Arxiv
07.06.2021 | GÖRÜŞLƏR
Dendrologiya İnstitutunun əməkdaşları Lənkəran-Lerik bölgəsində ekspedisiyada olublar

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, müəssisənin əməkdaşları Samirə Bağırova, Aydan Rəsulova, Elman İsgəndər, Nigar Bədəlzadə və Minarə Həsənova Lənkəran-Lerik bölgəsində elmi ekspedisiyada olublar.

Azərbaycanın cənub bölgəsində monitorinq nəticəsində elmi-tədqiqat işləri aparılıb, Hirkan Milli Parkının, Lənkəran rayonunun, Lerik ərazisinin bitki örtüyü təhlil edilib, bitkilərin yayılma arealları, formasiya və asosasiyaları müəyyən edilib.

Mütəxəssislər tərəfindən təbii şəraitdə biomüxtəlifliyin populyasiya vəziyyəti, ekosistemlərinin qiymətləndirilməsi, Hirkan florasının taksonomik tərkibi, təbii floranın nadir növlərinin populyasiyalarında baş verən proseslər, növlərin yaş strukturuna əsasən dendroxronoloji təhlili aparılıb.

Ezamiyyə müddətində AMEA-nın Dendrologiya İnstitutu ilə Lənkəran Regional Elmi Mərkəzi arasında birgə elmi-texniki əməkdaşlığa dair müqavilə də imzalanıb.

Elmi-tədqiqat iş planlarına və mərhələlərə uyğun olaraq Hirkan florasında şərq fıstığının (Fagus orientalis Lipsky), şabalıdyarpaq palıdının (Quercus castaneifolia C.A.Mey.), dəmirağacın (Prrotia persica (DC.) C.A.Mey.), vələsin (Carpinus betulus L.) növlərinin dominantlıq təşkil etdiyi müəyyənləşdirilib. Tədqiqat ərazilərində qeydlər aparılıb, həmişəyaşıl bitki növlərindən (Buxus hyrcana, Ilex hyrcana, Ruscus hyrcanus, Danae racemosa), eləcə də Hirkan bigəvərinə (Ruscus hyrcanus) adətən aşağı düzən və dağətəyi qurşaqda, budaqlı danaya (Danae racemosa) daha çox çay kənarlarında və nəmli yarğanlarda, hirkan pırkalına (Ilex hyrcana) isə palıd və fıstıq meşələrində təsadüf edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.