Arxiv
10.05.2023 | KONFRANSLAR, İCLASLAR
Lənkəran Regional Elmi Mərkəzində “Heydər Əliyev və Azərbaycanda çayçılığın inkişafı” mövzusunda elmi seminar keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) növbəti elmi seminar keçirilib.

“Heydər Əliyev və Azərbaycanda çayçılığın inkişafı” mövzusunda keçirilən elmi seminarı LREM-in direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev açaraq Heydər Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin yaranmasında, kənd təsərrüfatının, xüsusən də çayçılığın inkişafında misilsiz xidmətləri barədə geniş məruzə edib. O, Azərbaycanda çayçılığın inkişaf tarixi, Heydər Əliyev və Azərbaycan çayçılığı, çayçılığın iqtisadi səmərəliliyi, Azərbaycanda çayçılığın inkişaf perspektivləri, çayçılıq problemlərinin həlli yolları, müasir dövrdə çayçılığın vəziyyəti və inkişafında Dövlət Proqramının rolu və digər məsələlərə aydınlıq gətirib.

F.Quliyev bildirib ki, çay bitkisi ilk dəfə Azərbaycana XIX əsrin sonlarında gətirilib, 30-cu illərdə ilk təsərrüfatlar, ilk çay zavodu Lənkəranda tikilib, bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Enişli-yoxuşlu bir inkişaf yolu keçən çayçılıq yalnız Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra əsl çiçəklənmə dövrünü  yaşayıb. Professor F.Quliyev daha sonra vurğulayıb ki, 1970-82-ci illərdə ölkədə çayın həm maddi, həm də texniki bazası yaradılıb. O zaman yerli çay mütəxəssisləri hazırlanır və hər il 10-12 nəfər xaricə təhsil almağa göndərilirdi. Bu illərdə istifadəyə verilmiş Astarada “Lovain”, Lənkəranda “Xanbulançay”, Masallıda “Viləşçay” kimi dəryaçalar çayçılığın inkişafında əvəzsiz rol oynayıb. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilib və çayın istehsalı 26 min tona çatıb. Bu dövdə 14 çay emalı və 2 çayçəkici və bükücü fabriki istifadəyə verilib. Bu müəssisələrdə minlərlə işçi çalışırdı. Azərbaycanda yerli çayın istehsalı 1980-ci illərin ortalarında maksimuma çatıb. Həmin vaxt 8,6 min ton quru çay istehsal edilib, çay sahələri isə 13,4 min hektara çatdırılıb. Bununla da ildə 45 min ton yaşıl çay yarpağının emal olunması üçün imkan yaradılıb.

Seminarda LREM-in direktor müavini b.ü.f.d., dosent Sevinc Hüseynova, aparıcı elmi işçi, t.ü.f.d. Mayis Cəfərov, Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov, Maliyyə və mühasibat şöbəsinin müdiri Hasil Əskərov və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra xalq təsərrüfatının bütün sahələrində, o cümlədən aqrar, sənaye, elm və mədəniyyət sahələrinin inkişafında intibah mərhələsi başlandığını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.