Arxiv
15.01.2020 | KONFRANSLAR, İCLASLAR
Lənkəran REM-də AMEA-nın ümumi yığıncağında qarşıya qoyulan vəzifələr müzakirə edilib

Lənkəran Regional Elmi Mərkəzində ötən ilin 28 dekabr tarixində AMEA-da keçirilən Ümumi yığıncağın yekunlarına həsr edilmiş tədbir keçirilib.

Yığncaqda  çıxış edən Lənkəran REM-nin direktoru, professor Fərman Quliyev AMEA-nın Ümumi yığıncağında müzakirə olunan məsələlər barədə ətraflı məlumat verib, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məruzəsindən irəli gələn vəzifələri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, akademik Ramiz Mehdiyev məruzəsində qeyri-neft sektorunun inkişafı, elmi nəticələrin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsi, elmi-tədqiqat müəssisələrinin günün tələbləri səviyyəsində qurulması, xüsusən elmin tətbiqinə diqqətin artırılmasını bir vəzifə olaraq irəli sürüb.

Mərkəzin ötən ilki fəaliyyətinə toxunan natiq qeyd edib ki, 2019-cu ildə çayçılıq və sitrus bitkiləri meyvəçiliyi sahəsində bir sıra uğurlar əldə edilib, 4 yeni çay sortu yaradılaraq Dövlət Reyestrinə daxil edilib, 2 yeni sitrus sortu dövlət sınağına qəbul edilib. Ötən il yeni yaradılan çay sortlarından ibarət məhdud ərazidə anaclıq plantasiya salınıb, çayın vegetativ üsulla çoxaldılması məqsədilə dumanyaradıcı qurğu yaradılıb. Həmçinin Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, cənub regionun təbii resurslarından səmərəli istifadə, ekoloji problemlərin həlli, Azərbaycanın cənub-şərq bölgəsinin tarixinin arxeoloji materiallar əsasında araşdırılması istiqamətlərində elmi tədqiqatlar davam etdirilib.

Fərman Quliyev bununla yanaşı, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, azərbaycançılıq ideologiyasının əsaslarının işlənib hazırlanması və həyata keçirilməsində elmi dəstəyin təmin edilməsi, həmçinin ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərə də toxunub.

Sonda F.Quliyev şöbələrin komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanması, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və elmin istehsalatda tətbiqinə diqqətin artırılması ilə bağlı tapşırıqlarını verib.

Tədbirdə çıxış edən Mərkəzin arxeologiya şöbəsinin müdiri, t.ü.fəlsəfə doktoru Mayis Cəfərov, baş elmi işçi, a.ü.fəlsəfə doktoru Xalıqverdi Babayev və başqaları AMEA-nın Ümumi yığıncağında akademik Ramiz Mehdiyevin verdiyi tapşırıq və tövsiyələrinin uğurla həyata keçirilməsi, xüsusən də Mərkəz əməkdaşlarının çayçılıq və sitrusçuluqla bağlı Dövlət Proqramlarında elmin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi, bölgənin tarixi abidələrinin tədqiqi istiqamətində bilik və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini bildiriblər.

  Sərraf Talıbov