Arxiv
30.03.2021 | KONFRANSLAR, İCLASLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində mart soyqırımının qurbanları yad olunub

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib. Onlayn şəraitdə baş tutan tədbirdə əvvəlcə 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

LREM-nin direktoru, professor Fərman Quliyev çıxış edərək ötən əsrin əvvəllərində baş vermiş faciəvi hadisələrdən danışıb. Qeyd edib ki, erməni daşnakları xalqımıza qarşı soyqırımı siyasətini planlı surətdə həyata keçirib, uşağa, qadına, yaşlıya, bir sözlə heç kəsə rəhm etməyiblər. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan soyqırım sonra ölkənin digər bölgələrində davam etdirilib, minlərlə günahsız insanın qətli ilə nəticələnib.

LREM-in direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı geniş məruzə edib. Mərhələlərlə azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırım siyasətini faktlarla diqqətə çatdırıb. Xüsusən erməni daşnaklarının cənub bölgəsində, o cümlədən Lənkəranın kəndlərində dinc əhaliyə qarşı vəhşiliklərinin bu gün də xatırlandığını, bu münasibətlə Lənkəran şəhərində, rayonun Sütəmurdov, Gərmətük kəndlərində soyqırım qubanlarının xatirəsinə abidələrin ucaldıldığını diqqətə çatdırıb, qətliam zamanı azərbaycanlılara divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə, qarətlərə məruz qaldığını qeyd edib.

Tədbirdə çıxış edən mərkəzin əməkdaşları Aydan Qubanova, Aytac   və başqaları Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük şanlı Vətən Müharibəsində itirilmiş torpaqlarımızın geri qaytarılmasında, tarixi həqiqətlərin bərpa edilməsində Prezident İlham Əliyevin möhtəşəm rolunu qeyd edərək, erməni faşistlərinə layiqli cavab verildiyini vurğulayıblar.