Arxiv
26.04.2024 | KONFRANSLAR, İCLASLAR
Lənkəran Regional Elmi Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş növbəti elmi seminar keçirilib

Aprelin 26-da AMEA Lənkəran Regional Elmi Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Naxçıvan və Cənub-şərqi Azərbaycanın orta əsr məzarüstü abidələri (daş qoç heykəlləri əsasında)” mövzusunda elmi seminar keçirilib.

  Lənkəran REM-nin direktoru Mehman Qaraxan oğlu Əliyev iştirakçıları salamladıqdan sonra “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamını seminar iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri-Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir.

 Sonra Naxçıvan televiziyasının sənədli filmlər və dublyaj redaksiyasının istehsal etdiyi “Qoç heykəllər” sənədli filmi nümayiş olunub.

  Mərkəzin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov müzakirə olunan mövzu ilə əlaqədar məruzə edərək qeyd edib ki, daş qoç heykəlləri orta əsrlərdə Azərbaycan ərazisində ən geniş yayılmış məzarüstü abidələr olmuşdur. Xüsusən bu heykəllərə XIV-XIX əsrlərdə Azərbaycanın müxtəlif bölgələrində təsadüf edilmişdir. Daş qoç heykəlləri haqqında ilk məlumatlara XIX əsrin bir çox müəlliflərinin əsərlərində rast gəlinmişdir. Qoç obrazı əsrlər boyu Azərbaycan ərazisində qəhrəmanlıq, cəsurluq simvolu kimi müxtəlif sənət nümunələrində öz əksini tapmışdır. Təsadüfi deyildir ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcud olduğu dövrdə isə qoç obrazı daşyonma sənətində əsas simvollardan birinə çevrilmişdir. Naxçıvan və Azərbaycanın Cənub-şərq bölgəsinin daş qoç heykəlləri arasında xeyli oxşar əlamətlər mövcuddur. Başlıca fərq isə Naxçıvandakı daş qoç heykəllərin kiçik ölçüdə hazırlanması və üzərində süjetli kompozisiyanın rast gəlinməsidir.

  Sonra AMEA Arxeologiya və Antropologiya İnstututunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə Zoom proqramı vasitəsilə seminara qoşulub, müzakirə olunan mövzunun aktuallığını vurğulayıb, mülahizələrini bölüşüb.  

  Sonda Samir Kərimov Mərkəzin əməkdaşlarından S.Hüseynova, C.Quliyev, S.Talıbov və M.Cəfərovu maraqlandıran sualları cavablandırıb. 

   Tədbiri yekunlaşdıran Mehman Qaraxan oğlu Əliyev iştirakçılara minnətdarlığını bildirib.