Archive
28.08.2020 | IMPORTANT EVENTS
AMEA-nın akademik-katibi Lənkəran Regional Elmi Mərkəzində görülən işlərlə tanış olub

Avqustun 28-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi,       AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində olub və burada həyata keçirilən elmi, elmi-təşkilati və təsərrüfat işlərinin gedişi ilə yaxından maraqlanıb. SİA-nın məlumatına görə, Mərkəzin direktoru, professor Fərman Quliyev son illər Mərkəzdə aparılan elmi-tədqiqat işlərinin istiqamətləri, əldə edilən elmi nəticələrin istehsalata tətbiqi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. O, qeyd edb ki, son illər Mərkəz tərəfindən 4 yeni çay sortu yaradılaraq rayonlaşdırılıb, 1 limon və 1 naringi sortu sınaqlar üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edilib. Həmçinin ölkəmiz üçün yeni bir meyvənin -- tropik-subtropik quayavanın rayonlaşdırılması istiqamətində tədqiqatlar davam etdirilir.   

Sonra  AMEA-nın müxbir üzvü Ə.Sadıqov Mərkəzin təcrübə sahəsində görülən işlərlə əyani surətdə tanış olub. Professor F.Quliyev burada yeni çay və sitrus sortlarından ibarət  plantasiya, bitkilərin çiling üsulu ilə artırılması üçün yaradılan dumanyaradıcı qurğu, yeni çay sortlarından ibarət anaclıq çay sahəsi, tropik alması adlandırılan quayava bitkisinin artırılması üçün görülən işlərdən ətraflı danışıb.

AMEA-nın akademik-katibi Əminağa Sadıqov professor Fərman Quliyevin rəhbərliyi ilə Lənkəran REM-də qısa zaman ərzində yeni çay və sitrus meyvə sortlarının yaradılması və istehsalata tətbiqi sahəsində aparılan elmi-tədqiqat və təcrübə-sınaq işlərinin təqdirəlayiq hal olduğunu, bu işlərin ölkəmizdə çayçılığın və sitrus meyvəçiliyinin inkişafına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının yerinə yetirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, AMEA Rəyasət Heyətinin və AMEA-nın Biologiya və Tibb elmləri Bölməsinin Lənkəran Regional Elmi Mərkəzində aparılan elmi-tədqiqat işlərinə böyük önəm verdiklərini vurğulayaraq, bundan sonra da  AMEA rəhbərliyi tərəfindən bu işlərin həyata keçirilməsi üçün Mərkəzə hərtərəfli dəstək veriləcəyini bildirib.