
AMEA-da 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib. Gəncləri ölkənin gələcək inkişafının aparıcı qüvvəsi kimi dəyərləndirən dövlətimiz, onların intellektual potensialının üzə çıxarılması, milli və müasir dəyərlər əsasında yetişdirilməsi, cəmiyyətin sosial, iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi istiqamətində mühüm siyasət aparır. Gənc alimlərin uğurları yalnız onların şəxsi nailiyyəti deyil, eyni zamanda Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır. Bu fikirləri AMEA prezidenti akademik İsa Həbibbəyli səsləndirib. Akademik müsabiqənin qalibi olan gənclərə Azərbaycan Milli Elmlər Akademiyasının “İlin gənc alimi” mükafatını təqdim edib. Lənkəran Regional Elmi Mərkəzinin elmi işçisi Mirməhəmməd Babayev və başqaları çıxış edərək son illərdə AMEA-da gənclərə yaradılan imkanların daha da genişləndirildiyini, onların elmi inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını bildirib, AMEA rəhbərliyinin gənclərə həmişə yüksək diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıblar. Sonda akademik İsa Həbibbəyli 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc alim və mütəxəssisləri səmimi qəlbdən təbrik edib, gənclərin bilik və innovasiyaya əsaslanan uğurlarının ölkənin elmi inkişafına töhfə verəcəyinə inandığını bildirib. Bu yolda onlara yorulmaz əzmkarlıq, geniş perspektivlər və nailiyyətlər arzulayıb. Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, gənc alim və mütəxəssislər iştirak ediblər.