Arxiv
29.07.2020 | MÜHÜM HADİSƏLƏR
Dağlıq Qarabağ

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan
diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar
edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi
Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. 1968-ci ildə Azıx mağarasının
aşöl təbəqəsindən Azıx adamı — azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx
adamının 350-400 min il əvvəl yaşadığı güman olunur. Eneolit (e.ə. VI-IV minilliklər), tunc və ilk dəmir
dövrlərində (e.ə.IV minilliyin sonu — I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş
vermişdi. Son tunc və ilk dəmir dövrü (e.ə.XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı
almışdır.Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi proseslər də davam edir.
Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlir. Bu dövrdə, nəinki
Qarabağda, ümumiyyətlə, Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi.
Makedoniyalı İsgəndər (e.ə.356-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında
siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Onun ölümü ilə imperiyası parçalandıqda
Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. E.ə. IV əsrdə və
sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə
daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda
yaranmış Albaniya dövləti təxminən e.ə. IV — e. VIII əsrlərdə mövcud olaraq, 1200 ilə yaxın dövr
ərzində Azərbaycan tarixində böyük rol oynadı. Albaniya sərhədlərini genişləndirərək bütün Qarabağ
ərazisini əhatə edirdi və bu vilayəti öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apararaq,
bəzi istisnalarla buna nail ola bilirdi.
Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən
sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar
fəaliyyətləri də başlanır. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma
«Böyük Ermənistan» əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək
davam edir. Belə olduğu halda ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını
Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki
ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və
Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi.
Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk
etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan
«Kitabi-Dədə Qorqud» dastanı da sübut edir. «Dədə Qorqud» dastanı VI-VII əsrlərdə Qarabağ da
daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən, ermənilərin indi Sevan adlandırdıqları
Göyçə gölü hövzəsində yayılmışdı.
Qarabağın tarixində əsas dəyişikliklər VII əsrdə Ərəb xilafətinin işğalları və bunun nəticəsində
Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik
baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin
Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini
üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi
Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə
başlandı.

Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları
yarandı. XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz
Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu — XIII əsrin əvvəllərində Arsax ərazisində
təşəkkül tapan Xaçın knyazlığı tarixçi-alim İ.A.Orbelinin sözləri ilə desək «qədim Albaniyanın bir
hissəsi» idi». Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli
dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azərbaycandan və Gürcüstandan fərqli
olaraq, Cənubi Qafqazda ermənilərin, ümumiyyətlə, dövlətçilik tarixinə malik olmadıqlarını sübut
edir.
Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər
Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər)
dövlətinin (1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha
əhatəlidir və daha yaxşı öyrənilmişdir. Həmin dövrdə «Qara» və «bağ» söz birləşməsi — «Qarabağ»,
artıq, konkret coğrafi əraziyə şamil edilməyə başlanır.
XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin
tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir
hadisə baş verdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan
şahdan «məlik» titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları —
məliklərinə (Gülüstan, Ceraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı.
Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının
mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında
mərkəzləşdirilməsi başa çatdı. Bununla, Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından
sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-
siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi
sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də
Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları
İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi.
Sonuncu Səfəvi hökmdarı III Abbası devirərək hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu
qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman
əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin
mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti
parçalandı, Azərbaycanda yerli dövlətlər — xanlıqlar yarandı. Başqa sözlə, Azərbaycan, xanlıqların
timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin
ərazisində iki Azərbaycan xanlığı — Gəncə və Qarabağ xanlıqları yarandı.
Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli xan
Cavanşir idi. Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların — məliklərin pozuculuq
fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa,
xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi.
Pənahəli xanın varisi İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya
dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada — Azərbaycan
ərazisində həmin məliklərin köməyi ilə «xristian dövləti», daha doğrusu, özünə dayaq yaratmağa
çalışırdı.

XVIII yüzilin sonları — XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən
Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi,
Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.
İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı R.D.Sisianovla (1802-1806)
Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman —
Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni
zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu
sübut edən ən mötəbər sənəddir.
1846-cı il inzibati-ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu
ildən Bakı) tabe oldu. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda Şuşa qəzası onun
tərkibinə verilir və ərazisi bölünərək burada daha üç qəza — Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları
da təşkil olunur. Bununla, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirir. Belə bir inzibati-ərazi
bölgüsü xüsusi məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş
təmsil edilməsinə hərtərəfli imkanlar açdı.
Çarizm Şimali Azərbaycan torpaqlarını işğal etdikcə, bu torpaqlarda möhkəmlənmək üçün həm də
əhalinin erməniləşdirilməsi siyasətini də həyata keçirirdi.1828-ci il Türkmənçay müqaviləsindən sonra
bu hal daha müntəzəm və məqsədyönlü xarakter alır. Ermənilərin İrandan Şimali Azərbaycana
köçürülməsi həmin müqavilənin XV maddəsi ilə təsdiq olunurdu.
1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlı imperiyasından da ermənilərin yenicə işğal olunmuş Şimali
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilməyə başlayır. Ermənilərin köçürülməsinin əsas
istiqamətlərindən biri Qarabağ ərazisi idi.
Rəsmi məlumatlara əsasən, 1828-1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o
cümlədən Qarabağa İrandan 40 min, Osmanlı imperiyasından 90 min erməni köçürüldü. Qeyri-rəsmi
erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik
tərkibində ermənilərin sayı artmağa başladı.
XIX yüzilin 30-cu illərindən sonra da ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, o
cümlədən Qarabağa köçürülməsi davam etdirilirdi. Rus qafqazşünası N.Şavrov məhz buna görə
yazırdı ki (1911), Zaqafqaziyadakı 1,3 mln erməninin 1 mln-dan çoxu gəlmədir. Bütün bunlara
baxmayaraq, 1916-cı ildən Qarabağda (xanlıq sərhədləri daxilində) əhalinin yenə də təxminən 51 %-i
azərbaycanlı, 46 %-i isə erməni (yerli alban mənşəli ermənilərlə birlikdə — Y.M., K.Ş.) idi. Köçürülüb
gətirilən ermənilərin Qarabağın dağlıq hissəsində — onlarla eyni dindən olan yerli əhalinin
(qriqorianlaşmış və erməniləşmiş albanların) yaşadığı ərazidə məskunlaşdırılması daha geniş hal
almışdı. Bu, gəlmə ermənilərin kompakt surətdə bir yerdə yaşamasını təmin etmək məqsədi ilə
edilirdi və strateji niyyət daşıyırdı.
Beləliklə, çar Rusiyasının bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Qarabağda inzibati-siyasi,
sosial-iqtisadi və mədəni inkişaf üçün geniş imkanlar yaratdığı ermənilər kütləvi surətdə bu
torpaqlara köçüb gəldilər və çox keçmədən Azərbaycan torpaqlarında «Böyük Ermənistan»
ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Həmin ideyanın əsas tərkib
hissələrindən biri də Qarabağ, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqlarının yerli —
azərbaycanlı əhalisini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirməkdən ibarət idi.

Ermənilərin 1890-cı illərdən başlayaraq Osmanlı dövlətinə qarşı qaldırdıqları xəyanətkar qiyamlar
uğursuzluğa düçar olduqdan sonra bu mübarizənin mərkəzi Şimali Azərbaycana keçdi.
Ermənilər 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törətdilər.
Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasəti Qarabağda daha faciəli şəkil aldı. 1905-1906-cı
illərdə törətdikləri qırğınlar da erməniləri sakitləşdirmədi. Onlar Birinci Dünya müharibəsinin
doğurduğu tarixi şəraitdən istifadə edərək yenidən mifik «Böyük Ermənistan» dövləti yaratmağa
cəhd göstərdilər. 1915-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdıqları yeni qiyamlarda uğursuzluğa
düçar olan ermənilər, əsas qüvvələrini Cənubi Qafqazda cəmləşdirərək və çarizmin himayəsinə
sığınaraq, azərbaycanlılara qarşı soyqırımlarını davam etdirməyə başladılar. Əvvəlcə çar hökumətinin
devrilməsi (1917, fevral), sonra isə Rusiyada bölşeviklərin hakimiyyəti ələ alması ilə (1917, oktyabr)
Zaqafqaziyada yaranan anarxiya şəraitində — uzun tarixi dövr ərzində Rusiya ordusunda xidmət edən
erməni silahlı dəstələri daşnak-bolşevik güruhu ilə birləşərək azərbaycanlılara qarşı soyqırımının yeni,
daha dəhşətli dövrünü başladılar. 1918-ci ilin martında Bakıda başlanan və bütün Azərbaycanı əhatə
edən yeni kütləvi soyqırımları Azərbaycan xalqına çox ağır zərbə vurdu.
Lakin 1918-ci iln mayın 28-də təxminən 120 ilədək davam edən Rusiya əsarətindən sonra Azərbaycan
xalqı Şimali Azərbaycanda yeni müstəqil dövlətini yaratdı. Təbiidir ki, başqa Şimali Azərbaycan
torpaqları kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ da Azərbaycan Xalq
Cümhuriyyətinin ərazisinə daxil idi. Lakin bu zaman yenicə elan olunmuş Ermənistan (Ararat)
Respublikası Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti bu iddianı rədd etdi. Bununla da, ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər
başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Şuşa qəzası
və Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində ermənilərin vəhşilikləri daha amansız şəkil almışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada ermənilərin ən xəyanətkar silahlı qiyamlarından biri
1920-ci il martın 22-də Azərbaycan xalqının Novruz bayramı günü baş verdi. Bu separatçı qiyam
Azərbaycanı işğal etməyə hazırlaşan bolşeviklərin sifarişi ilə qaldırılmışdı. Bu zaman erməni-separatçı
qiyamlarının əksər yerlərdə dəf edilməsinə baxmayaraq, onlar Əsgəran qalasını ələ keçirə bildilər.
Görülən hərbi-siyasi tədbirlər nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda öz suveren
hüquqlarını bərpa etdi. Lakin ərazisində yaşadıqları dövlətə — Azərbaycana xəyanət edən
ermənilərin Qarabağda separatçı qiyamları və törətdikləri soyqırımları 1920-ci ilin aprel işğalı
ərəfəsində ölkənin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vurdu və müstəqil Azərbaycan
dövlətinin — Azərbaycan Xalq Cümhuriyyətinin varlığını təhlükə altında qoydu.
Beləliklə, 23 ay yaşamış olan Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasından gələn XI Qırmızı
Ordunun süngüləri ilə devrildi, şimali Azərbaycanda sovet hakimiyyəti quruldu. Bununla, Qarabağ
ətrafındakı hadisələrin yeni mərhələsi başlandı.
Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə
paralel gedirdi. 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında
S.Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi
Dağlıq Qarabağa muxtariyyət verilməsinə dair 5 iyul qərarının qəbul edilməsində olduğu kimi, onun
reallaşdırılmasında da inzibati-amirlik üsullarına əl atdı. Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr
1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul
qərarının həyata keçirilməsi təklif edildi. Bütün bunlara baxmayaraq, Moskva tərəfindən

Azərbaycana təzyiq yenə davam etdirildi. Dekabrın 22-də Zaqfederasiyanın İttifaq Soveti Dağlıq
Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi.
SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri daha sərt şəkil aldı. 1923-cü
ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil
edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşevkilər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti
muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim
olunması barədə qərar qəbul etdi. Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr
1924-cü ildə çap olundu.
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə
parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış
ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə —
Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına
tapdalanaraq atılmışdı. 1920-1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər
nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-
coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi
məsələsindən bəhs edilərkən, demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm
hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi
real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist
yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri
muxtar qurum adı altında birləşdirmək yolu ilə təşkil olunub. Yuxarıdakı faktlardan Azərbaycanın
Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq
hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə köçüb gəldikləri Qərbi Azərbaycanda —
İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək
niyyətindədirlər.
Dağlıq Qarabağın bir tərəfdən, Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və
bununla da digər Azərbaycan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər
tərəfdən, Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı, bu diyarın sovet
hakimiyyəti illlərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci
illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni
«ideoloqları» və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar
faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa
nail olması Vilayət Statistika İdarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini
tapmışdır.
1965-1987-ci illərdə bütövlükdə Azərbaycan SSR, o cümlədən onun Naxçıvan MSSR və Dağlıq
Qarabağ Muxtar Vilayəti üzrə iqtisadi və sosial inkişafa dair göstəricilərinin müqayisəsi həmin dövrdə
muxtar vilayətin nə qədər yüksək templə tərəqqi etdiyini çox aydın göstərir. Buradan aydın olur ki,
1987-ci ildə hər 10 min nəfərdən sənayedə çalışanların sayı respublika üzrə 686, Naxçıvan MSSR üzrə
387 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 657 olmuşdu. Adambaşına düşən ümumi kənd
təsərrüfatı məhsulları müvafiq olaraq 588, 501 və 692 idi və i.a. Sosial inkişafa dair göstəricilərə
gəldikdə isə bu rəqəmlər nəinki Azərbaycan SSR, hətta Ermənistan SSR və bütövlükdə SSRİ üzrə
rəqəmlərdən də xeyli yüksək idi. Hər 10 min nəfərə xəstəxana çarpayısı ilə təminat Ermənistan SSR-
də 86, 2, Azərbaycan SSR-də 97,7 olduğu halda, Dağlıq Qarabağ Muxtar Vilayətində 101, 7 idi.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa muxtariyyət verildikdən sonra da istər
Dağlıq Qarabağ, istər Ermənistan, istərsə də bu hüdudlardan kənardakı ermənilər separatçılıq
fəaliyyətini dayandırmadılar. Erməni «siyasətçilərinin» susduqları dövrdə yazıçılar, şairlər və başqa
zümrədən olanlar separatçılığın daşıyıcılarına çevrildilər, daha doğrusu, «siyasətçilər» onları qabağa
verdilər. Hətta, 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu
problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min
nəfərin «imzaladığı» petisiya Moskvaya təqdim edilmiş, lakin bu iddialar təmin edilməmişdir.
1984-cü ildə İrəvanda Z.Balayanın «Ocaq» kitabının çap edilməsi, onun Qarabağın tarixinə və müasir
dövrünə dair məqsədyönlü təhrifləri, millətçi-separatçı çağırışları ehtirasları yenidən qızışdırdı. Bu
əhvali-ruhiyyə erməni millətçiləri tərəfindən əhatə olunmuş M.S.Qorbaçovun elan etdiyi «aşkarlıq və
yenidənqurma» şəraitində sovet rəhbərliyində (M.S.Qorbaçovun timsalında!) böyük dəstək qazandı
və yeni mərhələyə qədəm qoydu. Moskvadan hərtərəfli dəstək alan erməni separatçıları və
terrorçuları tərəfindən idarə olunan Dağlıq Qarabağ, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti
dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına qarşı xəyanət yolunu tutdu.
1987-ci ilin noyabrında Qorbaçovun komandasına daxil olan erməni akademik A.Aqanbekyan Parisdə
Dağlıq Qarabağ barədə sovet rəhbərliyinə təklif verildiyini, yenidənqurma və demokratiya şəraitində
bu problemin həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni
«Qarabağ Komitəsi», onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı «Krunk»
(Durna) açıq işə keçdi, «Miatsum» (Birləşmə) hərəkatı formalaşdrıldı. Bu hərəkat Ermənistan, Dağlıq
Qarabağ Muxtar Vilayəti, Moskva rəhbərliyi, SSRİ və dünya ermənilərinin potensialına arxalanırdı.
Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral günlərində İrəvanda və
Xankəndində (Stepanakert) separatçılar və erməni millətçilərinin mitinqlər dalğası başladı. Fevralın
20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında
Azərbaycan SSRİ Ali Sovetinə müraciət etdi.
Azərbaycanın o zamankı rəhbərliyi və geniş ictimaiyyəti isə erməni separatçılarının və onların
müdafiəçilərinin yeni taktikası qarşısında hazırlıqsız idi. Fevralın 24-də Əsgəran rayonunda erməni
separatçı-terrorçuları tərəfindən iki azərbaycanlı gəncin qətlə yetirilməsi, 19 nəfərin yaralanması da
ermənilərin planlarına qarşı düşünülmüş siyasi xətt hazırlanması ilə nəticələnmədi.
Separatçı-terrorçu erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması da
aydın şəkildə üzə çıxdı. «1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin
sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında» 1988-ci il 24 mart tarixli qərar
bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni
separatçılarını daha da ruhlandlırdı və onların təcavüzkarlığını daha da artırdı. Moskva qarşısında
mütilik nümayiş etdirən Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi öz xalqına xəyanət,
təcavüzkara isə güzəşt mövqeyi tuturdu. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini
Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət
Heyəti 1989-cu il yanvarın 12-də «Azərbaycan SSRİ-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi
idarəçilik formasının tətbiqi haqqında» qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar
Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana
verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi
nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum

— Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan
tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva,
gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu.
1991-ci il avqustun 30-da Azərbaycan SSRİ Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında
bəyanat qəbul etdi, oktyabrın 18-də isə «Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul
olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək separatçı
siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında «Dağlıq Qarabağ
respublikası» adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin
qurumu tanımaqdan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu
ləğv olundu.