Arxiv
26.02.2024 | MÜHÜM HADİSƏLƏR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, onların ruhuna dualar oxuyur. Faciənin 32-ci ildönümü əvvəlki illərdən fərqlənir, ona görə ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də rəşadətli Milli Ordumuzun apardığı lokal antiterror əməliyyatları nəticəsində erməni vandallarının tapdağından həmişəlik azad edildi, ədalət zəfər çaldı. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində əzəmətli, üçrəngli Dövlət Bayrağımızı ucaltdı. İndi soyqırım qurbanlarının narahat ruhu şaddır. Fevralın 26-da səhər saatlarından Lənkəran şəhərindəki Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirə parkının qarşısında böyük izdiham yaşanırdı. Rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin və kollektivlərinin, o cümlədən ictimaiyyət nümayəndələrinin və tələbələrin qatıldığı Xocalı şəhidlərinin anım mərasimində “Ana” heykəli ziyarət edildi, önünə gül dəstələri düzüldü.
Həmin gün AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin kollektivi də Xatirə parkına gələrək heykəlin önünə təzə-tər qərənfillər düzdü, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizə, o cümlədən Xocalı qurbanlarına Allahdan rəhmət dilədi, qazilərimizin tezliklə şəfa tapmasını və sağalmasını arzuladı.