Arxiv
07.06.2019 | NƏŞRLƏR
Yeni nəşrlər. Professor Fərman Quliyevin sitrus bitkiləri haqqında yeni əsəri çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkə­zinin direk­toru, kənd təsərrüfatı elmləri doktoru, respublikanın Əməkdar aqronomu, professor Fərman Quliyevin «Sitrus bitkiləri: bioloji xüsusiyyətləri və suvarılması rejimi» kitabı çapdın çıxmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 mart 2008-ci il tarixli və AMEA Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının qərarları ilə çap edilmiş bu monoqrafiya sitrusçuluq sahəsində Azərbaycan dilində ilk dəfə tərtib olunur, geniş profilli aqronomluq ixtisası alan ali məktəb tələbələri, magistrant, doktorant və bu sahədə çalışan mütəxəssislər üçün dəyərli dərs vəsaitdir.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor M.Qurbanovdur.

Keçmiş Sovetlər məkanında, eləcə də Yaxın Şərqdə və Azərbaycanda subtropik kənd təsərrüfatı sahəsində görkəmli aparıcı alimlərdən, çay və subtropik bitkilərinin becərilməsi və inkişaf etdirilməsi sahəsində mühüm əməyi olan professor Fərman Quliyev yeni kitabında daha irəli gedərək, sitrus bitkiçiliyinin Lənkəran-Astara bölgə­sində yetişdiril­məsinin, yüksək və keyfiy­yətli meyvə məhsulunun əldə edilməsinin mümkünlüyünü, iqtisa­di səmərəli­liyi­ni elmi cəhətdən təhlil etmişdir.

Kitabdan görünür ki, professor Fərman Quliyev ilk dəfə olaraq Lən­kəran-Astara subtropik bölgəsinin torpaq-iqlim şəraitində limon, naringi, portağal, qreypfrut, kinkan və s. sitrus bitkilərinin açıq torpaq şəraitində yetişdirilməsinin elmi-praktik əsaslarını işləyib hazırlamışdır. Müəllif kitabın­da bu bitkilərin becərilməsinin aqronomik qaydalarını geniş şərh edir, ona qulluq və xidmət yollarını göstərir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sədrliyi ilə 2017-ci il sentyabrın 3-də Lənkəranda keçirilən respublika müşavirəsində Lənkəran-Astara bölgəsində çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişaf etdirilməsi məsələləri qarşıya qoyulmuşdur. Kitabın hazırlanmasında məqsəd böyük aqroiqlim potensialına malik respublikamızda və xüsusilə də onun cənub rütubətli subtropik bölgəsində sitrusçuluğu inkişaf etdirmək, yüksək dad keyfiyyəti ilə seçilən dietik və müalicəvi əhəmiyyət kəsb edən sitrus meyvələri istehsalını durmadan artırmaq, ölkə əhalisinin bu qiymətli, əhəmiyyətli ərzaq məhsuluna ilbəil artırmaqda olan ehtiyacını etibarlı təmin etmək üçün elmi-praktik baxımından əsaslandırılmasıdır. Bu məsələdə müəllifin qarşısında duran əsas məsələ 80 il ərzində respublikamızda sitrusçuluqda qazanılmış praktik və elmi nailiyyətlərini vətən sitrusçuluğunun inkişafına yönəltməkdir. Qeyd edilməlidir ki, kitab professor Fərman Quliyevin sitrusçuluq sahəsində apardığı 50 illik elmi-tədqiqatların nəticəsidir, respublikamızda subtropik meyvəçiliyinin qiymətli sahə­lərindən olan sitrusçuluğa dair bir vaxta qədər Azərbaycan dilində belə geniş, sanballı vəsait yazılmamışdır.

Müəllif kitabını üç bölməyə ayırmışdır. Bölmələrdə sitrus meyvəçiliyinin ümumi kursu öyrənilir, sitrus meyvəçiliyinin bioloji əsasları, sitrus əkin materiallarının aqrotexnologiyası sahəsində aparılan təcrübələr şərh edilir. Azərbaycanda sitrus meyvəçiliyinin tarixi və inkişaf mərhələləri, xalq təsər­rüfatında əhəmiyyəti göstərilir. Maraqlıdır ki, kitabda sitrus tingliyi üçün ərazinin seçilməsindən hazırlanmasınadək, o cümlədən bitkinin generativ, vege­tativ, çilliklə, basmalarla, calaqlarla çoxaldılmasının aqrotexniki üsullarla aparıl­ma­sınadək bütün proseslər elmi baxımdan şərh edilir.

Kitabda həmçinin subtropik bitkilərin bioloji və ekoloji xüsusiyyətlərinin əsaslı surətdə öyrənilməsi, ekoloji amillərin və mühit şəraitinin, torpaqların bu bitkilər altında istifadəsi, torpaqlarda meliorativ tədbirlərin həyata keçirilməsi yolları öz əksini tapır.

Bununla yanaşı subtropik bitkilərinin suvarılması texnikası və rejimi, mineral gübrələrdən istifadə yolları göstərilir. Kitabda sitrus bitkilərinin əkini, becərilməsi, gübrələnməsi, suvarılması sahəsində aparılan təcrübələr müxtəlif cədvəllərdə öz əksini tapmışdır.

Kitabda həmçinin tədris proqramlarında nəzərdə tutulmuş laboratoriya-praktik məşğələlər izah edilir. Sitrusçuluqla məşğul olanlar laboratoria-praktik məşğələlər vasitəsilə öz biliklərini daha da zənginləşdirə bilərlər.

Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin qifi ilə təsdiq edilmiş «Subtropik bitkilər» kursu üzrə Proqram əsasında hazırlanmışdır.