Arxiv
26.03.2021 | KONFRANSLAR, İCLASLAR
Lənkəran Regional Elmi Mərkəzdə Elm gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (REM) 27 Mart – Elm Gününə həsr olunan onlayn seminar keçirilib. Tədbirdə çıxış edən Lənkəran Regional Elmi Mərkəzinin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova tədbir iştirakçılarını Elm günü münasibəti ilə təbrik edib, Elm gününün təsis edilməsi, Azərbaycanda elmə verilən yüksək dəyər, cənub regionunda aparılan elmi-tədqiqatların əhəmiyyəti barədə məlumat verib. Əvvəlcə Lənkəran REM-nin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev “Nizami-böyük alim kimi” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki,  Nizaminin əsərlərində elmə yüksək qiymət verilib, ən çətin məsələlərin həllində elmin rolu önə çəkilib.

Sonra Lənkəran Regional Elmi Mərkəzinin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynovanın “Lənkəranda yaşayan uzunömürlülərin populyativ və sosial-bioloji xsusiyyətləri” mövzusundə məruzəsi dinlənilib. Məruzədə Lənkəran-Astara bölgəsində uzunömürlülər arasında aparılan elmi-tədqiqat işlərinə işıq salınıb, əldə edilən maraqlı nəticələr diqqətə çatdırılıb.

Tədbirə qoşulan AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, ADPU-nun Quba Filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Mustafayev və digərləri Elm günü və onun əhəmiyyəti, institutlararası əməkdaşlıq, eləcə də digər məsələlər barədə fikir mübadiləsi aparıblar.