Arxiv
18.04.2024 | Görüşlər
AMEA Lənkəran Regional Elmi Mərkəzində yubiley tədbiri

Aprelin 18-də AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Hacı Şamil Oruc oğlu Quliyevin 70 yaşı tamam olub. Bu münasibətlə mərkəzdə yubiley tədbiri düzənlənib.

            Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev təbrik nitqində yubilyarın el ağsaqqalı kimi həm rayonda, həm də kollektivdə yüksək hörmətə, nüfuza malik olduğunu söyləyib, ona fəxri fərman və hədiyyə təqdim edib.

            Sonra mərkəzin əməkdaşı Fəranə Mikayılova Şamil Quliyevin  mənalı və şərəfli ömür yolu haqqında məlumat verib.

            Bildirilib ki, 18 aprel 1954-cü il tarixində Lənkəran rayonunun Port-İliç (indiki Liman) şəhərində sadə, zəhmətkeş ailədə dünyaya göz açan Ş.Quliyev Liman şəhər 1 saylı tam orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumunda, daha sonra Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib, 35 il daxili işlər orqanlarında qüsursuz xidmət edib və 2010-cu ildə kapitan rütbəsində ehtiyata buraxılıb. O, torpaq qeyrəti çəkən, Vətən sevgisi ilə yaşayan polis işçisi, xalqın mərd və cəsur oğlu kimi 1988-ci ildən başlayaraq dəfələrlə cəbhə bölgələrinin, ən qaynar nöqtələrinə ezam olunub. Şuşa, Xankəndi, Laçın, Qubadlı rayonlarının müdafiəsində yaxından iştirak edib. Sonuncu dəfə polis yoldaşları ilə 7 gün köməksiz vəziyyətdə mühasirədə qaldıqlarına baxmayaraq, ağır döyüşə girərək düşmən mühasirəsini yarıblar. Birinci Qarabağ müharibəsi veteranıdır. Asayişimizin keşiyində şərəflə və vicdanla dayandığı bu illər ərzində dəfələrlə Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanlarına layiq görülüb, I-II-III və usta dərəcələrini alıb, həmçinin Azərbaycan Polisinin yaranmasının 90 illiyi münasibətilə “Qüsursuz xidmətə görə” medalı, 65 illik yubileyində Lənkəran Ağsaqqallar Şurası və Respublika Veteranlar Təşkilatı adından “General Həzi Aslanov” yubiley medalı ilə təltif olunub.

            Daha sonra Respublika Ağsaqqallar Şurası adından  İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı, ehtiyatda olan general-mayor Araz Əhmədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Lənkəran şöbəsinin sədri Əlimərdan Əliyevin imzaladıqları təbriknamələr yubilyara təqdim olunub.

            Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova, ümumi işlər üzrə direktor müavini Namik Qasımov, elmi katib, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, əməkdaşlardan Aydan Qurbanova, Gözəl Əlizadə, Nəzrin Əlizadə, Ülviyyə Axundova, Sərraf Talıbov, İltifat Əhmədov, Rameş Kərimov, Nadir Paşayev, Afət Mirzəyeva yubilyarı təbrik edib, ən xoş arzularını söyləyiblər.

            Hacı Şamil Quliyev mərkəzin rəhbərliyinə, tədbir iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.

            Sonda xatirə şəkilləri çəkilib.