Arxiv
29.08.2019 | MÜHÜM HADİSƏLƏR
Lənkəranda  qədim maddi-mədəniyyət nümunələri tapılıb

Lənkəran rayonunun Sütəmurdov kənd sakini həyətyanı sahəsində  su quyusu qazarkən qədim maddi-mədəniyyət nümunələri  aşkar edilib.  Tapıntıların tədqiqi üçün  AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə (LREM)müraciət olunub.

Lənkəran REM-nin əməkdaşları  quyuya baxış keçirib. Təqribən eni 1,  dərinliyi 5 metr olan  quyunun profilində qalınlığı 3 metrdən yuxarı olan mədəni təbəqə  aşkarlanıb.  Məhz həmin təbəqədə aşkarlanan  tapıntıların   orta əsrlər dövrünə aid olduğu müəyyən edilib. Sütəmurdov kənd sakini Xəyal Məmmədovun dedikləri: “Həyətdə su quyusu qazarkən 3 metrlikdə bir əşyaya, 60 sm qazandan sonra daha 2əşyaya rast gəldik. 4 metrə çatarkən artıq digər əşyalar aşkar etdik. Mənə elə gəldi ki, bu çox qədim əşyadır. İstərdim ki, tarixçilər, arxeoloqlar bunlarla maarqlansınlar, bu qabların tarixini  öyrənsinlər.

Xəyal Məmmədov  daha sonra bildirib ki,  15 il əvvəl də həyətlərində  quyu qazılarkən oxşar hadisə ilə qarşılaşıblar.  Amma  əhəmiyyət verməyiblər.  Bu dəfə  quyuda aşkarlanan   müxtəlif ölçülü küp sınıqları, boşqab qalıqları, çıraqlar diqqəti daha çox cəlb edib. 

AMEA Lənkəran REM-nin elmi işçisi, a.ü.fəlsəfə doktoru Samir Kərimov tapıntı ilə bağlı bunları bildirib: “Aşkarlanan  materalar 2 qrupla təmsil olunub. I qrup şirsiz  saxsı məmulatıdır. Bunlar əsasən orta tutumlu küpələr və işıqlandırma vasitələri olan çıraqlardır ki, bunlar da  əsasən  məişətdə istifadə olunub. II qrup saxsı məmulatı isə əsasən şirəli saxsı məmulatından ibarətdir. Və həmin şirli saxsı məmulatının tədqiqi göstərir ki, burada XII-XIII  əsrlərə aid qalın mədəni təbəqə yatımına malik  yaşayış yeri mövcud olub.”

Mütəxəssisin məlumatına görə,  mədəni   təbəqənin profilində   0,7 metr qalınlığında  yanğın izləri, saxsı qırıntıları, kömür qalıqları  və qalın kül qatı   sübut edir ki,  burada  həyat ardıcıl, intensiv davam edib. Sonralar  abidənin üzərində kənd yaşayış yeri salındığından mədəni  təbəqə qismən də olsa, dağıntılara məruz qalıb.  

Samir Kərimov daha sonra əlavə edib ki, bu abidəni  Sutəmurdov yaşayış yeri kimi də  xarakterizə edə bilərik. Tapıntı yeri Lənkəran çayının sahilindən təqribən 700-800 metr aralıda yerləşir. Hələ 2017 ildə tərəfimizdən qonşu Velədi kəndində də bu tipli orta əsrlərə aid yaşayış yerini aşkar etmişdik. Saxsı məmulatının analizi göstərir ki, bu saxsı məmuatı ilə Velədi yaşayış yerinin saxsı məmulatı arasında oxşarlıq mövcuddur.

Yazılı mənbələrdə Lənkəran şəhərinin əsasının 17-18 əslərdə qoyulduğu qeyd olunsa da,  əldə olunan, eyni zamanda təsadüf nəticəsində aşkar edilən  maddi mədəniyyət nümunələri  Lənkəran şəhəri yaxınlığında  yaşayışın hələ  XII-XIII əsrlərdə mövcud olduğunu bir  daha sübut edir.

Tapıntılar tədqiq olunması  üçün Lənkəran Regional  Elmi Mərkəzinin  arxeologiya şöbəsinə təqdim olunub. Tədqiqat işləri başa çatdırıldıqdan sonra  abidə  haqqında  elmi məqalə hazırlanaraq  elmi ictimaiyyətə çatdırılacaq.

 Sərraf Talıbov,

AMEA Lənkəran REM-nin ictiamiyyətlə əlaqə şöbəsi