Arxiv
22.05.2023 | KONFRANSLAR, İCLASLAR
Lənkəran Regional Elmi Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Lənkəran Regional Elmi Mərkəzində (LREM) AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə birgə elmi seminar keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub.

Sonra LREM-in iclas zalında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov geniş məruzə edib. O, Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyət kimi çoxşaxəli fəaliyyətindən, onun ölkəmizin inkişafında gördüyü böyük işlərdən danışıb. Bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində ilboyu regionlara səfərlər edəcək, Ulu Öndərlə bağlı silsilə tədbirlər keçirəcəklər. Qeyd edib ki, müdrik şəxsiyyət Heydər Əliyevin digər sahələrdə olduğu kimi arxeologiya, etnoqrafiya və antropologiya sahəsinin inkişafında da misilsiz xidmətləri olub. Buna görə dahi rəhbərin elmi, mədəni, siyasi irsinin öyrənilməsi hamımızın müqəddəs borcu olmalıdır.

Daha sonra LREM-in direktoru, professor Fərman Quliyev çıxışında Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982 illərdəki dövrü ölkəmizin intibah dövrü olub. Lənkəran da öz çiçəklənmə dövrünü yaşayıb. Onun sözlərinə görə, məhz Heydər Əliyevin qayğısı nəticəsində 200 min tona yaxın tərəvəz istehsal edərək keçmiş ittifaqın 900-dən çox şəhərinə yola salınırdı. Çayçılıq özünün ən yüksək inkişafına çatmışdı. İldə 16 min tona yaxın yaşıl çay yarpağı istehsalı olunurdu.

Dahi rəhbərin təşəbbüsü ilə iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafı təmin olunurdu. Lənkəran zonasında kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, torpaqları suvarma suyu ilə təmin etmək məqsədilə 1976-cı ildə Yuxarı Xanbulançay su təsərrüfatı kompleksi tikilib istifadəyə verilmişdi. Təsadüfü deyil ki, lənkəranlılar Heydər Əliyevin hakimiyyətdə olduğu dövrü Lənkəranın “Qızıl dövrü” adlandırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.