Arxiv
23.12.2023 | KONFRANSLAR, İCLASLAR
Lənkəran Regional Elmi Mərkəzində Ziya Bünyadovun 100 illiyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində (REM) görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Xəbər24.medianın məlumatına görə, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev bildirib ki, 2023-cü ilin dekabr ayında akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 ili tamam olur. Zəngin elmi yaradıcılıq yolu keçən Z. Bünyadov respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf etmiş fədakar alimlərdən olub. Onun akademik Vasim Məmmədəliyevlə birgə Azərbaycan dilinə tərcümə etdiyi müqəddəs “Qurani-Kərim” bu gün öz mükəmməlliyi ilə seçilir.

Sonra “Tarix və ədəbiyyat” şöbəsinin müdiri Sərraf Talıbovun, aparıcı elmi işçilərdən t.ü.f.d. Samir Kərimovun, t.ü.f.d. Mayis Cəfərovun, Ağamir Cavadın, elmi katib, t.ü.f.d. Cəmil Quliyevin və baş kitabxanaçı Fəranə Fikrətin çıxışları dinlənilib.

Çıxışlarda Z.Bünyadovun ictimai və elmi fəaliyyətindən geniş söz açılıb, alimin tariximizin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlarından, orta əsrlərə aid mənbələrin araşdırılması və tərcüməsi sahəsində fəaliyyətindən geniş danışılıb.

Sonda Lənkəran REM-nin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Sevinc Hüseynova tədbiri yekunlaşdıraraq görkəmli şəxsiyyətin, vətənpərvər alimin respublikamızda tarix elminə verdiyi töhfələrdən və yeni tarixçilər nəslinin formalaşmasında xidmətlərindən bəhs edib, onunla bağlı xatirələrini söyləyib.