Arxiv
31.05.2021 | MÜHÜM HADİSƏLƏR
Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı şəhid Mahsun Bağırzadə məzarı başında anılıb

Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Lənkəran rayon Xanbulan kənd sakini, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) əməkdaşı Mahsun Bağırzadənin doğum günü dəfn olunduğu kənd qəbiristanlığındakı məzarı başında anılıb.

Rayon icra hakimiyyətinin məsul əməkdaşları, LREM-in rəhbərliyi, şəhidin yaxınları, rayon gənclər və idman idarəsi, I-II Qarabağ müharibəsi iştirakçıları və kənd sakinləri mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarını ziyarət ediblər.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə idarə və təşkilatların nümayəndələri şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

Çıxışçılar şəhid M.Bağırzadənin şərəfli ömür yolundan danışıb, onun Qarabağın kəndlərinin düşmən işğalından azad olunmasında xüsusi qəhrəmanlıq göstərdiyini bildiriblər. Rayon rəhbərliyi, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin əməkdaşları, LREM-in direktoru, professor Fərman Quliyev başda olmaqla işlədiyi Lənkəran Regional Elmi Mərkəzinin kollektivi, rayon ziyalıları və kəndin sakinləri qəhrəman övladlarına öz hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra şəhidin atası Zahir Bağırov övladları ilə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Həmçinin şəhid Mahsun Bağırzadənin oxuduğu Xanbulan kənd tam orta məktəbinin şagirdləri onun xatirəsini şeirlərlə yad ediblər.

Sonda şəhidimizin ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Mahsun Bağırzadə 1996-cı ildə Lənkəran rayonunun Xanbulan kəndində doğulub. Orta təhsilini Xanbulan kənd tam orta məktəbində alıb. Həqiqi hərbi xidmətini Ağdam bölgəsində keçib, pulemyotçu hərbi ixtisasına yiyələnib.

O, ötən ilin iyulunda baş vermiş Tovuz sərhəd toqquşması zamanı könüllü cəbhəyə yazılıb. Şəhid Mahsun Bağırzadə II Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bir sıra kəndlərin alınmasında mahir pulemyotçu kimi ermənilərə qan uddurub. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərib.

 “Onu yola salanda gülə-gülə söylədi ki, qəti narahat olmayın, onlara gücümüzü göstərməyin əsl vaxtıdır, erməni işğalçıların dərsləri verilməlidir ki, bilsinlər, kim kimdir”, - deyə qardaşı Mahir Bağırzadə bildirib.