Arxiv
06.07.2019 | GÖRÜŞLƏR
KT Nazirliyinin Elmi Tədqiqat Mərkəzinin aparıcı mütəxəssisləri Lənkəranda olublar

Çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramının icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Mərkəzinin aparıcı mütəxəssisləri Masallı, Astara və Lənkəran rayonlarında olublar. Mütəxəssislər 3 gün müddətində çayçılıqla məşğul olan fermerlərlə, bu sahə üzrə mütəxəssislərlə görüşüb, elmi tədqiqat müəssisələrində, fermer  təsərrüfatlarında görülən işlərlə əyani surətdə tanış olublar.  Masallı və Astara rayonundan sonra Mərkəzin aparıcı mütəxəssisi İlkin Hüseynov  “Yaşıl çay “ fermer təsərrüfatına baş çəkib, plantasiyaların vəziyyəti ilə tanış olub, görülən işlər barədə təsərrüfatın rəhbəri Araz Yağubovla geniş fikir mübadiləsi aparıb. Araz Yağubov indiyədək 70 hektar sahədə çay əkdiyini, çayın sort növü, hər hektara çəkilən xərc və gələcək planları barədə məlumat verib, çayçılığın inkişafı ilə bağlı təkliflərini irəli sürüb. Görüşdən razılıqa ayrılan İlkin Hüseynov təsərrüfat rəhbərindən aldığı təklifləri Elmi Tədqiqat Mərkəzinə çatdıracağını bildirib. 

Daha sonra o, Azərbaycan Meyvəçilik və Çayçılıq institutunun Lənkəran filialında olub.  Burada AMEA Lənkəran Regional Elm Mərkəzinin direktoru Fərman Quliyevlə görüşən Elmi Tədqiqat  Mərkəzinin bölmə rəhbəri Famil Əhmədov və aparıcı mütəxəssis İlkin Hüseynov professorun təcrübə sahəsinə baş çəkiblər.  Professor Fərman Quliyev qonaqlara çayçılığın iqtisadi səmərəliliyi, bu sahənin inkişafı üçün  yeni çay sortları yetişdirilməsinin vacibliyi,  Dövlət Proqramının icrası ilə bağlı bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib, onları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirib, Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün əsas  şərtləri diqqətə çatdırıb.

Professor qeyd edib ki, indiki şəraitdə Dövlət Proqramında göstərildiyi kimi çayçılığın intensiv yolla inkişafı, müasir elmi biliklərdən yararlanmaqla bu sahənin dirçəldilməsi ön plana çəkilməli, fermerlər arasında ciddi təbliğat  işləri aparılmalıdır.

Hazırda AMEA-nın LREM-də bu sahədə tədqiqatlar davam etdirilir. Professor Azərbaycan Meyvəçilik və Çayçılıq ET İnstitutu və AMEA-nın LREM-i ilə bağlanmış əməkdaşlıq müqaviləsi əsasında yaratdıqları birgə elmi təcrübə sahəsində onun elmi rəhbərliyi altında cari ildə rayonlaşdırılan yerli və böyük perspektivli 4 çay sortu barədə mütəxəssislərə ətraflı məlumat verib, onları bu sortlarla yerində əyani tanış edib. Daha sonra prof. Fərman Quliyev göstərib ki, bu intensiv sortların artırılması üçün Meyvəçilik və Çayçılıq ET İnstitutunun Lənkəran filialı sahəsində anaclıq plantasiyasının salınması və ayrı-ayrı fermer təsərrüfatlara bu çay sortlarından əkin materialları üçün verilməsini xüsusi olaraq vurğulayıb.

Görülən işlərdən razı qalan mütəxəssislər 3 gün ərzində Masallı, Lənkəran, Astara rayonlarında onlarla çayçılıq təsərrüfatlarında olduqlarını, onlarla fermer, elmi mütəxəssislərlə görüşdüklərini, Çayçılığın inkişafı ilə əlaqədar Dövlət Proqramının icrası ilə bağlı zəngin məlumat  əldə etdiklərini və bu məlumatların gələcəkdə çayçılığın daha sürətli inkişafında  faydalı olacağına ümid etdiklərini diqqətə çatdırıblar.