Arxiv
13.02.2024 | KONFRANSLAR, İCLASLAR
“AZƏRBAYCAN MƏKTƏBİ” JURNALININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLDİ

Fevralın 9–də “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibətilə AMEA Lənkəran REM–də seminar keçirilib. Tədbiri mərkəzin direktoru F.ü.f.d. Mehman Əliyev açaraq jurnalın Azərbaycan məktəb tarixindəki əhəmiyyətli rolundan danışıb. Sonra mərkəzin əməkdaşlarından Sərraf Talıbov, İltifat Əhmədov, Gözəl Əlizadə, Ağamir Cavad jurnalın fəaliyyəti, tarixi və gələcək istiqamətləri barədə geniş məlumat verib, rəy və təkliflərini bildiriblər.

 Məlum olduğu kimi, “Azərbaycan məktəbi” jurnalında yer alan Təhsil idarəçiliyi, Təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi, Təhsil siyasəti, Kurikulum, Təhsil texnologiyaları, Pedaqogika, Təhsilin sosiologiyası, Təhsil tarixi, Xüsusi təhsil, Müəllim hazırlığı, Qiymətləndirmə və s. rubrikaların hər biri Azərbaycan təhsilində son dövrlər həyata keçirilən geniş miqyaslı islahatların nəticələrinin elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını, pedaqoji təhsilin məzmununu, pedaqoji kadr hazırlığının təşkilinə qoyulan tələblərin nəzərə alınmasını, ümumi təhsilin müəssisələrinin ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərin beynəlxalq qiymətləndirmədə mövcud vəziyyətini, eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarını işıqlandıran zəngin tədqiqat faktlarını əhatə edir.

Seminarda gedən müzakirələrdə elm və təhsil sahəsində gedən köklü dəyişiklikləri nəzərə alaraq qocaman nəşrin fəaliyyət dairəsinin daha da genişləndirilməsi, Azərbaycan məktəbi deyəndə təkcə ibtidai və ya ümumi orta məktəb yox, daha geniş kontekstdə düşünülməsinin vacibliyi qeyd edilib. Bu məqsədlə jurnalda ali məktəb təhsili, elmi istiqamətləri də özündə ehtiva edən “Tələbə sözü”, “Elm zirvəsində ilk addım-maqistr”, “Gənc alimlərimiz”, “Elm və təhsil” və s. bu kimi rubrikaların açılmasının jurnalın populyarlaşaması işinə ciddi töhfə verə biləcəyi bildirilib.

                                                                                                     

   AMEA Lənkəran Regional Elmi Mərkəzi