Arxiv
18.12.2023 | KONFRANSLAR, İCLASLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şura iclası keçirilib. Elmi şura öz işinə vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin, eləcə də mərkəzin əməkdaşı şəhid Mahsun Bağırzadənin və mərkəzin direktoru mərhum professor Fərman Quliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İclasın gündəliyi təsdiqlənəndən sonra məsələlərin müzakirəsinə başlanılıb. AMEA Lənkəran REM-nin direktoru, Elmi şuranın sədri f.ü.f.d. Mehman Əliyev ilk olaraq yetərsayın olduğunu bildirib və mərkəzin Elmi şurasına yeni üzvlərinin təsdiq olunmasını müzakirəyə çıxarıb. Mərkəzin Elmi katibi t.ü.f.d. Cəmil Quliyev, mərkəzin elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Həsənzadə, LDU-nun dosenti, f.ü.f.d. Əlirza Əliyev, LDU-nun dosenti, t.ü.f.d. Emin Məlikov, Lənkəran tarix-diyarşunaslıq muzeyinin direktoru, LDU-nun baş müəllimi t.ü.f.d. Leyla Məcidova və mərkəzin elmi işçisi İsaq Məmmədov yekdil səslə Elmi şuranın üzvü seçiliblər.

Sonra Lənkəran REM-nin qarşısında duran yeni vəzifələr haqqında mərkəzin Elmi işlər üzrə direktor müavini dos. Sevinc Hüseynova məlumat verərək bu istiqamətdə tədqiq olunacaq işləri diqqətə çatdırıb. Gündəlikdə duran 3-cü məsələ f.ü.f.d Mehman Qaraxan oğlunun “Yatmış mələkləri oyatmayın” adlı kitabının müzakirəsi olub. Müzakirələrdə mərkəzin aparıcı elmi işçiləri t.ü.f.d. Samir Kərimov və t.ü.f.d. Mayis Cəfərov, “Tarix və ədəbiyyat” şöbəsinin müdiri Sərraf Talıbov öz fikirlərini bildirərək kitabın çap olunmasını tövsiyə ediblər.

Direktor müavini b.ü.f.d. dos. S.Hüseynova Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı elmi mərkəzdə keçiriləcək konfransdan söz açaraq bildirib ki, mövzunun “Heydər Əliyev və Azərbaycanın maddi, mənəvi irsi”nə həsr edilməsi təsadüfi deyil, Ulu Öndərin bu sahəyə olan böyük diqqət və qayğısı ilə bağlıdır. Konfrans dekabrın 28-nə təyin edildi və bununla əlaqədar bir sıra əməli tapşırıqlar verildi. Cari məsələlərin müzakirəsində direktor f.ü.f.d. M.Əliyev əlavə edərək bildirib ki, mərkəzimizdə “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi adına” kitabxana fəaliyyətə başlayacaq və yaxın günlərdə açılması planlaşdırılır. Kitabxanaya Mütəxəssis Fəranə Mikayılova baş kitabxanaçı təyin edilib. Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə şura üzvlərini təbrik etmək üçün söz mərkəzin elmi katibi, t.ü.f.d. Cəmil Quliyevə verilib. Şuranın elmi katibi çıxışında bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil edib. Heydər Əliyevin təşəbbüsü ilə 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" tarixi qərarı qəbul edib. Bu günün təsis edilməsi birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün hər bir azərbaycanlı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaqdır.

Sonda Lənkəran REM-nin üç əməkdaşı - dos. S.Hüseynova, dos. X.Babayev və t.ü.f.d. S.Kərimov il ərzində məhsuldar elmi fəaliyyətlərinə görə Fəxri fərman və pul mükafatı ilə mükafatlandırıldı.

AMEA-nın Lənkəran REM-nin Elmi şura iclasında bir sıra digər məsələlər də nəzərdən keçirilib və müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.