Arxiv
01.07.2019 | GÖRÜŞLƏR
FAO-nun nümayəndələri Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişafı ilə bağlı müzakirələrdə iştirak ediblər

 Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (AEİMM), Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqa İnstitutu (MÇETİ) və Lənkəran Regional Aqrar Elm İnformasiya Mərkəzi və AMEA-nın Lənləran Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişaf potensialı” mövzususunda  elmi-praktik seminar keçirilib.  Tədbirdə Meyvəçilik və çayçılıq Elmi-Tədqiqa İnstitutunun (MÇETİ) direktoru İlham Qurbanov, MÇETİ-nin Lənkəran filialınınvə AMEA-nın Lənləran Regional Elmi Mərkəzinin əməkdaşları, FAO-nun Roma ofisinin nümayəndələri Dmitri Prixodko, Aleksandra Sokolova, fermerlər və digər əlaqədar təşkilatların rəhbərləri iştirak ediblər.

Seminarı Lənkəran RAEİM-nin direktoru Teyyub Rzayev giriş sözü ilə açıb, tədbirin məqsəd və məramı barədə ətraflı məlumat verib

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (MÇETİ) direktoru İlham Qurbanov ölkəmizdə aqrar sahənin elmi təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət proqramı barədə məlumat verib. Meyvəçilik və və Çayçılıq  ETİ-nin direktor müavini Vahid Əliyev “Azərbaycanda çyçılığın mövcud vəziyyəti”, MÇETİ-nin doktorantı Cahani Nüsrətzadə “Çay plantasiyalarının salınması texnologiyası, MÇETİ-nin Lənkəran çay filialının aparıcı elmi işçisi Fərman Abdullayev  “Modern çay tinglərinin yetişdirmə texnologiyası” və MÇETİ-nin laboratoriya müdiri Faiq Əliyev “Çay və sitrus bitkilərinin əsas zərərvericiləri və xəstəlikləri” mövzularında çıxış ediblər.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Çayçılığın müasir inkişaf yolları, dövlət dəstəyi,  fərdi təşəbbüslərə diqqət, sitrus bitkilərində ziyanvericilərə qarşı mübarizə tədbirləri ilə bağlı təkliflər irəli sürülüb.

                                                                                                      

Seminar iştirakçıları daha sonra Lənkəran çay filialında  AMEA Lənkəran REM-nin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevin yeni çay sortlarının yetişdirilməsi üzrə təcrübə sahəsinə baxış keçiriblər. Qonaqları qarşılayan professor Fərman Quliyev daha məhsuldar çay sortlarının yetişdirilməsi üçün görülən işlərdən, əldə edilən müsbət nəticələrdən danışıb. Bildirib ki, möhtərəm prezidentimiz İlham Əliyevin son illərdə aqrar sahəyə göstərdiyi xüsusi diqqət, digər sahələr kimi çayçılıq və sitrusçuluğun inkişafı ilə bağlı verdiyi sərəncamlar, qəbul edilən Dövlət Proqramları bu sahələrin intensiv  inkişafı üçün geniş imkanlar açıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, cənab Akif Əlizadə də cənub bölgəsində aqrar sahənin, xüsusən də çayçılıq və sitrusçuluğun elmi əsaslar üzərində inkişafı üçün köməyini bizdən əsirgəmir. Görülən məqsədəmüvafiq tədbirlər bəhrəsiz qalmayıb. Bu istiqamətdə artıq bir sıra müsbət nəticlərə imza atmışıq. Apardığımız təcrüblər nəticəsində Lənkəran çay filialında 4 yeni çay sortu əldə edilib. Belə ki, rəhbərliyimiz altında “Çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə tədqiqat işləri aparılıb. Tədqiqatlarda uzun illərdən bəri çay bitkisinin 50-dan çox sort və formaları toplanaraq Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilmiş və bir sıra uğurlar əldə edilib.

Professor əlavə edib ki, ölkədə mövcud olan çay plantasiyalarında çay kolları məhsuldarlıqlarına, yarpaq keyfiyyətinə, zoğvermə intensivliyinə, vegetasiya müddətinin uzunluğuna, budaqlanma xarakterinə, generativ fəaliyyətinə, quraqlığa və soyuğa davamlılığına və ən nəhayət istehsal edilmiş quru çayın keyfiyyətinə görə bir-birindən xeyli dərəcədə fərqlənirlər. Plantasiyada çay kollarının yekcins olmaması, nəticədə məhsuldarlığa və məhsulun keyfiyyət göstəricilərinə təsir göstərməklə, emal texnologiyasının işini və yüksək keyfiyyətli məhsul istehsalında da bir sıra çətinliklər yaratmış olur. Göstərilən bütün bu məsələləri nəzərə alaraq, təsərrüfat əlamətləri ilə fərqlənən sort-klonların yaradılmasına xüsusi diqqət yetirilməlidir. Bu baxımdan Az. ETB və SBİ-nin Lənkəran Çay filialında ilk olaraq1982-1986-cı illərdə prof. F.A.Quliyev və b.e.n. M.M. Babayev çay bitkisinin vegetativ üsulla çoxaldılması metodunu işləyib hazırlamışlar. Bundan sonra isə çayın bölgə şəraitində klon seleksiyası üzrə elmi tədqiqat işləri genişləndirilıb. Klon seleksiyası üsulu ilə əldə etdiyimiz yüksək məhsuldar və yüksək keyfiyyətli çayın yeni forma-klonları respublikada çayçılığın müasir elmi əsaslar üzərində inkşaf etdirilməsi işində mühüm rol oynaya bilər. Bu forma-klonlar Lənkəran Astara subtropik bölgəsinin çay plantasiyalarında klon seleksiya işləri əsasında təsərrüfat qiymətli anaclıq çay kolları seçilmiş və onların üzərində elmi-tədqiqat işləri davam etdirilmişdir. Yeni yaradılmış sortlar əvvəllər rayonlaşmış çay sortu “Azərbaycan-2” ilə müqayisələr aparılmış, kolların həcmi, budaqlanma dərəcəsi, yarpaqların buğumarası məsafəsi, fleşlərin kütləsi, kolların zöğvermə intensivliyi və sair haqda məlumatlar toplanmış və müqayisəli şərhi verilmişdir. Rayonlaşmış “Azərbaycan-2” ilə müqayisədə vegetasiyanın başlanması adətən aprel ayının əvvəllərinə təsadüf etdiyi halda, yeni rayonlaşdırılmış sortlar içərisində ən tez vegetasiya başlama- “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay çəhrayı” sortlarda müşahidə edilib. Bu, perspektiv sort-klonların yaşıl yarpaq məhsuldarlığına nəzər saldıqda, məlum olub ki, əldə olunmuş yeni perspektiv çay sort klonları nəzarət (“Azərbaycan-2”) variantından 70%-dən çox məhsuldardırlar.

Gələcəkdə bu perspektiv sortların çoxaldılaraq fermer təsərrüfatlarında yeni salınacaq çay plantasiyalarının təmin olunmasında istifadəsi nəzərdə tutulmuşdur.

Sonda professor Fərman Quliyev daha məhsuldar, quraqlığa və izafi soyuğa davamlı çay sortlarının alınması üçün işlərin davam etdirildiyini qonaqların nəzərinə çatdırıb.

Tədbirdə iştirak edən FAO-nun Roma ofisinin nümaayəndəsi Stanislav Prixodko görülən işlərdən məmnun qaldığını bildirib. İstisu qəsəbəsində yenilikçi fermer Araz Yağubovun çay sahələri, professor Fərman Quliyevin rəhbərliyi altında aparılan sort sınaq işləri nəticəsində yaradılan yeni çay sortları, onlarda Azərbaycanda çayçılığın daha geniş sahədə yayılmasına, bu xeyirli sahənin yenidən inkişafına böyük ümidlər oyadır. Sonda S.Prixodko yaxın perspektivdə FAO ilə Azərbaycan arasında çayçılıq və sitrusçuluq sahəsində də əməkdaşlıq layihələrinin həyata keçirilməsini istisna etməyib.

Elmi seminarın iştirakçıları  professor Fərman Quliyevin rəhbərliyi altında yeni məhsuldar çay sortlarının yetişdirilməsi üçün görülən təcrübi işlərdən razı qalmış, tanınmış elm adamına və bu işdə əməyi olan hər kəsə uğurlar arzulayıblar.

 Sərraf Mirsəfəroğlu