yığımda ağacdan 50-100 kq-a yaxın məhsul götürmək mümkündür.

  • Professor, quayava hansı xüsusiyyətlərinə görə populyarlıq qazanıb?
  • Quayava qənnadı və tibb sənayesində geniş istifadə edilir. Müalicəvi xassələri isə saymaqla qurtaran deyil. Bitkinin bütün hissələrində taninlər vardır, meyvələri vitaminlərlə zəngin, ətirli, turşaşirindir. Yarpaqlarından efir yağları alınır. Yarpaqları, çiçəkləri və meyvələri bakterisid təsirə malikdir. Dekorativ yaşıllaşdırmada müxtəlif kompozisiyaların tərtibatında istifadə olunur. Quayavada rekord miqdarda, orta hesabla 100 qr-da 240 mqr C vitamini olduğundan, meyvələri müxtəlif tənəffüs yolları xəstəlikləri və qrip zamanı tez-tez istifafadə edilməsi tövsiyə olunur. Kolun bütün hissələrində taninlərlə yanaşı, seskviiterpenlər və leykosianidlər vardır. Bundan əlavə,  köklərdə tanindən əlavə çoxlu miqdarda kversetin və b-sitosterol aşkar edilib. Yarpaqlarda benzaldehid, kariofillen, sineol və digər unikal birləşmələri ehtiva edən xüsusi efir yağları mövcuddur. Tərkibində taninlərin, efir yağlarının, qətranların və  efir yağlarının olması quayavanı əla antimikrob və bakterisid təsirə malik vasitə edir. O həm də güclü  antispazmolotiik və büzücü təsir göstərir. Çoxlu miqdarda lif və müxtəlif vitaminlərin olması ciddi xəstəlikdən sonra sağlamlığı tez bir zamanda bərpa etməyə imkan verir. Meyvələri nəinki insan orqanizminin tonusunu yüksəldir, həm də limfa sistemini gücləndirmək qabiliyyətinə malikdir. Quayavanın şirəli meyvələri bronxial astma, ishal, bronxit, həmçinin tonzillit və ciddi sətəlcəm zamanı məsləhət göstərilir. Bitkinin təzə yarpaqları inanılmaz yarasağaldıcı xüsusiyyətlərə malikdir. Onlardan çiban və hər cür dəri səpkilərindən qurtulmaq üçün geniş istifadə olunur. Həmçinin diş ağrısını tez bir zamanda aradan qaldırır.

Professor daha sonra bildirdi ki, bu kolun yarpaqlarından hazırlanan şəfalı çay  müxtəlif mədə-bağırsaq pozğunluqlarını aradan qaldırır və nizamsız menstrual sikli bərpa etməyə kömək edir, başgicəllənmə və dizenteriya üçün də məsləhət görülür. Yarpaqların  həlimi güclü öskürəkəleyhinə vasitə hesab olunur. O həmçinin ağızda İltihabı götürmək, yaraları sağaltmaq və ağrıları azaltmaq üçün yaxalama kimi də təyin edilir. Yarpaqlardan əlavə, xalq təbabətində çiçəklərindən və bitki qabığından da istifadə olunur. Yarpaqları və qabıqlarının birləşmiş qarışıqları antipiretik xüsusiyyətlərə malikdir.

Professor quayavanın çoxaldılmasına da toxundu:

  • Toxumla çoxaldılarkən bitki üçüncü ildə çiçək açır. Meyvələrdən çıxarılan toxumlar yaxşı cücərir. Məhsul yığıldıqdan dərhal sonra yetişmiş meyvələr çürüdülür, toxumlar yığılıb otaq şəraitində qurudulur. Mart ayından başlayaraq toxumları istixana şəraitində yeşiklərə səpmək olar. Quayava qələmlə nisbətən çətinliklə artırılır. Köklənməsi üçün havanın temperaturu və  nisbi rütubəti yüksək olmalıdır.

Kökü, qabığı, yarpaqları, çiçəkləri, meyvələri, bir sözlə bütöv bitkinin müalicəvi xüsusiyyətlərə malik olması bu həmişəyaşıl möcüzəvi ağacın təsərrüfat əhəmiyyətini qat-qat artırır.

Cənub bölgəsinin simvollarına çevrilmiş limon, narıngi, feyxoadan geri qalmayan və bəzi hallarda öz müalicəvi xüsusiyyətləri ilə onları üstələyən quayava bitkisi, görəsən, bu sırada  özünə yer tuta biləcəkmi? Bu suala prof.F.Quliyev müsbət cavab verdi:

  • Müalicəvi xüsusiyyətlərinə görə, bir çox sitrus bitkilərindən geri qalmayan quayava, inanıram ki, bölgəmizdə təsərrüfat sahiblərinin, fermerlərin, həvəskar bağbanların maraq dairəsinə düşəcək, bu möcüzəvi bitkinin tezliklə populyarlaşmasına, bölgəmizdə becərilən sitrus bitkiləri arasında öz layiqli yerini tutmasına təkan verəcəkdir.
  • Bəs, bu bitkini necə əldə etmək olar?
  • Artıq AMEA Lənkəran REM-də quayavanın artırılması istiqamətində müəyyən işlər görülür. Bitki ilə maraqlananlar, onu əldə etmək istəyənlər Lənkəran REM-ə müraciət edə bilərlər. Çalışacağıq ki, həmin adamları məhdud sayda olsa da quayava bitkisi ilə təmin edək.
  • Müsahibəyə görə çox sağ olun, professor! İşlərinizdə yeni-yeni uğurlar arzulayırıq.
  • Siz də sağ olun.

Müsahibəni apardı:   Sərraf Talıbov