Arxiv
02.12.2020 | MÜHÜM HADİSƏLƏR
AMEA Lənkəran REM-də 2 yeni meyvə sortu sınaq üçün AXA-ya təqdim olunub

Son illər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində çay və sitrus bitkiləri ilə paralel olaraq  tropik-subtropik quayava (Psidium quayava)  bitkisinin yerli şəraitə uyğunlaşdırılması, yetişdirilməsi və onun təsərrüfat əhəmiyyətnin öyrənilməsi sahəsində uğurlu nəticələr əldə olunub

 

İlk dəfə AMEA-nın Lənkəran Regional Elm Mərkəzində professor Fərman Quliyevin rəhbərliyi ilə İran İslam Respublikasından introduksiya edilən tropik-subtropik quayava (Psidium quayava) meyvə bitkisinin yeni iqlim şəraitində öyrənilməsi və  rayonlaşdırılması istiqamətində son illər geniş araşdırmalar aparılıb.

Professor Elmi Mərkəzdə bu bitki ilə bağlı aparılan elmi araşdırmalar barədə məlumat verərək deyib: “Quayava mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki növüdür. 20 ilə yaxındır ki, quayavanın yeni şəraitdə öyrənilməsi  və rayonlaşdırılması istiqamətində elmi-tədqiqat işləri aparırdım. Vətəni Cənubi Amerika olan quayavanın bölgəmizdə açıq havada,qışda  sintetik örtük və otaq şəraitində becərilməsinə dair bir sıra uğurlu nəticələr əldə etmişik.”

Quayava böyük təsərrüfat əhəmiyyətinə malikdir. Bitkisinin meyvəsindən qənnadı və tibb sənayesində, təbabətdə geniş istifadə edildiyini vurğulayan F.Quliyev bu ətirli meyvənin bütün hissələrinin vitaminlərlə zəngin olduğunu, turşaşirin dad verdiyini, yarpaqlarından efir yağları alındığını diqqətə çatdırıb. Həmçinin yarpaqları, çiçəkləri və meyvələri bakterisid təsirə malikdir. Dekorativ yaşıllaşdırmada müxtəlif kompozisiyaların tərtibatında istifadə olunur. Guayava faydalı xassələri ilə nar, gavalı, alma, üzüm, banan və hətta manqodan üstündür. Heydərabaddakı (Hindistan) Milli İnstitutun alimləri yer üzündəki ən dəyərli meyvəni təyin etmək üçün bir sıra təcrübələr aparıblar və müəyyənləşdiriblər ki, tərkibində rekord miqdarda antioksidanlar olan guayava ən qiymətli meyvədir. Bu barədə enovosty.com saytı xəbər verir.

Quayavada rekord miqdarda, orta hesabla 100 qramda 240 mqr C vitamini olduğundan, ondan müxtəlif tənəffüs yolları xəstəlikləri və qrip zamanı tez-tez istifafadə edilməsi tövsiyə olunur.

Kökü, qabığı, yarpaqları, çiçəkləri, meyvələri, bir sözlə, bütöv bitkinin müalicəvi xüsusiyyətlərə malik olması bu həmişəyaşıl möcüzəvi ağacın təsərrüfat əhəmiyyətini qat-qat artırır. Cənub bölgəsinin simvollarına çevrilmiş limon, narıngi, feyxoadan geri qalmayan və bəzi hallarda öz müalicəvi xüsusiyyətləri ilə onları üstələyən quayava bitkisinin təsərrüfat sahiblərinin, fermerlərin, həvəskar bağbanların böyük marağına səbəb olacağını qeyd edən alim, bu möcüzəvi bitkinin tezliklə tanınacağına, bölgədə becərilən sitrus bitkiləri arasında öz layiqli yerini tutacağına əminliyini ifadə edib.

Bununla bağlı AMEA Lənkəran REM-nin Azərbaycan Meyvəçilik və Bağçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran çay filialındakı təcrübə bazasında quayavanın öyrənilməsi rayonlaşdırılması, və becərilməsi və çoxaldılması istiqamətində apardıqları tədqiqatlar öz bəhrəsini verməkdədir .

Professor Fərman Quliyev psidium quayava bitkisinin qırmizı və sarı sortlarını öyrənib və rayonlaşdırılması məqsədilə sənədlərin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə (sort sınağından keçmək üçün) təqdim edildiyini bildirib.

Sərraf Talıbov,

AMEA Lənkəran REM-nin əməkdaşı.