Arxiv
21.02.2024 | KONFRANSLAR, İCLASLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində seminar keçirilib

Fevralın 21-də AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “Müstəqillik dövrü nəsrimiz Azərbaycan Xalq Cümhuriyyəti dəyərlərinə qayıdış kontekstində (M.Ə.Rəsulzadə irsi üzərindən)” adlı seminar keçirilib. 

Seminarı Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova açaraq məruzə üçün sözü Lənkəran REM-nin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevə verib.

M.Əliyev seminarda iştirak edən Lənkəran Dövlət Universiteti və Lənkəran Tibb Kollecinin bir qrup tələbələrini salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncam barədə məlumat verib, seminarın təqvim planına uyğun olaraq keçirildiyini bildirib. 

Məruzəçi diqqətə çatdırıb ki, Azərbaycan xalqının canı, qanı bahasına əldə olunmuş müstəqilliyin əks-sədası, ilk növbədə, milli-mənəvi dəyərlərlə bəşəri ideyaların sintezindən yaranmış ədəbiyyatdan daha tez eşidilir. Lokal və qlobal müstəvidə baş verən proseslərə zamanında reaksiya verən söz sənəti bu cəhətdən incəsənətin heç bir növü ilə müqayisə edilə bilməz... 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra daxili və xarici siyasətdə bir çox həlli vacib olan məsələlər yenidən gündəmə gəldi. Müstəqillik dövrü nəsri, ilk növbədə, milli kimlik, özünüdərk və özünütanımanın yeni mərhələsi kimi diqqətçəkicidir. Bu məsələdə nəzəri-ideya baza rolunu Cümhuriyyət qurucularının siyasi-elmi-publisistik araşdırmalar və o cümlədən Məmməd Əmin Rəsulzadənin irsi ola bilərdi. O Rəsulzadə ki, üzünü gələcəyə, bizə tutub haray çəkirdi: “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Bala azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 Apreldə sovet propaqandaçıları (təbliğatçıları) bu qanlı istila hərəkatını sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sizdə sizə dünyanın ən azad və demokrat rejimi kimi qələmə verilən sovet quruluşu işdə qəddar və ən yalançı bir istibdad rejimidir.”

Məmməd Əmin Rəsulzadənin siyasi uzaqgörənliklə söylədiyi yuxarıdakı analitik fikirlərini 1991-ci ildən sonrakı dövrə də aid etmək olar. Zahirən elə bir fikir formalaşdırıb siyasi dövriyyəyə buraxdılar ki, guya bolşevik-sovet idarəçiliyi altında olan xalqlar həbsxanadan qurtuldular, guya “xalqlar həbsxanası” divarları çöküb yerlə-yeksan oldu. Əsl həqiqSəeətdə isə qorxu olan yerdə azadlıqdan söhbət gedə bilməz. Rusiya xofu bu gün də kabus kimi müstəqillik əldə etmiş xalqların başı üzərində dolaşır. İstila maşını bir an belə sönməyib.

Mehman Əliyev həmçinin Xalq yazıçısı Sabir Rüstəmxanlının “Göy Tanrı”, akademik Kamal Abdullanın “Unutmağa kimsə yox” və “Sehirbazlar dərəsi” romanları barədə mülahizələrini M.Ə.Rəsulzadə irsi üzərindən geniş təhlilə cəlb edib.

Məruzə ətrafında müzakirələrdə Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova M.Ə.Rəsulzadə irsinə qayıdışı soykökümüzə qayıdış kimi dəyərləndirib, Cümhuriyyət qurucusunun ədəbiyyatçı, publisist, jurnalist kimi fəaliyyətindən söz açıb.

Sonda LDU-nun və Lənkəran Tibb Kollecinin tələbələri ilə xatirə şəkli çəkilib.