Arxiv
20.01.2020 | KONFRANSLAR, İCLASLAR
Lənkəranda 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı anım tədbir keçirilir

Lənkəran Şəhər  Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər Gənclər və İdman İdarəsi,Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar-Ümumxalq Hüzn Günü”nə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbir çəçivəsində ilk öncə yeniyetmə və  gənclərin qanlı yanvar hadisələri ilə  bağlı rəsm əsərlərinin sərgisi təşkil olunmuş,sərgiyə baxış keçirilib. Sərgiyə baxışdan sonra tədbir Mərkəzin akt zalında davam edib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıqova açaraq, qanlı yanvar hadisələri, xalqımızın başına gətirilən müsibətlər və Azərbaycan xalqının qəhrəman oğul və qızlarının azadlıq yolu uğrunda verdiyi haqq mücadiləsi haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra çıxış edənlər: Lənkəran Şəhər Gənclər və İdman  İdarəsinin rəis vəzifəsini icra edən Elbəy Fətəliyev  və Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli öz çıxışlarında  bildiriblər ki, 30 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanması və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı vəhşiliklər törətdi, günahsız insanları qətlə yetirdi.Çıxışlarda həmçinin o da vurğulanıb  ki, 20 Yanvar-ümumxalq hüzn günü Azərbaycan xalqının başına sovet hökuməti tərəfindən gətirilmiş ən dəhşətli faciələrdən biri olmaqla bərəbər, həm də həmin qanlı yanvar hadisələrində şəhid olmuş qəhrəman oğul və qızlarımızın Azərbaycan xalqına bəxş etdiyi müstəqillik və azadlıq səhifəsidir. Çıxışlardan sora məktəblilərin, tələbələrin qanlı yanvar hadisələri haqqında hazırladıqları kompazisiyalar, müxtəlif səhnəciklər nümayiş olunub.

Sonda Azərbaycanın qəhrəman oğul və qızlarının  30 il əvvəl 20 Yanvar faciəsi günlərində göstərdikləri şücaət və qəhrəmanlığından bəhs edən sənədli film nümayiş olunub.

AMEA Lənkəran Regional Elmi Mərkəzində də “20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir” mövzusunda anım tədbiri keçirilib. Yığıncaq 20 yanvar şəhidlərinin xatirəsinin anılması ilə başlayıb.

Sonra Lənkəran REM-nin direktoru, professor Fərman Quliyev 20 yanvarın Azərbaycan xalqının azadlıq mübarizəsində rolundan, ümummilli lider Heydər Əliyevin 20 yanvar hadisələrinə siyasi qiymət verilməsində, bu hadisə səbəbkarların dünyaya tanıdılmasında böyük xidmətini önə çəkib, və Ölkə prezidenti İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin daim dövlət qayğısı ilə təmin edilməsində səylərini əsirgəmədiyini söyləyib.

Mərkəzin elmi işçisi Aydan Dadaşova “20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir” mövzusunda geniş məruzə edib. Məruzədə hadisələr xroniki ardıcıllıqla diqqətə çatdırılıb.

Məruzə ətrafında direktor müavini Namiq Qasımov, şöbə müdiri Azər Quluzadə və başqaları çıxış edib qanlı hadisələrlə bağlı ürək sözlərini söyləyiblər.

 

 Sərraf Talıbov