Arxiv
16.01.2024 | MARAQLI MƏLUMATLAR
Qanlı Yanvar hadisələri “Lənkəran” qəzetinin səhifələrində

20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Bu faciə xalqımızın əzmkarlığını, mütəşəkkilliyini, mətanətini və vətənpərvərliyini göstərən və yaşadan zəfər salnaməsidir. Həmin dövrdə respublikada hakimiyyətsizlik hökm sürür, özbaşınalıq, xaos baş alıb gedir, ermənilərin azərbaycanlılara qarşı tarixi dədə-baba torpağımız olan Qərbi Azərbaycanda, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətində təcavüzkarlığı pik həddə çatmışdı. Nəticədə milli müstəqillik yolunu tutmuş xalqımızın etirazları getdikcə kütləvi xarakter alırdı. Bütün bunlar SSRİ-nin ilk və son prezidenti M.Qorbaçova və onun əlaltılarına məkrli planlarını, mənfur niyyətlərini həyata keçirmək üçün bəhanə oldu.

Beləliklə, 1990-cı il yanvar ayının əvvəllərində M.Qorbaçovun göstərişi ilə sovet ordusunun müxtəlif qoşun hissələri paytaxt Bakıya yeridildi. Yanvarın 19-dan 20-nə keçən gecədə Bakının küçələrinə axışmış əliyalın 131 nəfər günahsız adam öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi.

Mərkəzin riyakar siyasətinin əsaslarından biri də xalqı informasiya almaq hüququndan məhrum etmək idi. Belə ki, yanvarın 19-da axşam saat 19:24 radələrində azğınlaşmış hərbçilər Azərbaycan televiziyasının enerji blokunu partlatdılar. Nəticədə respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsildi, yanvarın 20-də isə bütün kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırıldı. Həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı “Kommunist” qəzeti 18 yanvar 1990-cı ildə nəşr olunduqdan bir həftə sonra, 27 yanvar tarixində çıxdı.

Milli faciə ilə bağlı ilk xəbər verən mətbu orqanı “Kommunist” qəzetinin əlavəsi, mərhum jurnalist Məzahir Süleymanzadənin redaktorluğu ilə nəşr edilən “Səhər” qəzeti oldu. Qəzetin 1-ci səhifəsində “Vətən bu gün ağı deyir” sərlövhəsi altında dərc olunan materialda şəhidlərin dəfn mərasimini əks etdirən foto-şəkillər və mətn verilmişdi. Yanvarın 22-də qəzet 2 milyon tirayla çap olunaraq əhaliyə pulsuz paylanıldı. Matəm nömrəsində qətlə yetirilənlərin siyahısı rus və ingilis dillərində nəşr edilərək dünya ictimaiyyətinə çatdırıldı.

Yeri gəlmişkən, qeyd edək ki, faciə baş verməmişdən bir həftə əvvəl, yanvar ayının 12-də şlədiyim “Lənkəran” qəzetinin fəaliyyəti dayandırıldı və redaktor Şəkər Aslanov başda olmaqla bütün kollektiv işdən çıxarıldı. Yalnız yanvarın 22-dən sonra qəzetimizin fəaliyyəti bərpa olundu və biz iş yerimizə qayıtdıq.

Məlum olduğu kimi, vəhşiləşmiş sovet ordusu Bakıda törətdiyi faciə ilə kifayətlənmədi. Həmin günlərdə təkcə paytaxtda deyil, o cümlədən, ölkəmizin əksər yerlərində imperiya əsarətinə qarşı etiraz mitinqləri keçirilirdi. Cənub bölgəsində, xüsusilə Lənkəranda bu daha da kütləvi xarakter almışdı.

Yanvar ayının 26-da Lənkəranın mərkəzi meydanına şəhidlərin matəm mitinqinə minlərlə adam toplaşmışdı. Bu vaxt sovet qoşunlarının dəstələri, SSRİ-nin hərbi helikopterləri mitinqi dağıtmaq üçün insanların başı üzərində dolaşır, vahimə yaradırdı. Mitinq iştirakçılarının qorxmazlığını, qətiyyətini görən rus hərbçiləri dinc əhaliyə hədə-qorxu gəlirdilər. Fəallar şəhərdəki gərginliyin azalması, hər şeydən əvvəl, əhalinin ziyan görməməsi və qan tökülməməsi üçün dağətəyi ərazidə yerləşən Haftoni meşəliyinə çəkildilər. Amma qoşun bölmələri meşəni dərhal mühasirəyə aldılar və onları güllə yağışına tutdular.

Qanlı Yanvar hadisələri zamanı 11 nəfər Lənkəran sakini  Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verərək şəhidlik zirvəsinə ucaldı. Onlardan 5 nəfəri – Telman Bağırov, Mirsalam Əbülfətov, Asif Əsədullayev, Əflatun Kazımov və Azad Mirzəyev yanvarın 19-dan 20-nə keçən gecədə Bakı şəhərində, daha 5 nəfər – Salman Baxşıyev, Rövşən Bədəlov, Vaqif Məmmədov, Rahim Məmmədov və Şahin Məmmədov yanvarın 26-da Haftoni meşəliyində sovet ordusunun silahlı təcavüzünün qurbanı oldular. Tariyel Abdullayev isə hərbi helikopterdə aparılarkən məftillə boğularaq qətlə yetirildi.

Hadisələrin iştirakçılarının sözlərinə görə, Haftoni meşəliyində 46 nəfər tutularaq həbs edildi. Onlardan 16 nəfər Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki həbsxanaya aparıldı, 30 nəfər isə Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki həbsxanaya göndərildi.

Hərəkatın fəal üzvlərindən olan Lənkəran şəhər sakini Mehman Bayramovun dediklərindənHəbs edilənlər arasında mən də var idim. Rus hərbçiləri helikopterdə də işgəncələr verir, bizi amansızca döyürdülər. Sinif yoldaşım Tariyel Abdullayevi məftillə bağlamışdılar. Tərpənərkən məftil boğazına keçib onu boğmağa başladı. Bizim də boğazımıza kapron halqa keçirmişdilər. Əllərim bağlı olduğundan Tariyelə dişimlə kömək etmək istəyəndə, hərbçilərdən biri avtomatın qundağı ilə üzümə zərbə endirdi və dişlərim töküldü. Ulyanovsk həbsxanasında bizi bir ay saxladılar. Lakin bütün Azərbaycan xalqı ayağa qalxdığı üçün məcbur olub bizi buraxdılar.”

Yuxarıda qeyd etdiyimiz kimi, respublikada KİV-lərin fəaliyyəti dayandırılmışdı. Yalnız yanvarın 20-dən sonra paytaxtda, eyni zamanda, Lənkəranda jurnalistlər iş yerlərinə qayıtdılar. Həmin dövrdə həftədə 3 dəfə nəşr edilən “Leninçi” (indiki “Lənkəran”) qəzetinin son nömrəsi yanvarın 11-də işıq üzü görmüşdü. Növbəti nömrə isə 19 gün sonra, ayın 30-da çapdan çıxdı.

Həmin qəzetin 2-ci səhifəsində redaktor Şəkər Aslanovun “Dözüm, səbr, təmkin” sərlövhəli baş məqaləsi və “Qanlı Yanvar” adlı şeiri dərc olunmuşdu. Məqalə bu sözlərlə tamamlanır: “Qoy həlak olanların xatirəsi bizi haqq işimiz uğrunda qələbələrə səsləsin! Qoy xalqımız böyük, müqəddəs arzusuna tezliklə qovuşsun! Qoy şəhidlərin ruhu şad olsun! Onların qəbri nurla dolsun! Allah onlara rəhmət eləsin!”

Qəzetin 3-cü səhifəsində “Lənkəran Şəhər XDS İcraiyyə Komitəsinin sədri Mirmehdi Əliyevin müraciəti”, “Bakıda vəziyyət sabitləşir” başlıqlı yazılarda 20 Yanvar hadisələrindən sonrakı vəziyyət barədə məlumat verilirdi.

“Şeyxülislam: “Allahın mərhəmətinə bel bağlayıram” adlı materialda isə Azərinformun müxbirinin Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (indiki Qafqaz Müsəlmanları İdarəsi) sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə müsahibəsi işıq üzü görmüşdür. Müsahibədə ali dini rəhbərin Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Sovetinin sədri M.Qorbaçova ünvanladığı məktubdan, onun surətini BMT-nin Baş katibi Peres de Kuelyara, dünya hökumətlərinin və dinlərinin başçılarına göndərməsindən bəhs edilir.

Müsahibə aşağıdakı sözlərlə yekunlaşır: “...Bakıda atəşlər canlı adamların ürəklərinə açılmışdır. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz! Qadir Allaha dua edirəm ki, günahsız qurbanların cənnətməkan ruhunu həmişə şad eləsin, qətllərin, onların təşkilatçılarının və ilhamçılarının ən ağır cəzasını versin! Qoy Allah-təala mərhəmətini bizlərdən əsirgəməsin! Amin!” (“Leninçi” (“Lənkəran”) qəzeti, 30 yanvar 1990)

“Leninçi” (“Lənkəran”) qəzetinin sonrakı nömrələrində dərc edilən “Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin, AHİŞ-in respublika zəhmətkeşlərinə və əhalisinə müraciəti”, “Səbrə çağırın, analar!”, “Qüvvələrimizi səfərbər edək”, “Şəhidlərin müqəddəs qanı”, “Respublikada vəziyyət” (01 fevral 1990), “Vəziyyətin sabitləşdirilməsi üçün ”, “Faciəli hadisələrin qurbanlarının xatirəsi əbədiləşdiriləcəkdir”, “Ağlın səsinə qulaq asaq!”, “Bizim ürək sözümüz”, “Nə üçün şəhid oldular?”, “Növbəti hiylə” (03 fevral 1990), “DQMV üzrə respublika təşkilat komitəsinin işi haqqında məlumat”, “Tez açılıb, tez soldun”, “Hamımızın kədəri”, “Şayiələrə inanmayaq...” (08 fevral 1990), “Bütün cahan görsün”, “Analar ağlamasın”, “Matəmdən sonra”, “Qardaşlıq köməyi” (10 fevral 1990), “Qərənfillər solmasın”, “Hamımızın borcudur” (13 fevral 1990), “Pedaqoji işçilərin şərəfli borcu”, “Biz həmişə bir olmuşuq”, “Şayiə...onu kim yayır?” (15 fevral 1990) və s. sərlövhəli rəsmi, redaksiya və oxucu məktubları faciədən sonrakı günlərdə rayon ictimaiyyəti nümayəndələrinin mövqeyini, ürək sözlərini əks etdirirdi.

Qəzetin 1 mart 1990-cı il tarixli nömrəsinin ”Son qəmin olsun, Vətən!” rubrikalı 2-ci səhifəsi Qanlı Yanvarda şəhid olmuş lənkəranlıların 40 mərasiminə, “Şəhidlərdən biri”, “Ürəklərdə yaşayacaq”, “Belə oğul itirən...”, “Ölməzlik”, “Ziyarət edər” adlı məqalələr şəhid Mircamal Əbülbətovun, Asif Əsədullayevin, Telman Bağırovun və Əflatun Kazımovun şərəfli ömür yoluna  həsr edilmişdir.

“Lənkəran” qəzetinin sonrakı 1991-1992-1993-cü il tarixli müxtəlif nömrələrində də şəhidlik zirvəsinə ucalmış həmyerlilərimiz haqqında maraqlı, oxunaqlı müxbir məqalələri, oxucu məktubları işıq üzü görmüşdür. 27 yanvar 1993-cü il tarixli 6-cı nömrə isə bütövlükdə şəhidlərimizin vəfatının üçüncü ildönümünə həsr olunmuşdur. Birinci səhifədə “Allah şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun!” rubrikası altında “Şəhid harayı”, “İki dost, iki şəhid”, 2-ci və  3-cü səhifələrdə “Biz şəhid olduq ki, Vətən yaşasın!” rubrikası altında “Bir gözəl ağlayır məzar üstündə”, “Matəm günü münasibətilə”, “Kollektivin yardımı”, “Qisas günü gələcək!”, “Qəsidə”, “Qara Yanvar dərsi”, 4-cü səhifədə “Azadlıq şəhidləri” rubrikası altında “Dünya xali deyil!”, “Bu il də Salmansız keçdi”, “Şəhidlər xiyabanı”, “Ölüm yaraşmır sizə” sərlövhəli oçerklər, zarisovkalar, ədəbi nümunələr diqqəti cəlb edir.

Bu sətirlərin müəllifinin 26 Yanvar şəhidi, Lənkəran şəhər sakini Rahim Vəliağa oğlu Məmmədovun nakam ömür yolundan bəhs edən “Qisas günü gələcək!” adlı məqaləsi qəzetin 27 yanvar 1993-cü ilin 6-cı sayında verilmişdirLənkəran şəhidlərinin dəfn günü idi. Bir ata çiynində oğul tabutu izdihamın arasında ağır addımlarla yeni yaradılmış “Şəhidlər xiyabanı”na doğru gedirdi. Göz yaşları ürəyinə axırdı onun. Sinəsinə dəymiş oğul dağı yandırıb-yaxırdı atanı. O, həmin gün 21 il min bir əziyyətlə, bir qarnı ac, bir qarnı tox böyüdüb ərsəyə çatdırdığı ciyərparasını, pəhləvan cüssəli övladını torpağa tapşırırdı.

Deyirlər, atalar ağı deməyi bacarmırlar. Ancaq ömrünün 65-ci yanvarını, özü də qanlı, qara yanvarını yaşayan bu ixtiyar qocanın ah-naləsi, fəryad qopardan səsi minlərlə insan seli üzərindən şimşəyə dönüb Lənkəranın matəm libasına bürünmüş səmasında əks-səda doğurdu: Siz, ey insan qanına susamış cəlladlar! Övladlarımızın qızıl qanı ilə suvarılmış bu torpaq yeni-yeni qəhrəman, nər oğullar yetirəcək! Qisas günü gələcək! Həmin gün siz qatillər törətdiyiniz misli görünməmiş cinayətə görə tarix qarşısında cavab verməli olacaqsınız!”

Yazıda daha sonra Rahim Məmmədovun valideynlərinə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər xiyabanı ərazisində yerləşən 46-cı məhəllədə tikilən 32 mənzilli binada üç otaqlı mənzilin orderinin verilməsindən, onun əmək fəaliyyətindən, bacı-qardaşından, oğlunun ilini verməkdən ötrü zəruri ərzaqları almaqdan ötrü şəhidin anası Tutuxanımın bazarlığa getməsindən, silahdaşlarından İltifat Rəhimzadə və İlham Cabbarlının Rahimin ölümündən sonra onun ailəsinə  göstərdikləri diqqət və qayğıdan, Lənkəran Neft məhsulları təminatı müəssisəsinin hər ay onlara ayırdığı maliyyə yardımından söz açılır.

Müəllif sonda yazır: “Yol boyu Tutuxanım anaya deyə bilmədiyim kəlmələr dolaşırdı fikrimdə: Sil gözlərinin yaşını, ana! Başını dik tut! Sənin Rahim balan indi hər bir lənkəranlı anasının doğma övladıdır! Qoy oğlunun ruhu şad olsun! Axı, onun ömrünü uğrunda fəda etdiyi istiqlaliyyət, azadlıq bu gün hər birimizin, bütün azərbaycanlıların firavan, xoşbəxt gələcəyi naminə qazanılmayıbmı?! Dünən bir Rahim itirən torpaq bu gün minlərlə Rahimlər yetişdirir və yetişdirəcək!”

Qanlı Yanvar qətliamının səhəri, 21 yanvar 1990-cı il tarixdə həyatı üçün ola biləcək təhlükələrə və təxribatlara baxmayaraq, Ulu Öndər Heydər Əliyev oğlu İlham Əliyev və bir qrup tərəfdaşları ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəldilər. Burada keçirilən brifinqdə xalqımızın dahi oğlu paytaxt Bakıda baş vermiş faciəni qətiyyətlə pislədi, SSRİ-nin  rəhbəri M.Qorbaçov başda olmaqla onun təşkilatçılarını və iştirakçılarını cəsarətlə ittiham etdi.

Yalnız 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Liderin səyləri nəticəsində 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara faciənin əsl mahiyyəti çatdırıldı.

Onun müdrikcəsinə və böyük uzaqgörənliklə söylədiyi “Bizim axıra çatdıra bilmədiyimiz işləri bizim ardıcıllarımız tamamlayacaq!” kəlamı 2003-cü ildən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdı, Ulu Öndərin arzuları çin oldu. 30 il ərzində düşmən tapdağı altında xarabazara çevrilən, inildəyən tarixi dədə-baba torpaqlarımız rəşadətli Milli Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində tamamilə təmizləndi, nəhayət, haqq-ədalət zəfər çaldı.

İndi bütün Qarabağda, Xankəndidə əzəmətli, üçrəngli Azərbaycan bayrağı dalğalanır. Ötən ilin Zəfər günündə Xankəndidə hərbi paradın keçirilməsi və şəhər stadionunda futbol üzrə Azərbaycan kubokunun “Qarabağ”- MOİK görüşünün reallaşması, işğaldan azad edilmiş torpaqlarda “Əsrin tikintisi”nin aparılması, Cəbrayıla, Zəngilana, Füzuliyə Böyük Qayıdışın başlanması, məcburi köçkünlərin hissə-hissə əzəli yurd-yuvalarına qaytarılması, bir sözlə, doğma Qarabağa ikinci nəfəsin verilməsi və ən nəhayət, fevralın 7-də 30 ildən sonra növbədənkənar prezident seçkilərinin bu rayonlarda da, o cümlədən Şuşa, Xocalı, Əsgəran və Xocavənddə keçiriləcəyi sevindirici və qürurverici hisslərdir. Azərbaycan xalqı bütün bu və digər ülvi hissləri onlara yaşatdığına, bəxş etdiyinə görə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə həmişə minnətdardır.

Qeydlərimizi dövlət başçımızın yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədəki bu sözlərlə yekunlaşdırmaq istəyirik: “... Xankəndidə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik. Hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yekunlaşdırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində biz bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər.

...Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq!..

İltifat ƏHMƏDOV, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.