Arxiv
29.12.2023 | KONFRANSLAR, İCLASLAR
Lənkəran Regional Elmi Mərkəzində “Heydər Əliyev və Azərbaycanın maddi-mənəvi irsi” adlı konfrans keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (REM) Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın maddi-mənəvi irsi” adlı konfrans keçirilib.

Konfransı giriş sözü ilə Lənkəran REM-nin direktoru fil.ü.f.d Mehman Əliyev açıb. O, “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən çoxsaylı tədbirlərin Ulu Öndərin irsinin daha geniş şəkildə araşdırılması və gələcək nəsillərə çatdırılmasında böyük əhəmiyyət daşıdığını, görkəmli dövlət xadiminin bütün sahələrdə olduğu kimi elm sahəsində də müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb, mənəvi irsimizin qorunması, təbliği və inkişafında Ümummilli Lider Heydər Əliyevin danılmaz rolundan, ölkəmizdə yaradılan tolerant və multikultural dəyərlərin inkişafında misilsiz xidmətlərindən bəhs edib.

Sonra M.Əliyev konfransın moderatorluğunu Elmi işlər üzrə direktor müavini Sevinc Hüseynovaya həvalə edib. Konfrans ayrı-ayrı məruzələrlə işinə davam edib.

AMEA-nın Lənkəran REM-in aparıcı elmi işçisi t.ü.f.d. Samir Kərimov “Heydər Əliyev və Azərbaycanın maddi irsi”, Naxçıvan Bölməsinin Tarix, etnoqrafiya və arxeologiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri t.ü.f.d Toğrul Xəlilov “Ulu Öndər Heydər Əliyev və Naxçıvan arxeologiyası”, Lənkəran REM-in Elmi katibi t.ü.f.d. Cəmil Quliyev “Heydər Əliyev irsində islam dəyərləri”, Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin müdiri t.ü.f.d. Rahim Həsənov “Mədəni irs tariximizdə Heydər Əliyev siyasəti və varislik faktoru”, Lənkəran REM-in aparıcı elmi işçisi t.ü.f.d. Mayis Cəfərov “Heydər Əliyev siyasətinin təntənəsi - 44 günlük Zəfər yolu”, Lənkəran REM-in Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov “Heydər Əliyev və Dədə Qorqud dastanı” mövzularında məruzə ediblər.

Konfransı yekunlaşdıran Lənkəran REM-in direktoru fil.ü.f.d. Mehman Əliyev bir daha Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin bərpası və inkişafındakı xidmətlərinə toxunaraq bildirib ki, Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaq, onun həyat tərzi, dövlətçilik təcrübəsi, maddi-mənəvi irsimizə sonsuz sevgisi gələcək nəsillər üçün əsl örnək, məktəb olacaq. Ulu Öndərin siyasi varisi, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə şanlı qələbəmiz, nəhayət 30 ildən sonra ərazi bütövlüyümüzün bərpası Heydər Əliyev ideyalarının parlaq təntənəsdir. 

Sonda M.Əliyev konfrans iştirakçılarına fəal iştiraka görə minnətdarlığını bildirib və qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə iştirakçıları təbrik edərək hamıya uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.