
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev xalqımızın yaddaşında xilaskar dövlət xadimi və xalq məhəbbətini qazanan Öndər kimi əbədilik qazanıb. Məhz dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub. Həmin qətiyyəti, siyasi iradəni uğurla davam və inkişaf etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Qarabağın 30 illik işğalına son qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Mayın 10-da Ulu Öndərin anadan olmasının 101 illiyi Azərbaycanın hər yerində olduğu kimi, Lənkəranda da izdihamla, coşqu ilə qeyd edilib. Həmin gün səhər saatlarından Heydər Əliyev Xatirə parkında böyük qələbəlik yaşanıb. Rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, tələbələr və ictimaiyyət nümayəndələri Ümummilli Liderin abidəsinin önünə gül dəstələri düzüblər.
AMEA Lənkəran Regional Elmi Mərkəzinin kollektivi də Ulu Öndərin əzəmətli abidəsini ziyarət edib, önünə təzə-tər qərənfillər qoyub, ehtiramını bildirib.