Arxiv
12.02.2025 | Maraqlı məlumatlar
Yalan ayaq tutar yeriməz

QAYNARİNFO.AZ saytı 11 fevral 2025-ci il tarixində AMEA Lənkəran Regional Elmi Mərkəzi haqqında qərəzli yazı vermişdir. Qeyd edilir ki, Mərkəz ofis icarəsi ilə bağlı mügənni Cavad Rəcəbovla 1500 manat dəyərində imzaladığı müqavilə satınalmaların vahid elektron portalında qeydiyyatdan keçməyib.

Məlumat üçün diqqətinizə çatdırırıq ki, tərəflər arasında icarə müqaviləsi 31 may 2021-ci il tarixində notarial qaydada imzalanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən bu müddət 31 may 2025-ci il tarixinə qədərdir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Bu məqsədlə Mərkəz 31 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məktub ünvanlamışdır. 3 fevral 2025-ci il tarixində satınalma metodunun tətbiqinə razılıq verilmişdir.

Bütün bu sənədlər vahid elektron sənəd dövriyyəsi portalında yerləşdirilmişdir. Sayt isə informasiyanı dəqiqləşdirmədən belə bir yalan məlumat yayır: ”Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid elektron internet portalında keçirilməyib”.

Media haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq feyk məlumatı tirajladığına, müəssisənin işgüzar nüfuzuna xələl gətirməyə cəhd göstərdiyinə görə QAYNARİNFO.az saytından təkzib verməyi tələb etmişik.

Əks təqdirdə daha sərt addımlar atmağa məcbur olacağıq.