Arxiv
19.01.2024 | KONFRANSLAR, İCLASLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində “20 Yanvar Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda konfrans keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Quba Soyqırımı Memorial Kompleksi ilə birgə “20 Yanvar Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda Zoom platforması ilə konfrans keçirilib.

Konfransı giriş sözü ilə Lənkəran Regional Elmi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev açdıqdan sonra 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

M.Əliyev giriş nitqində bildirib ki, 34 il əvvəl – 20 yanvar 1990-cı ildə totalitar və avtoritar rejimin qəddar ordusu tərəfindən Azərbaycan xalqına qarşı misli görünməmiş qanlı bir cinayət törədildi. Bu həm də insanlığa qarşı törədilmiş ən vəhşi bir terror aktı idi. Bu faciədə 147 nəfər Azərbaycan vətəndaşı şəhid olmuş, 638 nəfər xəsarət almış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Öldürülənlər arasında 5 millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi. Amma biz bunu təkcə faciə kimi deyil, həm də Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq səhifəsi kimi qəbul edirik.

- Heç təsadüfi deyildir ki, 20 Yanvar azadlığa gedən yolumuzun əvvəli, ilk qəhrəmanlıq səhifəsidir, - M.Əliyev sözünə davam edərək deyib. - Həmin ilk səhifəyə yeni-yeni qızıl səhifələr əlavə edən Ali Baş Komandan İlham Əliyev Azərbaycanı iqtisadi və hərbi cəhətdən  elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. Ali Baş Komandanın aşağıdakı sözləri hər birimizin qəlbini iftixar hissi ilə doldurur:“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

Sonra məruzə və çıxışlar  dinlənilib.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev “20 Yanvar Moskvalı tələbənin xatirələrində”, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “25 Yanvar Neftçala hadisələri”, Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova “Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi-hüquqi qiymət”, Gəncə Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Gulara Əliyeva “20 Yanvar: Tarix yazmış qəhrəmanlar və unudulmağa məhkum satqınlar”, AMEA-nın Lənkəran REM-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova “20 Yanvar xalqın qan yaddaşıdır”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şasəddin Mikayılov  “20 Yanvar  Müstəqilliyə gedən yolun başlanğıcıdır”, AMEA-nın Lənkəran REM-nin mütəxəssisi İltifat Əhmədov “20 Yanvar hadisələri “Lənkəran” qəzetinin səhifələrində”, AMEA-nın Gəncə bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “20 Yanvar hadisələri və Gəncə”, AMEA-nın Şəki REM-nin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi, Şəki REM-nin Gənc alim və mütəxəssislər şurasının sədri Tural Adışirinov “20 Yanvar faciəsi bədii ədəbiyyatda” və Astara rayonunun Şiyəkəran kənd 2 saylı tam orta məktəbinin müəllimi Yunus Qulamov “20 Yanvar şəhidlərinin xatirəsinə qoyulan ilk abidə və yazılan ilk poema” mövzularında çıxış ediblər.

Natiqlər 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmasından, yalnız 1993-cü ilin iyun ayında xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin gərgin səyləri sayəsində bu hadisələrə siyasi və hüquqi qiymətin verilməsindən, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara faciənin əsl mahiyyətinin çatdırılmasından, bölgələrimizdə azadlıq hərəkatının vüsət almasından, zülmə boyun əyməyən vətənpərvər eloğullarımızın  vəhşiləşmiş sovet ordusunun qoşun bölmələrinə qarşı əliyalın, mərd mübarizəsindən,  2003-cü ildən sonra möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində 30 il erməni vandallarının tapdağı altında inildəyən, xarabazara çevrilən tarixi dədə-baba torpaqlarımızın rəşadətli Milli Ordunun  apardığı 44 günlük Vətən müharibəsi və  lokal antiterror əməliyyatı zamanı tamamilə azad edilməsindən, hazırda Qarabağda, Şuşada və Xankəndidə əzəmətli üçrəngli Azərbaycan Bayrağının dalğalanmasından, beləliklə, Ümummilli Lider Heydər Əliyevin arzularının çin olmasından ətraflı danışaraq rəy və mülahizələrini bölüşüb, təkliflərini söyləyiblər.

Konfransı yekunlaşdıran Lənkəran REM-nin direktoru Mehman Əliyev Quba Soyqırımı Memorial Kompleksinin rəhbərliyinə, çıxış edənlərin və iştirakçıların hər birinə və onların kollektivlərinə minnətdarlığını bildirib, gələcəkdə də belə tədbirlərin davamlı olması üçün əməkdaşlığın vacibliyini vurğulayıb.

 

 

                                                                     İltifat Əhmədov,

                                                  AMEA-nın Lənkəran REM-nin əməkdaşı