Arxiv
11.12.2020 | MÜHÜM HADİSƏLƏR
Qızıl hərflərlə yazılan Zəfər günü

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, 30 ilə yaxın Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.

 Ermənistanın və növbəti təxribatına, hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətməklə öz faşist mahiyyətini açıb göstərdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
            Azərbaycan ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan  müharibə ərzində əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin qanı  ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdılaraq  2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması,  4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi,  17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharbənin taleyi əsasən həll olunmuşdur.  Ümumilikdə döyüş əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən  300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri hərbi yolla  işğaldan azad edilmişdir. Bununla yanaşı düşmənin məğlubiyyəti ilə Moskvada imzalanan tarixi Bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatlar tam dayandırılmış, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafındakı Ağdam,  Kəlbəcər, Laçın rayonlarını döyüşsüz işğaldan azad etməsi elan edilmişdir.
            Beləliklə  dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan  bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu,  noyabrın 25-də Kəlbəcər  rayonunu dekabrın 1-də isə Laçın rayonunu işğaldan  azad edərək  dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi.
             Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar blirliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə  daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin qərarı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
          2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi yadda qaldı. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı.

Bu parlaq qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

     “Qarabağ Azərbaycandır!”