Arxiv
16.02.2024 | KONFRANSLAR, İCLASLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurasının iclası keçirilib

Fevralın 16-da AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi Şurası yeni ildə ilk iclasını keçirib.

İclası giriş sözü ilə açan Lənkəran REM-nin direktoru, Elmi Şuranın sədri, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.

Gündəlik təsdiqlənəndən sonra Şuranın sədri yetərsayın olduğunu bildirib və iclas öz işinə başlayıb.

Təqvim planlarının təsdiqi barədə çıxış üçün söz Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynovaya verilib. O bu sahədə qarşıda duran vəzifələrdən danışıb, ayrı-ayrı müəlliflərin mövzuları haqqında rəy və mülahizələrini bildirib.

Sonra 2-ci və 3-cü məsələlər – AMEA-nın Rəyasət Heyətinin qərar və sərəncamlarının yerinə yetirilməsi və əmək intizamı haqqında Lənkəran REM-nin direktoru, Elmi Şuranın sədri, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevin çıxışı dinlənilib.

Natiq əvvəl Lənkəran REM-nin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərovun həmmüəllifi olduğu, ali məktəb tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulan “Numizmatika” kitabını iştirakçılara təqdim edib, müəllifə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb və kitabın yaxın günlərdə təqdimatının keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

M.Əliyev daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışından irəli gələn mühüm vəzifələrdən, yeni dövrün başlanmasından, dünyada gedən siyasi proseslərdən, 44 günlük Böyük Vətən müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan, şücaətlərdən, Lənkəran REM-nin əməkdaşı Mahsun Bağırzadənin həmin döyüşlərdə igidlik nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmasından və s. məsələlərdən ətraflı bəhs edib.

Elmi Şuranın sədri 2024-cü ilin tədbirlər planı ilə iclas iştirakçılarını tanış edib, ilboyu keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

Mehman Əliyev sonda AMEA-nın Direktorlar Şurasının 12 fevral tarixli iclasının qərarına əsasən kollektivdə əmək intizamına ciddi riayət edilməsinin vacibliyini xüsusi diqqətə çatdırıb, hamını buna əməl etməyə çağırıb.

M.Əliyev çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və AMEA-nın prezidenti cənab İsa Həbibbəylinin qarşımıza qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Mövzu ətrafında şura üzvlərindən Mayis Cəfərov, Samir Kərimov, İsaq Məmmədov, Sərraf Talıbov, Xalıqverdi Babayev, Leyla Məcidova, Cəmil Quliyev və mərkəzin əməkdaşlarından İltifat Əhmədov və Fəranə Mikayılova müzakirə olunan məsələlərlə bağlı rəy və mülahizələrini bildirib, təkliflərini söyləyiblər.

Lənkəran Regional Elmi Mərkəzinin Elmi şura iclasında müzakirə olunan hər üç məsələ ilə əlaqədar müvafiq qərarlar qəbul olunub.