Arxiv
08.11.2019 | KONFRANSLAR, İCLASLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Elmi Şuranın iclası keçirilib

Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Lənkəran REM-nin direktoru, aqrar elmlər doktoru, prof. Fərman Quliyev Mərkəzin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

F.Quliyev bölgədə daha məhsuldar yeni çay və sitrus bitkilərinin sort və formalarının yaradılması, Lənkəran-Astara bölgəsində yabanı floranın növ tərkibinin öyrənilməsi və mədəni bitki ehtiyatlarının müəyyənləşdirilməsi və digər görülən işlər barədə məlumat verib. Qeyd edib ki, cari ildə ən böyük uğurumuz yaratdığımız 4 yeni çay sortunun Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən qeydiyyata alınmasıdır. Belə ki, Mərkəz tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialının təcrübə bazasında apardığımız elmi-tədqiqat işləri öz müsbət bəhrəsini verib. Yeni rayonlaşdırılan “Fərmançay”, “Xəzər”, “Lənkəran” və “Fərmançay çəhrayı” sortlarının artırılması istiqamətində tədbirlərimiz davam edir. Çayçılıq üzrə Dövlət Proqramına uyğun olaraq təcrübə bazasında yei rayonlaşdırılmış çay sortlarının çilik vasitəsilə artırılması məqsədilə dumanyaradıcı qurğu yaradılıb və yeni sortlardan ibarət ilk çay plantasiyası salınıb. Bununla yanaşı, 1 limon və 1 narıngi sortu rayonlaşdırılması üçün Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.

Direktor bildirib ki, 2019-cu ildə mərkəz əməkdaşlarının yerli və xarici aparıcı elmi jurnallarda 7məqaləsi, 1 tezisi çap olunub.

Daha sonra LREM-nin Arxeologiya şöbəsinin müdiri Mayis Cəfərov çıxış edib, ötən dövr ərzində şöbə əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri barədə məlumat verib. Qeyd edib ki, bu dövrdə 2 yeni dəfinə və 3  qədim yaşayış məntəqəsi aşkar edilib.

İclasda Elmi Şura üzvlərindən a.e.fəlsəfə doktoru Hazar Hüseynov, i.e. fəlsəfə doktoru Əsəd Nuriyev, baş elmi işçi, a.e. fəlsəfə doktoru Xalıqverdi Babayev, t.ü.fəlsəfə doktoru Samir Kərimov və başqaları çıxış edib təklif və rəylərini bildiriblər.

Elmi Şura 2019-cu il üçün LREM-nin elmi-təşkilati hesabatını müsbət qiymətləndirib.